“Türkiyə-Azərbaycan qardaşlığı gündən-günə genişlənən bir qardaşlıqdır” - HULUSİ KILIÇ

“Türkiyə-Azərbaycan qardaşlığı gündən-günə genişlənən bir qardaşlıqdır” - HULUSİ KILIÇ

“Türkiyə-Azərbaycan qardaşlığı dostları sevindirən, düşmənləri qısqandıran, hətta qorxudan bir qardaşlıqdır. Bu qardaşlığın təməlləri Ulu Öndər Atatürk tərəfindən 1920-ci ildə atılmışdır. Bu Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözü ilə başlayan bir qardaşlıqdır: “Yenə can Azərbaycanımızın Ümummilli lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" sözü ilə daha da bir məna qazanmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan qardaşlığı Türkiyə və Azərbaycan xalqını xoşbəxt edən və onlara güclü hiss etdirən bir qardaşlıqdır. Bizim qardaşlığımız ən önəmlisi, xalqlarımız arasındakı qardaşlıqdır. Kim nə deyirsə desin, Türkiyə-Azərbaycan qardaşlığı gündən-günə genişlənən bir qardaşlıqdır. Bu qardaşlığın 1915-ci il Çanaqqala müharibələrində, 1918-ci il Azərbaycanımızın ilk cümhuriyyətinin qurulmasında başladığını, 15 sentyabr 1918-ci ildə Bakının qurtarılması ilə daha da gücləndiyini, yenə 1991-ci ildə Azərbaycanımızın yenidən müstəqilliyini qazanmasında yenə daha güclü bir məna qazandığını deyə bilərik”.

Hulusi Kılıç sözlərinə belə davam edib: “1993-cü ildə Azərbaycanımızın torpaqlarının işğalı ilə Ermənistanla sərhədi bağlanması və diplomatik münasibətlərin kəsilməsi ilə dünyaya bir nümunə oldu. Ancaq Azərbaycanla Ermənistan arasında sülh anlaşması imzalandıqdan sonra diplomatik münasibətlər gerçəkləşə bilər.

44 günlük Vətən müharibəsi vaxtı iki qardaş ölkənin həmrəyliyini dünya gördü. Bundan başqa, Türkiyədə meşə yanğınları olanda Azərbaycanımız fidan kampaniyası başlatdı, 6 fevral 2023-cü ildə əsrin fəlakəti - zəlzələlərin meydana gəlməsi ilə Azərbaycanımız ilk yardım göndərən və bölgədən ayrılan son dövlət oldu. Bunların hamısı bizim üçün, Türkiyə və Azərbaycan xalqları üçün böyük bir qürur yeri olmuşdur və bu qardaşlıq 15 iyun 2021-ci il Şuşa bəyannaməsi ilə rəsmən təşkil edilmişdir, müttəfiq münasibətləri rəsmi olaraq qurulmuşdur.

Türk dövlətləri bu qardaşlığa son dərəcə müsbət baxır və bundan ilham alır. Türkiyə və Azərbaycanın dostu olan ölkələr fərqli ola bilər. Bu dost ölkələr də Türkiyə-Azərbaycan qardaşlığından güc almaqdadır. Bizi düşmən qəbul edən və bu qardaşlığı qısqanan ölkələr də vardır. Biz belə deyirik, bizim dostluğumuz çox dəyərlidir. Əgər düşmənlərimizi öyrənmək istəyirsinizsə 44 günlük vətən müharibəsinə, 24 saatdan az sürən antiterror tədbirlərinə baxın. Biz sülh üçün, insanlıq üçün varıq. Biz bölgədə sülh olmasını istəyən iki qardaş ölkəyik.

Dediyim kimi, önəmli olan, bizim gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə