“Onlar Prezidentimizi təbrik etməyə borcludurlar” - MÖVQE BİLDİRİLDİ
“Ümumiyyətlə, qazanılmış ikinci Qarabağ zəfəri, sonuncu antiterror tədbirləri hər birisi ümumilikdə xalqımızın və dövlətimizin qazandığı qələbədir. Bunu heç bir formada qaralayıb ləkələmək olmaz”. Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.
Onun sözlərinə görə, qazanılan bu zəfərdə şübhəsiz ki, cənab Prezidentin böyük və müstəsna xidmətləri var: “Prezident bir Ali Baş Komandan və dövlət başçısı kimi bütün məsuliyyəti öz üzərinə götürərək bu prosesi əvvəlindən sonuna qədər aparıb, ümumilikdə dövlətimizi və xalqımızı qələbəyə kökləyib. Qələbənin qazanmasına cənab Prezidentimiz rəhbərlik edib. Bunun üçün müxalifət olmaz. Sən siyasi hakimiyyətə müxalif ola bilərsən, fikirlərin üst-üstə düşməyə bilər. Amma dövlət, millət, xalq, vətən, torpaq və milli maraqlar məsələsində müxalifətlik yox, xainlik ola bilər. İstənilən şəxs bilməlidir ki, qazanılan qələbə ümumilikdə Azərbaycan xalqının, dövlətin qələbəsidir. Ona görə də bu məsələdə maksimum ehtiyyatlı olmaq lazımdır”.
Samir Hümbətov sözlərinə belə davam edib: "Ölkəmizdəki xüsusilə müxalif camiasından və bəzi media qurumlarından rast gəlirik ki, bilərəkdən, yaxud bilməyərəkdən qazanılan qələbəni kölgə altına salmağa çalışırlar. Amma fakt budur ki, bu zəfər qazanılıb. Burada cənab Prezidentimizin misilsiz xidmətləri var. Bunu heç kim dana bilməz. Yəni, cənab Prezident adını tarixə yazdırmış, Azərbaycan tarixində Şah İsmayıl Xətaidən, Nadir şahdan sonra torpaq alan və dövlətinin ərazi bütövlünü tam şəkildə bərpa etmiş birinci şəxsdir. Yəni, 300 illik bir dövr ərzində və belə çətin şəraitdə itirilmiş torpaqlarımızın geri alınması asan məsələ deyil. Ətrafımıza diqqətlə baxın və görün nələr baş verir. Görün, üzümüzə gülən dövlətlər indi hansı üz göstərir. Bunlar hamısı nəzərə alınmalıdır.
Bu məsələləri ciddi nəzərə aldıqdan sonra müxalif mövqe tutmaq istəyən və zəfərimizə kölgə salmaq niyyətində olanlar bir daha düşünməlidir ki, bizim qazandığımız qələbə nə qədər böyükdür və Prezidentimizin burada nə qədər böyük xidmətləri var. Bunu onların hər biri dərk etməlidir.
O müxalif liderlər ki, var, onlar hələ də Prezidentimizi zəfər münasibətilə təbrik etməyiblər. Onlar cənab İlham Əliyevi təbrik etməyə borcludurlar. Çünki zəfər dövlətin qələbəsidir və bu da məhz cənab Prezidentin rəhbərliyi altında həyata keçirilib. Bu bir siyasi mədəniyyətdir və nümayiş etdirmək borclarıdır. Bunu edəcəklərsə nə gözəl, etməsələr də cəmiyyət kimin kim olduğunu çox yaxşı görür və bundan sonra da görəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB