"Prezident İlham Əliyev çox maraqlı nüanslara toxundu" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyev çox maraqlı nüanslara toxundu" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyevin 2024-cü il 10 yanvar tarixində Azərbaycan televiziyasına, jurnalistlərə verdiyi müsahibə çox əhatəli idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Prezident təsadüfən müsahibələr vermir: "Həmişə atılacaq addımlardan əvvəl siyasi qərarın tezislərini ictimaiyyətə çatdırır. Üç istiqamətdə mesaj var idi: Azərbaycan xalqına, Ermənistan rəhbərinə, erməni xalqına, Ermənistanı himayə edən beynəlxalq təşkilatlara mesaj var idi. Prezidentin açıqlaması Azərbaycan xalqına çox maraq kəsb etdi. Respublikamızda olan sosial vəziyyətlə bağlı, işğaldan azad edilmiş torpaqlara qayıdış barədə geniş açıqlamalar oldu. Xalqa siyasi mesajı da var idi.

Qeyd edir ki, 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında idi. Xalq bu işğalla barışmadı və torpaqları azad etmək üçün mübarizə apardı. Torpaqlar işğaldan azad edildikdən sonra da xalq sakitləşməməlidir. Azərbaycan 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatından sonra öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bu gündən sonra yeni hədəflər müəyyən edilməlidir. Prezident bu hədəfləri müəyyən etdi. Eyni zamanda xalqa mesaj verdi ki, biz tarixlə yaşamamalı, tarixi uğurumuzla kifayətlənməməliyik. Kifayətlənsək, passivləşərik və yeni hədəflərə çatmağa mane ola bilər. Bu, ictimaiyyət tərəfindən maraqla qarşılandı. Hədəflər haqqında müxtəlif düşüncələr var. Hesab edirəm ki, bu hədəflər Azərbaycanın suverenliyini qorumaqla yanaşı sərhədlərimizin müəyyən edilməsi və dəqiqləşdirilməsi ilə əlaqədar olan məsələlərdir".

Ekspert bildirib ki, Azərbaycan xalqı 1918-ci ilin varisidir, həmin ildə Azərbaycanın 114 min kvadrat km ərazisi var idi: "Azərbaycan xalqı tarixi ədalətsizliyin bərpası üçün düşünməlidir. 1988-ci ildə Ermənistandan qovulan yüz minlərlə soydaşlarımızın geri qayıtması bizim hədəfimiz olmalıdır. Ümumilikdə Azərbaycanın regional gücdən qlobal gücə çevrilməsi üçün bir ittifaq halına gəlməliyik. Türk dövlətləri fonunda Turan ittifaqının yaradılması bizim hədəfimiz olmalıdır. Prezident açıq deməsə də, sətiraltı ifadələrlə bu səpkidə hədəflərini cəmiyyətə çatdırmaq istəyir. Fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanın yeni iqtisadi, siyasi, hərbi doktrinası, yeni hədəflər müəyyən ediləcək. Qarşıdan gələn növbədənkənar prezident seçkiləri də buna uyğun hesablanıb. Azərbaycan xalqını yeni hədəflərə aparacaq siyasi qüvvələr yaranmalıdır. Seçki ilə əlaqədar açıqlama verən Prezident çox maraqlı nüanslara toxundu".

"Qərbdən Azərbaycana qarşı siyasi təzyiqlər var. Qərbin qondarma ittihamları ilə, guya, Azərbaycanda insan haqları, söz azadlığı, din azadlığının pozulması kimi qərəzli məlumatlar verilir. Bu qərəzli məlumatların aradan qaldırılması üçün fevralda seçkilərin demokratik və şəffaf keçirilməsi ilə qərbin bu arqumenti aradan qaldırılacaq. Tək Azərbaycanda deyil, erməni ictimaiyyətində də sensasiyaya səbəb oldu. Çünki erməni ekspertləri, siyasi xadimləri bu açıqlamaları təhlil etməkdədirlər. Prezidentin açıqlaması beynəlxalq ictimaiyyətdə də rezonansa səbəb olub. Müsahibə cəmiyyətdə müsbət qarşılanıb, səslənən fikirlər xalqın ürəyindən gələn sözlərdir. Fevral ayında keçiriləcək prezident seçkilərindən sonra xalqın qarşıda duran hədəfləri elan ediləcək" - deyə o, bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə