Jurnalist heç bir halda peşə fəaliyyətinə görə həbs edilə bilməz ANALİZ

Cinayət törədən, qanunsuz əməllərdə iştirak edən şəxsin, o cümlədən jurnalistin məsuliyyətə cəlb edilməsi təbii haldır

Azərbaycan mediasının şərəfli, qürurverici tarixi mövcuddur. Müxtəlif çətin, mürəkkəb yollar keçsə də, nəhayətdə formalaşaraq regionun ən inkişaf edən, qabaqçıl mediasına çevrilməyi bacarıb. Bu gün dövlətin dəstəyi hesabına ölkəmizdə özünəməxsus ənənələri olan müstəqil jurnalistika məktəbi mövcuddur. Təbii ki, müstəqil, azad medianın yaradılması və inkişaf etdirilməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlı. Məhz Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mətbuatımız inkişaf edərək bugünkü azad mediaya çevrildi. Hazırda Ulu Öndərin əsasını qoyduğu media siyasətini Onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə hər cür dəstəyini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı və MEDİA Agentliyinin yaradılması ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılmasına və şaxələndirilməsinə yeni imkanlar yaradır. Təəssüflər olsun ki, dövlətin yaratdığı şərait və imkandan sui-istifadə hallarına yol verilir. Yazdığı təhqiredici yazıya, işlətdiyi böhtanlara görə məsuliyyətə cəlb edilməsində humanistliyə yol veriləcəyini anlayan bəzi jurnalistlər bu istiqamətdə sərhəd tanımırlar. Vaxtaşırı təhqirlərlə dolu yazılar yazır, internet TV-lərdə şər və böhtan xarakterli fikirlər yayırlar. Dəhşətlisi ondan ibarətdir ki, onları bəzən siyasi partiya funksionerləri istiqamətləndirirlər.

Əli Kərimlinin dəstək verdiyi cəsus şəbəkəsinin meydanı daralır

Dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimlinin, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin və digərlərinin sifarişləri əsasında bəzi jurnalistlər, media orqanları, internet TV-lər dövlətin müsbət imicini ləkələmək üçün qarayaxma kampaniyası təşkil edirlər. Qanunlar sifarişlər əsasında fəaliyyət göstərənlərin başlarının üstünü kəsdirəndə sifarişçilər hərəkətə keçib, hay-küy qaldırırlar. Bəzən isə lüzumsuz və əsassız yerə nağılların uydurulması halları da olur. "Kanal-13" deyilən internet TV-nin rəhbəri Əziz Orucov polis bölməsinə dəvət edildiyi üçün AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Milli Şuranın üzvü Tofiq Yaqublu və digərləri sosial şəbəkələrdə əhəmiyyətsiz kampaniya təşkil ediblər. İddiaları, söylədikləri fikirlər isə əsassız və məntiqsizdir. Ən azı ona görə ki, asayişin qorunmasına, insanların təhlükəsizliyinin təmin olunmasında böyük əzmkarlıq göstərən Azərbaycan polisi kimisə heç bir səbəb olmadan polis bölməsinə dəvət etməz və ya saxlanmasını həyata keçirməz. Bu baxımdan, hay-küy qaldırmaq mənasızdır, Ə.Orucov polis bölməsində söhbətdən sonra sərbəst buraxılan da bilər. Azərbaycan demokratik prinsiplərə, insan hüquq və azadlıqlarının müdafiəsini ən ali məqsəd olaraq həyata keçirən dövlətdir. Jurnalist heç bir halda peşə fəaliyyətinə görə həbs edilə bilməz. Cinayət törədən, qanunsuz əməllərdə iştirak edən şəxsin, o cümlədən jurnalistin məsuliyyətə cəlb edilməsi təbii haldır. Lakin fakt ondan ibarətdir ki, elə jurnalistlər var ki, öz peşələrinə xəyanət edir, pul qarşılığında müəyyən şəbəkələrin sifarişlərini yerinə yetirirlər. Hətta xarici maraqlı dairələrin sifarişləri əsasında fəaliyyətlərini quran juranlistlər də var. "Abzas Media" xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasovanın müxtəlif xarici fondların maraqlarının icraçıları rolunda çıxış etməklə jurnalist peşəsinə xəyanət etmələrini göstərmək olar.

Təhlil yazısı, araşdırma məqaləsi olmayanı jurnalist adlandırmaq yanlışdır

Mövcud reallıqlara əsasən demək olar ki, "Abzas Media" xəbər portalını Azərbaycan cəmiyyətində ümumiyyətlə tanınmırlar, heç bir oxucuları yoxdur. Lakin xarici fondlar bunun fərqinə varmadan, böyük məbləğdə maliyyə vəsaitlərini onlara ötürürlər. Sözügedən şəxslər haqqında yayılan əsaslı faktlar bəzi jurnalistlərin Azərbaycanda baş verənləri qara eynəkdə baxan fondlarla nəyin qarşılığında əməkdaşlıq etdikləri məlum olur. Artıq sözügedən şəxslər ifşa olunublar. Onlar haqqında külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib. "Abzas Media" xəbər portalının rəhbəri Ülvi Həsənovun, baş redaktor Sevinc Abbasovanın və layihə koordinatoru Məhəmməd Kekalovun həbs edilmələrindən sonra Azərbaycanın dağıdıcı müxalifəti və xarici fondların nümayəndələri hay-küy qaldırıb, əsassız açıqlamalar verirlər. Hətta Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və digərləri həbs edilənlərin jurnalist fəaliyyətlərinə görə həbs edildiyini iddia edirlər. Halbuki, həbs edilən şəxslərin jurnalistikaya heç bir aidiyyəti yoxdur. Media sahəsində bu şəxslərin hər hansı məqalə, araşdırma və təhlil yazı ilə çıxış etmələri faktları mövcud deyil. Sadəcə, "Abzas Media" xəbər portalı təqdim olunan tezislər əsasında təxribat xarakterli məlumatlar yayıblar. Qarşılığında qucaq-qucaq avro, dollar alıblar. İfşa edilən "jurnalist"lər haqqında məlumat isə həqiqətən də düşündürücüdür. Nədən bəzi xarici fondlar, təşkilatlar kisələrinin ağzını açıb, Azərbaycan daxilində pozucu yol tutmağa, təxribatlar törətməyə çalışanlara maliyyə vəsaitləri ayırırlar? ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi", "Milli Demokratiya Fondu" və digərləri "Abzas Media" xəbər portalının rəhbərliyinə "demokratik inkişafa dəstək vermək" adı altında böyük məbləğdə pullar ödəyiblər. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb və bundan da Ülvi Həsənov və komandası maksimum dərəcədə istifadə ediblər.

Saxta hesablarla böyük məbləğdə vəsaitlər əldə olunub

"Abzas Media" xəbər portalının rəhbərliyi "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları "Aleks" və "Daisy" olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər. Görünən odur ki, səfərlər və görüşlər bizim "qəhrəmanlar" üçün kifayət qədər uğurlu olub. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən "TBC Bank" və "Bank of Georgia" banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. Müxtəlif görüşlərdə maliyyə fırıldaqçılıqlarının sirlərinə yiyələnən Ülvi və Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla pullar cinayətkar dəstə, onların ailə üzvləri və digər yaxın qohumları vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki bankomatlarından kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb.

Sual olunur, "Abzas Media"çılar min cür yolla nağdlaşdırdıqları vəsaiti hansı xidmətlərinə görə alıblar? Bu suala cavab vermək üçün "azad söz xiridarlarının" 2020-2023-cü illərə aid aşkarlanmış sənədlərdə Ülvi Həsənov və yaxın ətrafına daxil olan şəxslər tərəfindən hansı layihəni həyata keçirdikləri və bunun müqabilində nə aldıqlarını görmək kifayətdir. Bütün Qərb sifarişlərini yerinə yetirənlərin hamisi rolunda çıxış edən USAİD-ə bağlı olan "DT Global" təşkilatından Ülvi Həsənov 98 600 avro və 30 000 ABŞ dolları alıb. Ümumilikdə Ü.Həsənov və onun şəbəkəsi 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait əldə ediblər.

ABŞ və Qərbin qaranlıq dairələri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar

Bu vəsaitlərin məbləğinin dəqiqliklə göstərilməsinin səbəbi isə hər birinə dair ödəniş sənədlərinin nüsxələrinin olmasıdır. Həmin pulların müqabilində isə hazırlanan layihələrin adı onların məzmununu və niyyətini açıq şəkildə nümayiş etdirir. Bunlar: "Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi", "Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması", "Araşdırılmamış 100 cinayət", "Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması", "Media haqqında qanunla bağlı vəkillik fəaliyyətinə dəstək", "Media portalının müasir texniki vasitələrlə təchiz edilməsi" və sair oxşar başlıqlı mövzular. Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib.
Həmin sənədlərdə iştirakçı və icraçı qismində yuxarıda adları çəkilən şəxslərlə yanaşı müxalif fəallar Toğrul Vəliyev, Hafiz Babalı, Şəmistan Həziyev, Hacı Zeynallı, Sahilə Aslanova, Minəxanım Əliyarlı, Rübabə Quliyeva, Elnarə Qasımova və Nərgiz Absalamovanın da adları keçir. Bütün bunlar onu bir daha təsdiq edir ki, ABŞ və Qərbin qaranlıq dairələri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. Söz yox ki, agentura şəbəkəsində yalnız jurnalistlər, özlərini bloger kimi təqdim edənlər yer tutmurlar, onların arasında QHT-nümayəndələri, siyasi partiya rəhbərləri mövcuddur. Ə.Kərimlinin, C.Həsənlinin, T. Yaqublunun və digərlərinin hay-küy qaldırmaları torbada pişiyin olmasından xəbər verir. Digər tərəfdən C.Həsənli özü açıq şəkildə etiraf etmişdir ki, o hər ay Soros fondundan 200 ABŞ dolları alıb. Əminəm ki, hüquq-mühafizə orqanları etirafedici açıqlamlarla çıxış edənləri sorğu sual edəcəklər. Bu halda Ə.Kərimlinin, T.Yaqublunun və digərlərinin də gizlinləri aşkara çıxacaq. Bununla da sadə şəkildə onların məsuliyyətə cəlb edilmələri mümkün olacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə