Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad ediblər - YENİLƏNİB - FOTOLAR
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. SİA xəbər verir ki, bu gün Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ziyarət zamanı bildirib ki, Ümummilli lider Heydər Əliyev xalqımızın min illik müstəqil dövlətçilik arzusunu xəyaldan reallığa çevirib: “Bu gün bütün dünya azərbaycanlıları, türk dünyası üçün müqəddəs hüzn günüdür. Heydər Əliyevin cismani mənada yanımızda olmadığı vaxtda keçən hər gün elə bir an, elə bir dəqiqə olmayıb ki, o xatırlanmasın, xatirəsi ehtiramla yad olunmasın, Azərbaycana, Azərbaycan xalqına etdiyi xidmətlər minnətdarlıq hissi ilə anılmasın. Çünki Heydər Əliyev bizim ən böyük azərbaycanlımızdır. Heydər Əliyev zamanın xalqımızın qarşısına çıxartdığı bütün çətinlikləri müdrik siyasəti və xalqın gücü ilə dəf etməyi bacarımış, xalqımızın min illik müstəqil dövlətçilik arzusunu xəyaldan reallığa çevirmişdir".
Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə növbədənkənar prezident seçkiləri barədə jurnalistlərə açıqlama verib. O, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib: “İclasda Prezidentliyə namizəd irəli sürüləcək. 2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə namizədliyin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib.
Uzun illərdir hər kəs deyirdi ki, Qarabağı kim azad etsə o, bizim əbədi prezidentimiz olacaq. İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, titulu daşımağı qazanıb. Düşünürəm ki, hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın bu barədə fikri qətidir".
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, indiyə qədər 30 qadın dini ayinlərin icraçısı təyinatı alıb: “Onlar qaydalara uyğun olaraq müsahibədən keçiblər. Müsahibədən keçdikdən sonra müvafiq məscidlərə təyinatlar olub. Bu cür təyinatlar əsasən Cümə məscidlərinə verilir. Qadın dini ayinlərin icraçısı heç də məsciddə dini ayinləri icra edən şəxs deyil. Yəni imamlıq funksiyasını yerinə yetirmir. O, imamın tapşırığı ilə məscidə gələn qadınların dinlə, islamla bağlı suallarını cavablandırır".
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da fikirlərini jurnalistlərlə bölüşüb: “Ulu Öndər Heydər Əliyev həyata keçirmək istəyib də, keçirə bilmədiyi heç bir şey qalmayıb.
Azərbaycanın Ulu Öndəri Heydər Əliyev uzaqgörən lider olub. Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağın azadlığı idi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini görməkdəyik. Cənab Prezidentin də qeyd etdiyi kimi, Ulu Öndərin həyata keçirmək istəyib də, keçirə bilmədiyi heç bir şey qalmayıb.
Ümummilli Liderin Türkiyə ilə inkişaf etdirdiyi əlaqələri bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ən yüksək səviyyəyə qaldırıb. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünyaya örnəkdir. Biz bunu Ümummilli Lider Heydər Əliyevdən miras aldıq və yaşatmaq əzmi ilə çalışırıq".
Deputat Jalə Əliyeva fikirlərini bu cür ifadə edib: “Bu gün hər birimiz üçün həm kədərli, həm şərəfli tarixdir. İndi də bundan sonra da Ulu Öndəri böyük bir ehtiram ilə anacağıq. Bugünkü inkişaf etmiş azad suveren Azərbaycan Heydər Əliyevin əsəridir.
Şuşa azad olunarkən cənab İlham Əliyev Şəhidlər Xiyabanına gəldi və atasına öz hesabatını verdi. O dedi ki, “Şuşa artıq azaddır və mən ata vəsiyyətini yerinə yetirdim.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. O, tamamilə məhv olmuş bir məkanı ayağa qaldırdı. Bayrağımızın beynəlxalq təşkilatların qarşısında dalğalanmasına şərait yaratdı. Ulu Öndərin başladığı lakin sona çatdıra bilmədiyi yeganə iş əlbəttə Qarabağ problemi idi. İlham Əliyev ötən 20 il ərzində bu vəzifənin öhdəsindən müvəffəqqiyyətlə gəldi. Bu gün biz Ulu Öndərin əməllərinin xoşbəxtliyini yaşayırıq. Biz əminik ki, Azərbaycan əbədi olaraq qalacaq. Çünki Azərbaycan Ulu Öndərin ideyaları ilə yaşayır. Bu Xiyaban hər bir zaman azərbaycanlıların öz sevgi və ehtiramını nümayiş etdirəcəyi ailə məkan olaraq adlandıracaqdır”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə: “Ulu Öndər Heydər Əliyev möhtəşəm tarix yazan şəxslərdən biridir. Onun fəaliyyəti mənsub olduğu xalqın əsrlərlə həll edilməmiş ağır problemlərin həllinə, Azərbaycanın inkişafının təmin edilməsinə yönəlib. O çalışdığı bütün sahələrdə çox böyük nəticələr əldə edib. İlk növbədə xalqa yaxın olduğuna, Azərbaycan xalqının potensial bələd olduğunu üçün bu uğurlar mümkün olub.
Heydər Əliyev nümunəsi göstərdi ki, hətta nisbətən azsaylı xalqın nümayəndəsi belə tarixi təəccübləndirəcək fəaliyyət göstərə bilər. Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyərkən cəmiyyəti cəzalandıran orqanıarı cəmiyyəti qoruyan orqana çevrilib.
Ulu Öndər Azərbaycanı inkişaf etmiş dövlətə çevrilib. Onun adı ilə Azərbaycan xalqı Qarabağ uğrunda mübarizəyə başladı. 1993-cü ildə onun hakimiyyətə gəlməsi Azərbaycanı böyük fəaliyyətdən qurtardı. Nə qədər ki Azərbaycan xalqı var, onun böyük qurucusu həmişə var olacaq",- deyə o əlavə edib.
Siyavuş Novruzov: “Bu gün xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Amma Ulu Öndər hər zaman bizimlədir, hər zaman yaşayır. Çünki onun ideyaları, onun qurduğu bu dövlət yaşayır. Bu gün Ulu Öndərin ideyaları həyata keçirilib. Torpaqlarımız düşmən işğalından artıq azad edilib.
Qarabağın azad olunması, suverenliyimizin tam bərpa olunması Ümummilli liderin ən əsas arzularından biri idi. Bu arzular Ali Baş Komandan tərəfindən yerinə yetirilib. Ümummilli Liderin özünün də dediyi kimi, nə qədər ki Azərbaycan var, Heydər Əliyev də var olacaq",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB