"Fransanı heç vaxt imperialist hislərindən azad etmək mümkün olmayıb" - DEPUTAT ŞƏRH ETDİ

"Fransanı heç vaxt imperialist hislərindən azad etmək mümkün olmayıb" - DEPUTAT ŞƏRH ETDİ

"Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, Fransa həqiqətən maarifçiliyin vətəni olub. Amma təəssüf ki, bu vətəni heç vaxt imperialist hislərdən azad etmək mümkün olmayıb. Bu gün də Fransa dünyanın ən böyük müstəmləkəçi dövlətlərindən biridir. Fransa imperialist siyasət yürüdərək digər dövlətlərin daxili işlərinə qarışır, təxribat planları həyata keçirir. Çox maraqlıdır ki, Fransanın Ermənistanı silahlandırmaq və ya Azərbaycana qarşı qızışdırmaqda məqsədi nədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, BMT və bu kimi beynəlxalq təşkilatlarda ermənilərin qaldırmadığı məsələləri Fransa gündəmə gətirir, ermənidən daha çox erməni olur: "Deməli, bunun arxasında duran səbəblərdən biri islamofobiyadır. Fransa müsəlman dövlətlərinə qarşı səlib yürüşləri təşkil edən dövlətlərdən olub. Ona görə də Fransanın ayrı-ayrı dövlətlərə təxribat planları həyata keçirmək addımları onun mahiyyətindən irəli gəlir. Təsadüfi deyil ki, artıq Afrikada müstəmləkələr azad olurlar".

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan da Qoşulmama Hərəkatına rəhbərlik etməklə bir neçə dəfə Fransanın imperialist siyasətinə qarşı addımlar atıb: "Fransa görür ki, Azərbaycan ondan dəfələrlə kiçik olmağına baxmayaraq çox böyük nüfuza sahibdir. Heç kimin yadından çıxmır ki, Əlcəzairdə Azərbaycan Prezidenti İlham Əliyev Liviya və digər xalqların Fransa müstəmləkəçiliyindən çəkdiyi zərərləri əyani şəkildə göstərdi. Heç həmin xalqların dövlət başçıları cəsarət edib bu sözləri deyə bilmirlər, amma Azərbaycan Prezidenti bunu bacarıb".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə