"Ermənistan hər zaman isti qucaq axtarışındadır" - ŞƏRH EDİLDİ

"Ermənistan hər zaman isti qucaq axtarışındadır" - ŞƏRH EDİLDİ

"Nikol Paşinyan və komandası, hakimiyyətə sahibləndikləri ilk gündən, himayədarları tərəfindən onlara verilən təlimatlara uyğun addımlar ataraq, Ermənistanı bir dövlət olaraq, tarixi Azərbaycan ərazilərində formalaşdıran, Cənubi Qafqazda erməni etnik kimliyinin mövcudlğunu təmin edən Rusiyanın təsir dairəsindən uzaqlaşmağa çalışır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Paşinyanın baş nazir seçiləndən dərhal sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ünvanına ittihamlar səsləndirməsi, sözügedən təsisatın baş katibini həbs etdirməsi də bunun sübutudur: "44 günlük müharibədən sonra isə Ermənistanın Rusiyaya qarşı daha sərt ritorikadan istifadə etdiyinə, anti-Rusiya əhval-ruhiyyəsini körüklədiyinə şahidlik edirik. Ermənsitan bir tərəfdən Rusiyanın dominant rol aldığı Avrasiya İqtisadi İttifaqının imkanları, həmçinin Rusiyadan köçürülən pullar hesabına öz sosial-iqtisadi problemlərini həll edir, digər tərəfdən Rusiyaya qarşı kollektiv Qərbin həyata keçirdiyi siyasətin ön sıralarında yer alır".

E.Mirzəbəyli qeyd edib ki, bu baxımdan, Almaniyanın Ermənistana Rusiyaya qarşı çıxış etməsinin qarşılığında maliyyə yardımı ayıracağı ilə bağlı xəbərlər təəccüblü və yeni deyil: "Ermənsitan artıq 5 ildir ki, bu vəsaitləri Almaniya və Fransa da daxil olmaqla bir sıra Qərb ölkələrindən alır və onların sifarişlərinin yerinə yetirilməsi məqsədilə destruktiv siyasətini davam etdirir".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə