"Əli Kərimli kimilərin iğtişaşlara çağırışı cinayət hesab edilir" - MÜSAHİBƏ
Milli Məclisin deputatı Siyavuş Novruzovun SİA-ya müsahibəsini təqdim edirik:
- 2024-cü il 7 fevral tarixinə bütün xalq böyük əhval-ruhiyyə ilə hazırlaşır. Yeni Azərbaycan Partiyası da Mərkəzi Seçki Qərargahı yaradıb. Bu qərargahda 21 nəfər təmsil olunur. 750 min üzvü olan partiya üçün 21 nəfər az deyilmi?
- Xalqımız üçün mühüm hadisə olan 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri YAP tərəfindən dövlət başçısı cənab İlham Əliyevin namizədliyi irəli sürülüb. Artıq Seçki Məcəlləsinə, partiyanın tədbirlər planına və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qrafikə uyğun olaraq işlər davam etdirilir. Bundan sonrakı mərhələlər də addım-addım öz əksini tapacaq. Bu növbədənkənar seçkilər tarixi hadisədir. Çünki ilk dəfə olaraq bütün Azərbaycan ərazisində bu seçkilər keçiriləcək. Azərbaycan öz müstəqilliyini əldə etdikdən bu yana heç vaxt bütün ərazisində seçkilər keçirə bilməyib. Bu seçkilərdə Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də iştirak edəcəklər. İşğaldan azad olunmuş ərazilərimizdə məntəqələr yaradılıb. Bu da tarixi hadisədir.
Ümumilikdə 750 mindən çox üzvü olan YAP-ın Mərkəzi Seçki Qərargahından başqa hər rayonda da seçki qərargahları var. Yəni, Mərkəzi Seçki Qərargahından əlavə 84 rayon-şəhər təşkilatında da fəaliyyət göstərən seçki qərargahlarında kifayət qədər üzvlər təsdiq olunub.
- Mərkəzi və yerli Seçki Qərargahları arasında fərq nədən ibarətdir?
- Mərkəzi Seçki Qərargahı bütün qərarları qəbul edir. Yerli qərargah isə bu qərarları yerinə yetirir.
- Bu seçki qərargahlarının işğaldan azad olunmuş bölgələrdə yaradılması həyata keçirilir?
- Təbii ki, bununla əlaqədar müvafiq addımlar atılır. Bildiyiniz kimi, YAP-ın Mərkəzi Seçki Qərargahı imza vərəqələrini artıq götürüb. Hər bir prezidentliyə namizəd üçün 40 min imza toplanmalıdır. 125 dairənin hər birindən bu imzaları toplayacağıq.
- Ölkəmizdə keçiriləcək bu mötəbər tədbirdə cəmiyyətin bütün təbəqələri öz fəallığı ilə seçilir. Dağıdıcı müxalifət sayılan şəxslər bu seçki prosesindən kənarda qalırlar. Bu azmış kimi, cəmiyyətdə təxribat törətmək üçün çağırışlarla çıxış edirlər. Bununla bağlı hansı hüquqi tədbirlər görmək lazımdır?
- Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı seçki yolu ilə öz hakimiyyətini formalaşdırır. Siyasi partiyaların da funksiyası seçkilərdə iştirak edərək hakimiyyətə gəlməkdir. Hər bir 18 yaşına çatmış Azərbaycan vətəndaşı seçmək və seçilmək hüququna malikdir. Həmin vətəndaşlar arasında ali təhsilli, 10 ildən artıq Azərbaycan ərazisində yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi, məhkumluğu olmayan şəxs prezidentliyə namizəd ola və seçilə bilər. Kimliyindən asılı olmayaraq qanunvericiliyimiz bütün vətəndaşlar üçün şərait yaradıb.
Prezidentliyə namizədlər artıq irəli sürülüb. Siyasi partiyanın bir nömrəli funksiyası seçkidə iştirak etməkdir. Əgər seçkidə iştirak etmirsə, onda bu siyasi partiya nədən ötrü fəaliyyət göstərir?! Bu baxımdan bəzi siyasi partiyalar, hətta onlar partiya da sayılmır, sadəcə, dərnək ola bilər. Bu dərnəklər ancaq dedi-qodu ilə məşğul olub müəyyən yalanlar, böhtanlar yaymaqla fəaliyyət göstərirlər. Onların sədrləri də yarımbloger funksiyası yerinə yetirir. Hər gün Sevinc Osmanqızına və ya Qənimətə müsahibə verməklə işini bitmiş sayır. Yumurtası tərs gəlmiş toyuqlar kimi evdə iş tapmayıb müsahibə verməyə başlayır. Dünənə qədər deyirdilər ki, iqtidar Qarabağı almaq istəmir və s. Müzəffər Ali Baş Komandan 100 ildən çox davam edən bir problemi həll etdi. Azərbaycanın bütün ərazisinin suverenliyi bərpa olundu. İndi onlar seçkilərdə iştirak etmirlər ki, suverenliyimiz elan olunub. Lakin siyasi partiyalar hər bir seçkiyə hazır olmalıdırlar.
- Deyirlər ki, guya vaxt az olub...
- Bəs onların işinin adı nə idi? Müsahibə vermək? Siyasi pariya məhz seçkilərə hazırlaşmalıdır. Bir seçki bitdikdən sonra dərhal ikinci seçkiyə hazırlıqlı olmalıdırlar. İstər öncəki seçkidə məğlub olsun, istərsə də qalib gəlsin. Məğlub və ya qalib olursa, zəif nöqtələrini axtarıb növbəti seçkidə bunu həll etməli, gələcək planlarını qurmalıdır. Azərbaycanda qərar verildikdən 60 gün sonra seçki keçirilir. Seçkilərin qərarı verildikdən sonra hələ o siyasi dairələr namizəd axtarır. Namizəd 6 ay qabaqcadan müəyyən olunmalıdır ki, prezident seçkilərində iştirak etsin. Əgər heç bir hazırlıq aparmayıblarsa, hansı seçkidən danışa bilərlər.
- Əli Kərimli iddia edir ki, seçkilər belə olsa iğtişaşlar törədəcəklər. Bu barədə nə düşünürsünüz?
- Onların nə gücü var ki, iğtişaş törətsinlər? Bu gün Azərbaycan xalqı dövlət başçısını, iqtidarı dəstəkləyir. Fevralın 7-də görülməmiş seçki keçiriləcək. Azərbaycan bütün dünya ölkələrindən müşahidəçilər dəvət edib ki, seçki prosesini izləyib ədalətli qərar versinlər. Bu baxımdan, Əli Kərimli kimi adamların iğtişaşlara çağırışı cinayət hesab edilir.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB