"COP29 Azərbaycanın beynəlxalq aləmdə yüksəlməsinə səbəb olacaq" - POLİTOLOQ FİKRİ

"COP29 Azərbaycanın beynəlxalq aləmdə yüksəlməsinə səbəb olacaq" - POLİTOLOQ FİKRİ

"COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə yüksəlməsinə səbəb olacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

A.Məsiyevin sözlərinə görə, Ermənistan-Azərbaycan arasında münaqişə Azərbaycanın xeyrinə həll olunub: "Cənubi Qafqazda aparıcı dövlət olaraq Azərbaycan söz sahibidir. Cənubi Qafqazda həyata keçirilən bütün layihələr Azərbaycanla razılaşdırılır. Cənubi Qafqaza maraqlı olan dövlətlər Azərbaycanla hesablaşmaq üzrədirlər. Ermənistanı himayə edən qərb dövlətləri başda Fransa olmaqla Azərbaycanın bu uğurundan narahatdır. Azərbaycanın dünya siyasətində söz sahibi olmasını mənimsəyə bilmirlər. Fransanın Azərbaycana qarşı qərəzli davranışları var. Fransa Ermənistanı himayə etməklə Azərbaycana qarşı qərəzli davranışları ilə seçilir. Ermənistana maliyyə, siyasi, hərbi dəstək verməklə Azərbaycan üzərinə təzyiq edirlər. Bu baxımdan beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsini qəbul edə bilmirlər. Çünki bu tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur. Azərbaycan bu illər ərzində Qoşulmama Hərəkatına rəhbərlik edirdi, iclasları Azərbaycan keçirirdi, öz mövqeyini beynəlxalq aləmə çatdırırdı".

Politoloq əlavə edib: "COP29 tədbirinin də Azərbaycanda keçirilməsi yetkinliklə qərarlaşdırılıb. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya siyasətində yüksəlməsinə səbəb olacaq. Bu toplantı Azərbaycanda keçirilməklə Azərbaycanın demokratik dövlət olduğunu bir daha sübut edəcək. Azərbaycan bir daha Cənubi Qafqazda aparıcı dövlət olmaqla yanaşı dünya proseslərində fəal iştirak edən dövlət kimliyi qazanacaq. Ona görə Fransa Azərbaycanın beynəlxalq aləmdə yüksəlməsindən narahatdır. Fransanın ictimai-siyasi xadimlərinin, dövlət adamlarının qərəzli çıxışları Azərbaycanı nüfuzdan salmaq məqsədi daşıyır. Hesab edirəm ki, belə addımlar uğursuzluqla nəticələnəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə