"Ümid edirəm ki, ermənilərin ağlı başına gəlib" - TÜRKİYƏLİ GENERAL BİLDİRDİ

"Sovetlər dağılandan sonra Azərbaycan və Ermənistan tarixlərində ilk dəfə olaraq birgə müqavilə bağladılar, qərarlar verdilər və bu qərarları həyata keçirdilər. Bu, əslində çox uğurlu addımdır". Bunu SİA-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Onun sözlərinə görə Azərbaycanla Ermənistan arasında razılığın əldə edilməsi xarici təsirlərin minimuma endirildiyi sülhə aparan ən təhlükəsiz yoldur: "Biz əvvəldən bunun tərəfdarıyıq ki, iki dövlət üçüncü dövlət olmadan bir-biri ilə danışsın və Qafqazda sülhün və sabitliyin yaranmasına töhfə versin. Bu baxımdan Dünənki razılaşmanı dəyərli hesab edirəm. Təbii ki, Ermənistan dövlət idarəsindəki kadrların bir qismi də xarici dövlətlərin kəşfiyyat hiylələrinə məruz qalır. Əgər Ermənistan təkbaşına qərar versə və Azərbaycanla belə davranışa əl atsa, bu, bir çox dairələri və onların maraqlarını narahat edəcək".

Y.Karauz bildirib ki, bəzi dövlətlər dağıntılar törətmək, Ermənistanın qulağına başqa şeylər pıçıldamaq istəyəcəklər: "Hesab edirəm ki, sülh sazişinə masa üzərində imzalar atılana qədər hər cür təxribatlar ola bilər. Bu təxribatları həyata keçirə biləcək ilk dövlət Fransadır. Ona görə də hörmətli prezident Rəcəb Tayyib Ərdoğan Ermənistana xəbərdarlıq etdi ki, təxribatlara əl atmasın və Qafqaza sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün Azərbaycanla tezliklə sülh müqaviləsi imzalasın. Bu, bir qədər məşəqqətli yoldur, amma ümid edirəm ki, əvvəllər pis keçmişi olan ermənilərin ağlı başına gəlib, hadisələri daha yaxşı anlayıblar. Sülh müqaviləsi imzalanana qədər bu narahatlıq və tərəddüdümüz davam edəcək".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə