"Biz dünyaya torpağı sahiblənməyin nümunəsini göstərəcəyik" - DEPUTAT ŞƏRH ETDİ
"Hələ Vətən müharibəsindən xeyli əvvəl Azərbaycan dövləti məcburi köçkünlərin geri qayıdışı proqramını hazırlamışdı. Bu proqram vaxtaşırı təkmilləşdirilirdi. "Böyük Qayıdış" adlanan bu proqram Vətən müharibəsindən sonra azad edilən torpaqlara vətəndaşlarımızın geri qayıtması üçün çox ciddi əsas rolunu oynadı. Görülən işlərin əlaqələndirilməsi üçün Prezident Administrasiyası nəzdində Xüsusi Əlaqələndirmə Komissiyası fəaliyyət göstərir. Torpaqlarımızın işğaldan azad edilməsi həmin ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən məqsədli surətdə viran qoyulması mənzərəsini üzə çıxartdı. Kommunikasiyalar dağıdılmış, evlər, sosial obyektlər sökülmüş, ərazilər minalanmış, su mənbələri çirkləndirilmişdi. Ona görə də hər şeyə sıfırdan başlamaq lazım gəldi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Vətən müharibəsinin bitməsindən cəmi 3 il keçməsinə baxmayaraq bu müddət ərzində 100 km-lərlə yeni yollar salındı, elektrik və su xətləri çəkildi: "Bundan əvvəl isə torpaqlarımızın müəyyən bir hissəsi minalardan təmizləndi. Təbii ki, bu, uzun sürən bir prosesdir. Ərazilər minalardan təmizləndikcə qayıdış üçün ciddi hazırlıqlar görüldü. Bunun nəticəsidir ki, artıq 1000-ə qədər ailə 5 yaşayış məntəqəsinə geri qayıdıb".
Deputat sözlərinə davam edərək bildirib ki, gələn ilin əvvəlində Şuşaya, ortalarında isə Ağdama qayıdış gözlənilir: "Vətəndaşlarımızın geri qayıdışı yalnız mənzil və ya sosial obyektlərlə təmin edilmə məsələsi deyil. Eyni zamanda, iş yerlərinin açılması da əvvəlcədən planlaşdırılır. İnsanların həvəslə geri qayıtması bunların nəticəsidir. 2026-cı ilin sonunadək 140 min keçmiş məcburi köçkünün öz dədə-baba torpağına qayıdışı proqnozlaşdırılır. Şübhəsiz ki, ildən-ilə azad olunmuş ərazilərdə məskunlaşma daha da sürətlənəcək. Biz dünyaya torpağımızı sahiblənməyin nümunəsini göstərə biləcəyik".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB