“Münaqişə Yaxın Şərq ölkələrinin biri-birinə olan münasibətini ortaya çıxartdı” - POLİTOLOQ ŞƏRH ETDİ

“Münaqişə Yaxın Şərq ölkələrinin biri-birinə olan münasibətini ortaya çıxartdı” - POLİTOLOQ ŞƏRH ETDİ

“Əgər zamanında böyük dövlətlər İsrail və Fələstin arasında spekulyasiya etməsəydi, həmçinin İsrail dövlətinin qurulması ilə bağlı öz məkrli siyasətlərini həyata keçirməsəydilər, bu gün İsrail-Fələstin arasındakı ziddiyyətlərin masa arxasında həlli mümkün olacaqdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, bir çox hallarda dövlətlərarası münaqişələrə səbəb zamanında xəritələrin cızılmasında bilərəkdən verilən siyasi hədəflər olur: “İsrail-Fələstin arasında fasiləsiz olaraq müxtəlif illəri əhatə edən hərbi insidentlərin şahidi olmuşuq. Son hadisələr bir daha göstərdi ki, münaqişələr həllini tapmırsa, bu münaqişə istənilən zaman durma fazasından müharibə mərhələsinə keçə bilər. Xüsusilə Yaxın Şərq kimi çox çətin və müxtəlif dünya güclərinin maraqlarının toqquşduğu mühitdə İsrail və Fələstin arasında baş verənlər gözlənilən idi. Demək olar ki, artıq üçüncü dünya müharibəsinə oxşar bir vəziyyətlə qarşı-qarşıyayıq. Avrasiyanın bir neçə önəmli kilid nöqtəsində, Avropanın qapısı Ukraynada, Cənubi Qafqazda Ermənistanda və Yaxın Şərqdə münaqişələr hökm sürür.

İsrail-Fələstin müharibəsi iki ölkə arasında deyil, həmçinin müəyyən qruplar arsındakı münaqişə kimi səciyyələnməlidir. Müharibənin gedişatı çox böyük zidiyyətlər olduğunu göstərir və bu fonda razılıq əldə olunmasından söhbət gedə bilməz. Hər gün hər iki tərəfdən qan tökülür. Çox təəssüf ki, XXI əsrdə belə bir münaqişə ilə qarşı-qarşıyayıq. Bu münaqişə həm də Yaxın Şərq ölkələrinin biri-birinə olan münasibətini ortaya çıxarmış oldu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə