“Dəmir yumruq” birliyimizin rəmzinə çevrilib

“Dəmir yumruq” birliyimizin rəmzinə çevrilib

Son üç ildə tarixi Zəfərimizin yaratdığı reallıqları qürurla qeyd edirik. 2022-ci ilin 22 aprel tarixində Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşa Dünya Azərbaycanlılarının V Qurultayına – Zəfər Qurultayına şahidlik etdi. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsinin və qonağın iştirak etdiyi Zəfər Qurultayı bir daha birliyimizi, həmrəyliyimizi dünyaya nümayiş etdirdi. Şuşadan dünyaya çatdırılan bu birlik istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə həqiqətlərimizin təbliğində öz sözünü dedi və bu gün də deyir. SİA xəbər verir ki, bu fikirlər İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin Zəfər Qurultayı ilə bağlı münasibətində qeyd olunub.

O da bildirilib ki, Ümummilli Lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinə, diaspor quruculuğuna xüsusi diqqət göstərmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə əsas məsələlərdən olub.

Münasibətdə qeyd edilib ki, son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu birliyin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə bu birlik, həmrəylik özünü daha aydın şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” birliyimizin, həmrəyliyimizin rəmzinə çevrildi. Hesabat xarakteri daşıyan Zəfər Qurultayında keçilən yola nəzər salınaraq qarşıdakı dövrdə dünya azərbaycanlılarının qarşısında dayanan vəzifələr müzakirə edildi, hədəflər müəyyənləşdi. Dövlət başçısı İlham Əliyev Zəfər Qurultayındakı çıxışında bir daha bu çağırışı etdi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”.

Bütün xəbərlər Facebook səhifəmizdə