"Ulu Öndərin mədəniyyət siyasəti dövlət quruculuğu siyasətinin tərkib hissəsidir" - DEPUTAT DANIŞDI

"Ulu Öndərin mədəniyyət siyasəti dövlət quruculuğu siyasətinin tərkib hissəsidir" - DEPUTAT DANIŞDI

"Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri tarixi xidmətlərdir. Bu xidmətləri ən müxtəlif istiqamətlərdə dəyərləndirmək olar. Amma milli inkişafın, milli dövlətçiliyin möhkəmlənməsi, müstəqil Azərbaycan dövlətinin yaranıb inkişaf etməsi və bu xüsusda mədəniyyətin Azərbaycan dövlətinin inkişafına verdiyi töhfələr aspektindən məsələyə baxmaq daha maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev dövlət təfəkkürünü də Azərbaycan mədəniyyətinin içərisinə daxil edirdi: "Xalqımızın mənəvi diriliyi, mədəni düşüncə tərzinin yaradılması müstəqil Azərbaycanı əsaslandırır. Ulu Öndər Heydər Əliyev daim deyirdi ki, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzəli Fətəli Axundzadəni yaradan xalq asılı olmaz bilməz, bu xalq mütləq müstəqil olmalıdır. Eynilə Səməd Vurğunu yaradan xalq müstəqil olmalıdır. Çünki Səməd Vurğun Azərbaycan sözünü cəsarətlə və bir o qədər də elə ürəkdən səsləndirirdi ki, belə bir xalqı uzun müddət müstəmləkə altında saxlamaq mümkün deyildi. Ümummilli Lider bu mətləbi bütün dərinliyi ilə təhlil etdiyinə görə, onun mexanizmlərinə dərindən bələd olduğundan çalışırdı ki, Azərbaycan xalqı öz mədəniyyəti, mənəviyyatı, dili, ədəbiyyatı və incəsənəti ilə fəxr etsin. Çünki bu xüsusiyyətlər Azərbaycan xalqını müstəqilliyə yaxınlaşdırırdı.

Bu gün biz müstəqil Azərbaycan dövlətinin qurulmasında, onun inkişaf magistralına çıxmasında böyük tarixi xidmətləri yada salarkən, Ulu Öndərin paralel olaraq Azərbaycan mədəniyyətini də inkişaf etdirdiyini görürük. Ulu Öndərin mədəniyyət siyasəti onun müstəqil dövlət quruculuğu siyasətinin tərkib hissəsidir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə