Söz əməlin kölgəsidir - Qürurla verilən vəd qətiyyətlə gercəkləşdirilir TƏHLİL

Prezident İlham Əliyev: "Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım"

"Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsindən bildirib. Bəli, bu gün dövlət başçımızın qürurla dediyi sözləri qətiyyətlə gerçəkləşir. Noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında Prezident İlham Əliyev deyib: "Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik". Dövlətimizin başçısı ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib. "Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq", - deyə Azərbaycan Prezidenti bildirib. Bəli, artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən "Xarıbülbül" festivalı artıq bərpa olunub. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni, dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.

"DƏMİR YUMRUQ" BİRLİYİ İLƏ HAQQ VƏ ƏDALƏTİ BƏRPA ETMİŞ AZƏRBAYCAN XALQININ BİRLİK, GÜC RƏMZİ İLƏ BÖYÜK QƏLƏBƏ, ZƏFƏR TARİXİNİ YAZDI

Mümkünsüzü mümkün edən 44 günlük müharibə bir daha bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə imzalanan birgə bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu "Dəmir yumruğ"un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu.

VERİLƏN VƏDƏ SADİQLİK ÖRNƏYİ: "SİZ KÖÇKÜN DEYİLSİNİZ, BİZ SİZİ QAYTARACAĞIQ!"

Prezident İlham Əliyev qələbə zəfərindən sonra bütün çıxışlarında bildirir ki, bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və buna da nail olacağıq."Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq!",-deyən Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır: "Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır".

BÖYÜK QAYIDIŞ ÜÇÜN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA MÜKƏMMƏL HƏYAT ŞƏRAİTİ YARADIR

Bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.Deyilənləri təsdiqləyən amil 2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırılmasıdır ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayrılması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir.

Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu barədə konkret şəkildə bildirmişdir: "Dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir".

BÜTÜN BU QURUCULUQ İŞLƏRİNİN TƏMƏLİNDƏ AZƏRBAYCAN XALQININ MARAQLARI DAYANIR

Sözsüz ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Azərbaycan Prezidenti çıxışlarında, müraciətlərində də daima bildirir ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdi ki, ona etimad göstərilərsə, Heydər Əliyev siyasətinə sadiq qalacaq. Və Azərbaycan xalqı İlham Əliyevə səs verərək Ulu Öndərə olan məhəbbətlərini və inamlarını göstərdi. Artıq Prezident İlham Əliev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!

Bəli, qələbəmizdən 3 il keçməsinə baxmayaraq, dövlət başçımızın dediyi kimi: "Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək".

AZƏRBAYCAN HEÇ BİR BEYNƏLXALQ MALİYYƏ QURUMUNDAN YARDIM ALMADAN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURU ÖZ İQTİSADİ QÜDRƏTİ HESABINA YENİDƏN QURUR

Hazırda möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir və Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur.

Bir sözlə, bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, tarixi torpaqlarımıza həyat qayıdır. İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Çünki hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", - söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Və bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş kəndlərimiz, şəhərlərimiz yenidən, qurulur, dirçəlir. Bütün işlər ardıcıl və sistemli şəkildə həyata keçirilir.

Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə