SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əminamanlıq hökm sürür - ŞƏRH

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edib. Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA həftəsi keçirilib. Noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirilib. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 24 noyabr tarixində Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət, hökumət başçılarının Zirvə görüşündə çıxışında bir çox vacib məsələlərə toxunmuş və mühüm mesajlar vermişdir. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Cari il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. İyirmi beş il ərzində SPECA-ya üzv ölkələr arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Zirvə görüşündə Proqrama üzv ölkələrin prezidentlərinin və digər yüksək səviyyəli rəsmilərinin iştirak etmələri bunu bir daha sübut etdi. Belə ki, Zirvə görüşündə Proqramın üzvü olan Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın prezidentləri iştirak etdilər. Macarıstanın və Gürcüstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi isə Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşünə fəxri qonaq qismində qatıldılar.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri birgə sərmayə fondları yaradıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir və bir sıra digər sahələrdə yeni sərmayə layihələrinin də icrasına başlanılıb. Mərkəzi Asiyadan olan şirkətlərin ölkəmizdə yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərməsi Azərbaycanın uğurudur.

Prezident cənab İlham Əliyevin çıxışında siyasi sabitlik amilinin ölkələrin inkişafında əsas amillərdən biri olduğunu bildirərək qeyd etmişdir ki, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əminamanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.

Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. Artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Hazırda Füzulidə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa edilir və gələn il istifadəyə veriləcək.

Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Özbəkistan Respublikasının prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini 2023-cü il noyabrın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (bundan sonra SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşünün yekununda SPECA-nın Bakı Bəyannaməsi qəbul edilib. SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə iqtisadi, siyasi, mədəni, humanitar, diplomatik mərkəz kimi böyük nüfuz qazanıb. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə