"Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, 20 yanvar faciəsi baş verməyə bilərdi" - TARİXÇİ AÇIQLADI
“20 yanvar hadisəsi baş verən zaman respublikanın rəhbərliyində Heydər Əliyev olsaydı baş verməyə bilərdi. Bütövlükdə götürəndə imperiyanın 1985-ci ildən başlayaraq həyata keçirdiyi siyasət bilavasitə belə bir təcavüzün, xalqımıza qarşı törədilən cinayətin baş verməsinə səbəb oldu. Çünki yeridilən milli siyasət, xüsusilə türk-müsəlman respublikalarına SSRİ rəhbərliyinin, ilk növbədə Qorbaçovun münasibəti insani münasibət deyildi. SSRİ hakimiyyəti dövründə ermənilərin nə tarixi nə də hüquqi əsası olan iddiaları imperiya rəhbərliyi tərəfindən müdafiə olundu”. Bunu SİA-ya açıqlamasında tarixçin Cəbi Bəhramov deyib.
Onun sözlərinə görə, onlar bilirdi ki, qarşılarındakı ən böyük maneə Heydər Əliyevdir: “1987-ci ildə Heydər Əliyev vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər tərəfindən açıq şəkildə ideoloji təcavüzə başlandı və bu SSRİ rəhbərliyi tərəfindən müdafiə olundu. Ona görə də Azərbaycan xalqı sözün əsl mənasında ərazilərinin qorunması üçün mübarizəyə qalxdı. SSRİ-nin süqutunu gətirən də 20 Yanvar hadisəsi oldu. SSRİ deyilən dövlət konkret olaraq Azərbaycan xalqına olan münasibətində özünü büruzə verdi. Ondan sonrakı dövrə baxanda 1991-ci il dekabrın sonuna qədər qalan SSRİ-nin formal surətdə mövcudluğu idi. Amma 20 Yanvarda bu imperiya öz ölüm hökmünü imzaladı”.
C.Bəhramov bildirib ki, 1918-ci ildə Şaumyanı, ona qoşulan daşnak dəstələri Sovet Rusiyası silahlandırmışdı. Sovet Rusiyasını quran rus millətinin nümayəndələri deyildi: “Nə Lenin nə də onun ətrafındakılar rus idi. Ona görə də 1990-cı ildə edilən təcavüz 1918-ci il mart soyqırımının davamı idi. 1920-ci ildə Azərbaycan işğal edildikdən sonra Azərbaycanda 48 min nəfəri qırmaqla bərabər 1920-1921-ci illərdə Azərbaycanın tarixi torpağı olan Zəngəzurun qərb hissəsini Azərbaycan xalqının razılığı olmadan Ermənistan deyilən qondarma qurumun tərkibinə verildi. 1926-1929-cu illlərdə də əlavə olaraq Göyçə gölü və ətrafındakı torpaqlar bütövlükdə sahəsi 20.8 min kv kilometr ərazi yeni Azərbaycan xalqının razılığı olmadan, onun legitimlik hüququ pozularaq Ermənistan SSR tərkibinə verildi. Bu hüququn pozulması ilə bərabər Azərbaycan xalqına qarşı bütün istiqamətlərdə cinayət idi. Əhalinin kütləvi şəkildə deportasiya edilməsi, etnik təmizləməyə məruz qalması, öldürülməsi deportasiya və soyqırım cinayətinin tərkib hissəsidir. Ona görə də 1988-ci ildə bu cinayətə əl ataraq Qərbi Azərbaycandan 200 mindən çox insanımız noyabrın 23-dən başlayaraq dekabrın 7,10-a qədər bütün ərazilərdən təmizləndi. Etnik təmizləmə deportasiyanın tərkib hissəsidir, cinayətdir. Azərbaycan xalqının etirazı ona gəlib çatdı ki, 1990-cı ildə xalqı susdurmaq üçün Bakıya hərbi qoşun hissələri yeridildi və dinc əhaliyə divan tutuldu”.
Müsahibimiz sonda qeyd edib ki, əgər o zaman Azərbaycan SSR rəhbərliyində Azərbaycan xalqının dərdini bilən, onun gələcəyini düşünən insan olsaydı faciə baş verməyə bilərdi: “O insan var idi, Moskvada təcrid halında yaşayırdı. Azərbaycan rəhbərliyində olanlar isə manqurt kürdlərin nümayəndələri idi. Ona görə də o hadisə baş verməyə bilərdi, Heydər Əliyev Azərbaycanda olsaydı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB