"Azərbaycan Prezidentinin bəyanatı formal xarakter daşımır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"Azərbaycan Prezidentinin bəyanatı formal xarakter daşımır" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Cənab İlham Əliyevin ötən gün yerli televiziya kanallarına müsahibəsi 2022-ci ildən etibarən ənənə halını almış, ilin əvvəlində reallaşan və proseslərin inkişafı istiqamətində yol xəritəsi rolu oynayan müsahibəsinin builki ritorikası əvvəlki dövrlərdən kifayət qədər fərqli oldu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ölkənin ərazi bütövlüyü, suveren haqları, bütün ərazilərində konstitusiya quruluşunun tam bərqərar olunması şəraitində reallaşan müsahibənin bütün aspektlərində Azərbaycanın Zəfərindən doğan gücün və imkanın inikası aydın sezilirdi: “Xüsusən mümkün xarici təhdidlərlə bağlı dövlət başçısının aydın mövqeyi indiki həssas məqamda milli mənafelərin müdafiəsi baxımdan müstəsna əhəmiyyətə malik oldu. Hər kəs, o cümlədən real təhdidin aləti kimi çıxış edən Ermənistan və real təhdidin subyekti olan Ermənistanın havadarlarına aydındır ki, Azərbaycan Prezidentinin bəyanatı formal xarakter daşımır. Eyni xəbərdarlığı Azərbaycan Lideri 4 il öncə də etmişdi və nəticə həm Ermənistanın, həm də havadarlarının öncə hərb meydanında, ardınca başda BMT Təhlükəsizlik Şurası olmaqla, beynəlxalq platformalarda məğlubiyyətlər seriyası ilə nəticələnmişdi. Amma görünən odur ki, təcavüzkarların fiziki olaraq imkanları tükünsə də, zehinsəl mahiyyət dəyişmir və Fransanın timsalında bir sıra beynəlxalq subyektlər Ermənistanı silahlandırmaqla situasiyanı dəyişməyə cəhd edirlər. Təbii ki, Azərbaycan prosesləri diqqətlə izləyir və cənab İlham Əliyev də açıq şəkildə həm deyir, həm də göstərir ki, biz bütün variantlara hazırıq. Müsahibədə də ifadə olunduğu kimi, “Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik”.

B.Məhərrəmov bildirib ki, Azərbaycan bu niyyətini dolayısı ilə yox, birbaşa, gizlətmədən, açıq mətnlə ifadə edir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi, habelə sənədin 51-ci maddəsi Azərbaycana tam haqq verir ki, özünə yönəli təhdidləri tək, yaxud kollektiv formada aradan qaldırsın: “Bu, Azərbaycanın beynəlxalq normalarda əksini tapan suveren hüququdur və Bakının bu bəyanatını mübahisələndirmək özlüyündə BMT Nizamnaməsi və təşkilatın məqsəd və prinsiplərini mübahisələndirmək deməkdir. Üstəlik, Azərbaycan təhdid dedikdə, real hücum faktına yox, ehtimal olunan təhdidlərə də fokuslanır və təhdidlərdən qorunmaq üçün şərti düşmənin hücum aktını gözləmək niyyətində deyil. Dövlət başçısının da ifadə etdiyi kimi, “real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”. Yəni cənab İlham Əliyevin yaratdığı geosiyasi dividentlər, Azərbaycanın hərbi-siyasi güc kimi özünütəsdiqi Bakıya imkan verir ki, preventiv məqsədlərlə hərəkət edərək, təhdid aktivləşmədən, məkanından asılı olmayaraq onu zərərsizləşdirsin. Sirr deyil ki, Fransanın timsalında bir sıra dairələr müxtəlif uydurmalar və fantastik hücum ehtimalları ilə Azərbaycana qarşı informasiya-səlib yürüşünə başlayaraq Bakını yeni qarşıdurmaya cəlb etməyə çalışır. Lakin ötən ayın əvvəllərində Fransa casus şəbəkəsini fiaskoya uğratmaqla Azərbaycan bir neçə addım öndə olduğunu göstərdi və cənab Prezidentin də müsahibədə ifadə etdiyi kimi, biz “Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları” ilə real təhdid arasında fərqləri müəyyən edə bilirik. “Əlbəttə, Azərbaycan yeni bir münaqişə arzulamır və cənab İlham Əliyev də bəyan etdi ki, “əlimdən gələni edəcəyəm ki, müharibə olmasın”. Lakin haqqımızı, yaranan yeni reallıqları qorumaq və daha da dərinləşdirmək üçün Azərbaycan məhz beynəlxalq hüquqa, özünün haqlı olmasından doğan gücünə güvənərək bütün addımları atmağa hazırdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə