Növbədənkənar prezident seçkiləri nə vəd edir? - ANALİTİK+AKTUAL

Azərbaycan dövləti və xalqı yeni siyasi iradə kandarındadır

Faktlar göstərir: nə əvvəl, nə də indi ölkədə elə bir siyasi fiqur yoxdur ki, seçkilər zamanı Prezident İlham Əliyevlə rəqabətə girsin. Prezident eyni zamanda Müzəffər Ali Baş Komandan olaraq torpaqlarımızı 30 illik işğaldan azad etdi, Azərbaycanı 200 ildən sonra qalib ölkəyə çevirdi.

Bəli, ola bilər ki, fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərində bir neçə namizədliklər irəli sürülsün. Amma onların bu seçkilərdə qələbə qazanmaq şanslarının sıfıra bərabər olacağını bəri başdan proqnozlaşdırmaq olar.

Prezident İlham Əliyev fərqli siyasi iradəli addım atdı, yaxud qərar qəbul etdi

Yeri gəlmişkən, müxtəlif siyasi kuluarlarda söhbətlər gəzirdi ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Lakin Prezident İlham Əliyev fərqli siyasi iradəli addım atdı, yaxud qərar qəbul etdi - növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı fərman imzaladı.

Yeri gəlmişkən, yeni prezident seçkilərinin gözlənilməz və ani şəkildə elan edilməsi 2020-ci ildəki fevral seçkilərini xatırlatdı. Belə ki, ölkə başçısı 2019-cu ilin dekabrında da gözlənilmədən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdi. Daha dəqiq desək, gözlənilən seçki tarixindən 9 ay əvvəl...

Seçkilər Şuşa və Xankəndi də daxil olmaqla azad edilmiş bütün ərazilərimizdə keçiriləcək!

Söz yox ki, növbədənkənar prezident seçkiləri həm də ölkəmiz üçün bir ilkə də imza atacaq - seçkilər Şuşa və Xankəndi də daxil olmaqla azad edilmiş bütün ərazilərimizdə keçiriləcək. Həmçinin, bu seçkilərin regional proseslərlə də bağlı olduğunu ehtimal etmək olar.

Daha bir fakt budur ki, bir sıra aparıcı analitiklərin fikrincə, qarşıdakı illərdə nəinki regionda, eləcə də bütün dünyada köklü dəyişiklərin baş verəcəyini istisna etmirlər.

Daha böyük uğurların və qələbələrin müjdəsi

Digər tərəfdən isə belə bir analizə istinad etmək olar ki, dövlətimizin başçısı 2025-ci ildə iki mühüm və kifayət qədər məsuliyyət tələb edən tədbirin - prezident və parlament seçkilərinin keçirilməsi gərginliyini azaltmaq üçün gələn ilin fevralında növbədənkənar prezident seçkiləri ilə bağlı qərarını verib.

Beləliklə, Azərbaycan dövləti və xalqı yeni siyasi iradə kandarındadır. Bu kandar isə daha böyük uğurların və qələbələrin müjdəsi kimi də qiymətləndirilə bilər.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə