"Xəmirin hələ çox su aparacağı gözləniləndir” - POLİTOLOQ ŞƏRH ETDİ

"Xəmirin hələ çox su aparacağı gözləniləndir” - POLİTOLOQ ŞƏRH ETDİ

“İsraillə Fələstin arasında gərginlik davam etməkdədir. Məlum olduğu kimi, İsrailə qəfil silahlı hücum aktından sonra Təl-Əviv HƏMAS-a müharibə elan edib. İsraillə HƏMAS arasında müharibə artıq yeni mərhələyə daxil olur. İsrail Silahlı Qüvvələri getdikcə HƏMAS silahlılarını bölgədən sıxışdırıb çıxarır və cəbhəni düşmən ərazisinə keçirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Politoloq bildirib ki, Qəzza strateji baxımdan çox önəmlidir: “İpək yoluna alternativ təşkil edən bu bölgə uğrunda mübarizənin qısa müddətdə başa çatması gözlənilmir. Bir müddət öncə atəşkəslə bağlı razılıq isə bütün müharibələrdə rast gəlinən haldır. Atəşkəs humanitar xarakter daşımaqla həlak olanların təslim edilməsini nəzərdə tutur. Lakin burada diqqət çəkən bir məqam var. Həmas humanitar atəşkəsin yalnız Qəzzaya yanacaq və dərman təminatı verildikdən sonra imzalanacağını bildirmişdi. Demək ki, İsrail qarşı tərəfin şərtlərini qəbul edib. İstənilən halda müharibə güclü tərəfləri belə tükədir.

Müharibənin davam etməsi İsrail büdcəsindən gündəlik 260 milyon dollar itkiyə səbəb olur. Büdcə kəsiri ötən illə nisbətdə 7 dəfə artıb. Bu göstərici Təl-Əvivin müharibənin dayandırılmasında maraqlı olduğunu göstərir. Lakin münaqişə ocağının aradan qalxmasını gözləmək absurd olardı. Üstəlik müharibənin davam etməsində maraqlı qüvvələr var. Rusiya bu müharibə ilə sanksiyalardan yayınıb Ukrayna ilə savaşın gündəmdə olmamasına nail olur. Çin Asya-Sakit okean hövzəsində möhkəmlənir. İran Qərbin zəiflədilməsinə, Suriyada güclər balansının dəyişməsinə nail olur. Odur ki, xəmirin hələ çox su aparacağı gözləniləndir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə