2023-cü il Şuşanın tarixində TƏHLİL

2023-cü il Şuşanın tarixində TƏHLİL

Qarabağın tacı Şuşamız yeni ildə doğma sakinlərini qoynuna alacaq

Yola salacağımız il Şuşanın tarixi yaddaşında necə qaldı?
Xalqımızın Ümummili Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasəti, qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər, qazandığımız qələbəni Zəfərimizi şərtləndirən başlıca amillər oldu. Beynəlxalq tədbirlərdə Azərbaycanın haqq sözünü ifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan məlum qətnamələrinin tələbləri yerinə yetirilmədiyini dəfələrlə bildirmişdi. Münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, hərb yolu ilə torpaqlarımız işğaldan azad olunmalı idi. Erməni silahlı qüvvələri 27 sentyabr 2020-ci ildə yeni hərbi təxribatlara başlayanda cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər və xalqımıza bu müjdənin verilməsi Azərbaycanın tarixinə açılan yeni səhifələrdən oldu. Artıq biz Şuşaya qayıtmışıq. Alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tarixi yaddaşı əsrlərin sorağıdır. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var. Tarixi-mədəni əhəmiyyət kəsb edən Şuşanın bu gün əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər həyata keçirilir. Bu gün Şuşaya gələn qonaqların hər birinə aydın olur ki, Şuşa yeni bir dövrünə qədəm qoyub. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Şuşada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub. Dövlət başçımızın işğaldan azad olunan ərazilərimizə səfəri səfər çərçivəsində görülən işlər bu ərazilərin tezliklə tam abadlaşmasından xəbər verir.

DAŞALTI KƏND MƏSCİDİ 2024-CÜ İLDƏ İSTİFADƏYƏ VERİLƏCƏK

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.
Azərbaycan Prezidenti Şuşa şəhərində Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə, eləcə də Şuşa rayonunun Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

TARİXİ VƏ DİNİ ABİDƏLƏR TƏMİR VƏ BƏRPA OLUNUR

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir". Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşub.
Ermənilərin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.

AZƏRBAYCANIN MƏDƏNİYYƏT PAYTAXTI YENİ DÖVRÜNÜ YAŞAYIR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Məlumdur ki, Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışı olub. Qeyd edək ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir.
Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib.
Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamızda Şuşa Otel-Konqres Mərkəzi Kompleksi istifadəyə verilib. Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir. Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.
Dövlət başçısının bu və ya bundan əvvəlki Şuşaya səfərləri çərçivəsində çərçivəsində Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı, Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə