Silah könüllü təhvil verilərsə cinayət məsuliyyəti yaradırmı? - QURUM RƏSMİSİ AÇIQLADI

Silah könüllü təhvil verilərsə cinayət məsuliyyəti yaradırmı? - QURUM RƏSMİSİ AÇIQLADI

Daxili İşlər Nazirliyi 2023-cü ilin yanvar-noyabr aylarında vətəndaşların könüllü şəkildə təhvil verdiyi odlu silahların siyahısını təqdim edib. Siyahıda təhvil verilən silahlar arasında 24 avtomat, 8 tapança və 502 ədəd ov tüfəngi yer alır. Vətəndaşlar tərəfindən polisə təhvil verilən silahlar cinayət məsuliyyəti yaradırmı? Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev SİA-ya açıqlamasında bildirib ki, qanunsuz saxlanılan odlu silah vətəndaş tərəfindən könüllü şəkildə polisə təhvil verilirsə və həmin silahla hansısa cinayət törədilməyibsə vətəndaş məsuliyyətə cəlb olunmur.

Bəs silahlar polis əməkdaşları tərəfindən ələ keçirilərsə vətəndaşı hansı cəza gözləyir?

Qanunsuz odlu silah gəzdirməyə qarşı cəza tədbirləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci ( Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə tənzimlənir. Bu halda vətəndaş iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə