"COP29 tədbiri ölkəmizin tarixində bənzərsiz hadisəyə çevriləcək" - MÜNASİBƏT BİLDİRİLDİ
"COP29 tədbirinin beynəlxalq miqyasda qlobal əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, bu, dünyəvi hərəkatdır: "Dünya əhalisi artır, hər zaman təbii nemətlər başqa silsilə ilə, insanların artımı isə ayrı qanunauyğunluq üzrə getdiyindən burada hər zaman balans axtarışları mövcuddur. Təəssüf olsun ki, dünyada siyası liderlər bu formulu, sualı, dilemmanı çözmək üçün sərt metodlara əl atıblar. Bunlar da insanlıq üçün ağır nəticələr doğurub. Təbii nemətləri qoruyub saxlamaq, sərvətlərə gələcək nəsillərin də nəzərindən yanaşmaq, yeraltı karbohidrogen ehtiyatlarının dünyada yaratdığı, qlobal istiləşmə, karbonoksidinin ekoloji həyat üçün təhlükələri fonunda beynəlxalq platforma yaradılıb.
İstənilən dövlət bu tədbirə ev sahibliyi etməyə çalışır. Çünki yüzlərlə əhəmiyyətini görür. Birinci, şərq ölkəsi olaraq Azərbaycanda neftin kəşfindən etibarən bu resurs dominantlıq edib. Bütün sahələrdə: iqtisadiyyat, siyasət, idarəetmə, məişətdə aparıcı olub. Dünyada neft sendromu, holland sendromu, digər terminlər meydana gəlib. Azərbaycan dövləti bərpa olunan enerji mənbələrinin geniş tətbiqi və gələcəkdə onun ixracı üzərində mühüm layihələr həyata keçirir. Bu, özlüyündə COP29-un strategiyasına uyğun addımlardır. İşin beynəlxalq əhəmiyyətini deyəndə yüzlərlə dövlət başçısının Azərbaycana gəlməsi siyasi, milli, regional və beynəlxalq hadisədir. Hətta Qoşulmama Hərəkatı baxmayaraq ki, Azərbaycanın regional, beynəlxalq təhlükəsizlik siyasətində mühüm alternativdir, o belə COP29-la bir sıra məsələlərdə rəqabət apara bilməz. Ona görə ki, bu dövlətlərin məsələyə yanaşması siyasi məşqlər üzərindən qurulmur".
"Ekoloji məsələlərə ümumi münasibət odur ki, bəşəriyyətdə sərvətləri qoruyub saxlasınlar. Çünki 8 milyarddan çox insan yaşayır. Dünyasa heç vaxt bu qədər əhali olmayıb. Biz mütləq elə qərarlar imzalamalıyıq ki, resurs dayanıqlılığını təmin edə bilək. Keçmiş sovet məkanında Azərbaycan bu tədbirin keçirildiyi ilk ölkədir. Bu, dövlətimizin indiyə qədər yürütdüyü siyasəti ilə səsləşir. Multikultural dəyərlər, çoxmədəniyyətlilik, humanitar forumlar, sivilizasiyalararası dialoq çox önəmli məsələlərdir. Təcrid olunmuş qaydada biz Qarabağ məsələsi üzərinə gedə bilməzdik. Bu, haqq səsimizin eşidilməsini çətinləşdirərdi, tərəfdarlarımızın çoxalmasına mane olardı, müharibə apardığımızda nəticələri tanınmazdı. COP29 bunun nida işarəsidir. Millətimiz də əmin olacaq ki, bu, nə dərəcədə misilsiz tədbirdir" - deyə deputat bildirib.
O, sözlərinə əlavə edərək deyib ki, digər tərəfdən qlobal şirkətlərin Azərbaycana gəlişi var: "Partnyor qurumlarla əməkdaşlıq sazişlərinin aparılması, beyin mərkəzləri, siyasi institutlar, müxtəlif ictimai hərəkatların iştirakı, media quruluşları, on günlərlə keçirilən bu tədbirdə 80 minin üzərində xarici heyət təmsilçiləri gözlənilirsə, Azərbaycanın iqtisadi, sosial, siyasi həyatında əhatə etmədiyi sektor qalmayacaq. Biz işğal dövründə yaşayanda, hər addımda Qarabağ, itirilmiş torpaq amilini axtarırdıq. Bu, strateji xətt idi. Bərpa olunan ərazilərimizdə ayrı-ayrı dövlətlər, şirkətlər tərəfindən işlərin qurulmasına səbəb olacaq. Antiterror hərəkatından sonra müxtəlif dövlətlərin əleyhimizə çıxardığı qərarlar sistemli xarakter daşıyırdı. Azərbaycanın beynəlxalq əhəmiyyəti həm də buna görə artacaq. Böyük lobbi institutlari hər gün siyasi mərkəzlərdə əleyhimizə qərarlar istehsal etməklə məşğul idilər. COP29 bu prosesdə gerçəkləri görəcək. Onlar Şuşaya, azad olunmuş torpaqlara getmək istəyəcəklər. Baxacaqlar ki, bizim xarici informasiya məkanına çıxardığımız xəbərlər doğru idi. Biz bərpa işlərində kimdənsə kömək istəməsək də, haqqımız var ki, beynəlxalq çağırışlar edək. Həmin dövlətlər özlərini bunu görəcəklər. Azərbaycanın iqtisadi imkanlarının artacağına şübhəmiz qalmır. Hesab edirəm ki, ölkəmizin gələcəyində enerji resursları, iqtisadiyyatda bərpa olunma siyasəti yalnız günəş, küləkdən istifadə ilə deyil. Burada bütün sahələrdə yenidən emal texnologiyaları, qabaqcıl texnikaların gətirilməsi vacib komponentdir. Avropa əməkdaşlıq təşkilatına daxil olan dövlətlərin çoxunda belə parametr var. İqtisadiyyat nə qədər texnologiya ilə təmin olunub? Onun əsasında qərar çıxarılır. Hər məhsul maya dəyərinə dayanır.
Beləliklə, COP29 tədbiri ölkəmizin tarixində bənzərsiz hadisəyə çevriləcək. 10 minlərlə gəncimiz beynəlxalq aləmə çıxış imkanları qazanacaqlar. Bu söhbətlər media resurslarında qorunub saxlanılır. Gələcəkdə görəcəyik, bu tədbir müqayisə olunmayacaq dərəcədə böyük hadisədir. Azərbaycanın gələcəyində yeni dövlət siyasəti üçün fərqli səhifə açılır. İnsanlar da bunu alqışlayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB