AXCP-də növbəti istefa dalğası: Əli Kərimli nə üçün istefa vermir?

AXCP-də növbəti istefa dalğası: Əli Kərimli nə üçün istefa vermir?

İki gündür sosial şəbəkələrdə AXCP üzvlərinin istefaları ilə bağlı paylaşımlar görünməkdədir. İstefa verənlər bir qayda olaraq Əli Kərimlinin diktatorluğundan, onun AXCP-də yaratdığı anti-demokratik rejimdən bəhs edirlər. Amma Əli Kərimlinin də ətrafı boş dayanmır, istefa verənləri şərləyir, təhqir və linç edirlər. Hər iki hal Azərbaycan ictimaiyyəti üçün yeni deyil. Ona görə də təəccüblənmirik. Çünki Azərbaycanda siyasətə və sosial şəbəkələrə təhqiri elə Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP gətirib...

Qısası, Əli Kərimlinin təhqirlərindən bezmiş Pərvin Hüseynli adlı sabiq cəbhəçi xanım facebook hesabında paylaşdığı statusla bir çox mətləblərə aydınlıq gətirib, hətta Əli Kərimlini və AXCP-ni ifşa edib.

Birincisi, Pərvin Hüseynli bildirir ki, bir binanın 6000 sakini olsa da, AXCP-nin heç 5000 üzvü yoxdur. Onun sözlərinə görə, zamanında aksiyalarda, mitinqlərdə öndə gedənlər indi AXCP-dən və Əli Kərimlinin ətrafından uzaqlaşıblar.

İkincisi, Pərvin Hüseynli Əli Kərimliyə müraciət edərək deyir ki, sən necə bir müxalifət liderisən, üzvlər sənə öz sözünü deməyə qorxur? Sən necə bir lidersən ki, sənin partiyanda adamların haqqları yeyilir? Şikayət edənlərin şikayəti zibil vedrəsinə atılır, amma sənə yaxın olanların sözləri ilə oturub-durursan, onlar kimi deyir onları partiyadan qovursan.

Üçüncüsü, “ay məhkəmələrdən ədalət istəyib özü ədalətə tüpürüb tullayan adam” – deyən Pərvin Hüseynli əlavə edir ki, sən heç öz partiyanda azadlıq və azad düşüncə yarada bilmirsən.
Dördüncüsü, Pərvin Hüseynli sadə, həyatını AXCP üçün həsr etmiş saf cəbhəçiləri də nəzərə alaraq xüsusi qeyd edib ki, kənara atılan da, təhqir olunan da, əli boş qalan da elə həmin şəxslər olurlar.

Beləliklə də, xanım cəbhəçi reallığı dilə gətirsə də, əslində yeni bir şey demədi. Çünki bunu biz illərdir deyirik. AXCP-də olan sadə, saf üzvlərin əslində Əli Kərimlinin övladlarının xaricdə rahat, şad-xürrəm yaşamaları üçün çalışdıqlarını faktlarla sübuta yetirmişik. Onlar başa düşməlidirlər ki, Əli Kərimli demokratiya, insan hüquqları, sosial dövlət ideyalarına tüpürmüş, maddi maraq üçün çalışan bir diktatordur. Elə ona görə də sadə bir çəhbəçinin onun üçün dəyəri yoxdur. Məhz bu səbəbdən də cəbhəçilər onun istefasını tələb etməlidirlər. Əgər onlar üçün əlavə faktlar lazımdırsa, Vahid Məhərrəmli, Dilarə Miriyeva, Aydın Əliyev kimi veteran cəbhəçilərlə söhbət edə bilərlər...

Onu da qeyd edək ki, AXCP-də olan bu istefa dalğalarından sonra Əli Kərimlinin istefası məsələsi gündəmə gəlməlidir. Partiyanı idarə edə bilməyən, istefaların qarşısını ala bilməyən, yeni üzvlər cəlb etməyi bacarmayan biri partiya sədri olaraq qala bilməz. AXCP-də olan gənclərə meydan açılmalıdır. Nə zamana qədər AXCP Əli Kərimlinin girovluğunda qalmalıdır? Seymur Həzi nə üçün Əli Kərimlinin kölgəsində olmalıdır?
AXCP-də baş verən istefa dalğalarından sonra Ədliyyə Nazirliyinin müvafiq qurumları da hərəkətə keçməlidir. AXCP partiya kimi qeydiyyatdan təxminən 5004 nəfərlə keçib. Elə iki gündə 5-10 nəfər istefa verib. Demək ki, AXCP üçün 5000 nəfərlik siyahı artıq reallığı əks etdirmir. Demək ki, bu partiyanın qeydiyyat məsələsinə yenidən baxılmalıdır.

P.S. Pərvin Hüseynli statusunda qeyd edib ki, onu təhqir etsələr, müsahibə təkliflərinə razılıq verəcək. Məncə artıq zamanıdır. Həm təhqir olunursunuz, həm də şərlənirsiniz. Nə qədər gec deyil, açın sandığı, tökün pambığı...

Ramil Vəlibəyov
YAP Nizami rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə