"Qulaqburması" vəd edən QIRMIZI XƏTT – TƏHLİL

Anti-Rusiya mövqeyi, rusların əleyhinə olması və Qərb yönümlü siyasəti ilə Ermənistan rəsmi Moskvanı qıcıqlandırmaqda davam edir. Rusiya Cənubi Qafqazdakı forpostunun, yəni Ermənistanın belə bir mövqeyi ilə nəinki razılaşmır, hətta rəsmilərin dili ilə, ifadəsi ilə çox kəskin bəyanatlarla çıxış edirsə, deməli, rusların səbr kəsası artıq dolub. Bu isə o deməkdir ki, Rusiya tərəfindən Ermənistanın ciddi şəkildə “cəzalandırılması” hər an gözləniləndir və bunun üçün Kremlin öz rıcaqlarından istifadə edəcəyi də şübhə doğurmur.

Rusiya XİN rəsmisindən Ermənistana qarşı ittihamlar

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermakın ötən ayın sonunda baş tutan görüşü, “Malta: Sülh Formulu” tədbiri çərçivəsində onların Ermənistan-Ukrayna münasibətlərini müzakirə etmələri rusların heç də ürəyincə olmayıb. Elə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi son brifinqdə bu görüşü kəskin şəkildə “pisləməsi” də bu baxımdan heç də təsadüfi deyil. Bu görüşü Rusiyanın XİN nümayəndəsinin məhz nümayişkəranə şəkildə anti-Rusiya addımı hesab etdiyi də kimsədə zərrə qədər şübhə doğura bilməz. Ona görə ki, Zaxarovanın kəskin şəkildə iradlar bildirməsi başqa cür düşünməyə belə qətiyyən imkan vermir. “Əgər siz Maltada qondarma Kopenhagen formatında keçiriləcək görüşdən danışırsınızsa, biz bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndiririk”, deyən Rusiya XİN nümayəndəsinin kəskin ifadələri təsdiq edir ki, İrəvanın hərəkətləri rəsmi Moskvanı artıq kifayət qədər qıcıqlandırıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərindən, eləcə də Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında Dublində son ünsiyyətdən, həmçinin Qranadada Nikol Paşinyan və Ukrayna prezidenti Vladimir Zelenski arasında söhbətdən Rusiya tərəfinin son dərəcə narazı qaldığı da Rusiyanın qıcıqlandığını təsdiq edir. “Aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə oyun oynanıldığına görə, mən belə düşünürəm ki, İrəvanda, özləri özlərinə hesabat verməlidirlər”, deyərək özünün və ölkəsinin qəzəbini gizlətməyən rusiyalı diplomat Ermənistan hakimiyyətini çəkinmədən, özü də açıq-aşkar şəkildə hədəfə alıb və qınayıb. O, Ermənistanın indiki rəhbərliyinin, bir müddət əvvəl respublikanın sabitliyi və firavanlığı üçün ən mühüm amil adlandırdığı müttəfiqlik münasibətlərini özü qəsdən pozmaqda olduğunu bildirib. Bu isə artıq o deməkdir ki, rəsmi Moskva sözün əsl mənasında artıq Ermənistanla nəinki müttəfiqlik münasibətlərini pozmaq niyyətindədir, hətta İrəvanı da hədəf seçib. Əgər bir ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi belə bir şəkildə mühakimə xarakterli çıxış edirsə, rəsmi şəkildə qarşı tərəfi ittiham edirsə, deməli, həqəqətən də həmin ölkənin səbr kəsası dolub və hətta bu, açıq-aşkar, çəkinmədən də bəyan edilir.

İrəvana edilən ciddi xəbərdarlıq

Rusiya tərəfi təkcə ittihamlarla artıq kifayətlənmir və bu ölkənin diplomatının hal-hazırda Ermənistanda rusofobiyanın olduğu barədə xəbərdarlıq etməsi fonunda, Kremlin İrəvana hədə kəsməsini də müşahidə edirik. Ermənistan mediasında rusofobiyanın genişlənməkdə olduğuna işarə edən Mariya Zaxarovanın xəbərdarlığı, eyni zamanda, bunun haradan qaynaqlanması, eləcə də haradan maliyyələşdirilməsi barədə dedikləri isə, Rusiya tərəfinin kifayət qədər araşdırma apardığını və bu araşdırmaların nəticələri fonunda da qəzəbini ortaya qoyur. “Əgər orada hesab edirlərsə ki, bunların haqqını kimin ödədiyini biz bilmirik, yanılırlar, çünki biz bilirik”, deyə rusiyalı diplomatın qeyd etməsi isə bir ehyamdır. Yəni, rəsmi İrəvana açıq şəkildə bildirilir ki, hətta erməni mediasının belə Qərb tərəfindən maliyyələşdirildiyi barədə Rusiya xəbərdardır. Bir sözlə, Zaxarova öz çıxışı zamanı heç nəyi gizlətmədən çox kəskin şəkildə öz ölkəsinin mövqeyini, daha dəqiq desək, Rusiyanın səbr kəsasının dolduğunu və Ermənistanın hədəfdə olduğunu bildirib, hansıki bu ermənilər üçün artıq “qırmızı xətt” hesab oluna bilər.

Doğrudur, rəsmi İrəvan bu vaxta qədər Moskvanı qıcıqlandıracaq kifayət qədər hərəkətlərə yol verib və bu hərəkətlərə görə Ermənistan dəfələrlə Rusiya tərəfində “məzəmmət” edilib. Yəni, indi səsləndirilənlər heç də Rusiyanın öz forpostuna ilk və yeganə iddiası, iradı deyil və rusların ermənilərə “qulaqburması” verməsi üçün Ermənistan tərəfi bu vaxta qədər qarşı tərəfə kifayət qədər səbəb, lazımi qədər əsas verib və Kremlin indiyə qədər olan sətiraltı xəbərdarlıqları da bu baxımdan heç də təsadüfi və səbəbsiz deyildi. Amma artıq vəziyyət keç də indiyə qədərki vəziyyət deyil və görünür, Ermənistan xüsusən də son üç ildə, yəni İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra, Qərblə Rusiya arasında qalaraq dondan-dona girdiyinə, birbaşa Kreml əleyhinə, rusların əleyhinə mövqe sərgilədiyinə görə, necə deyərlər, rəsmi Moskvanı tamamilə özündə çıxarıb. Hətta elə bir həddə, elə səviyyədə özündən çıxarıb ki, rəsmilərin bəyanatlarında aqressivlik belə açıq-aşkar hiss olunur.

Rusiyanın 102-ci hərbi bazası ilə bağlı rezonans

“The Wall Street Journal” üçün verdiyi müsahibəsində Nikol Paşinyanın ruslara qarşı tamamilə “həddini aşması” Rusiya tərəfindən qəzəblə qarşılanıb. Sözügedən nəşrə müsahibəsində erməni baş nazirin, Gümrüdə Rusiya hərbi bazasına ehtiyac olduğunu şübhə altına alan rezonanslı bəyanatı, yəni rəsmi İrəvanın bu həddə həyasızlığı Moskvanın diqqətindən kənarda qalmayıb və hətta Putinin mətbuat katibi Dmitri Peskovun belə reaksiyası özünü çox gözlətməyib, çünki o dərhal cavab verməyi lazım bilib. Hətta son dərəcə həssas olan bu mövzu Rusiya mətbuatında da fəal şəkildə müzakirə olunmaqdadır. Diqqətə çatdıraq ki, “İzvestiya” qəzeti şərh üçün hətta Dövlət Dumasına da müraciət edib. Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin də Rusiyanın 102-ci hərbi bazasının Gümrüdə yerləşdirilməsi ilə bağlı sazişin əsas müddəalarını açıqlayaraq bildirib ki, Ermənistan birtərəfli qaydada bildirişlə sözügedən hərbi bazanın öz ərazisindən çıxarılmasını qətiyyən tələb edə bilməz. “Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında bağlanmış müqaviləyə əsasən, tərəflərdən biri bu müddətin bitməsinə ən azı altı ay qalmış, müqavilənin növbəti müddətində digər tərəfin onun fəaliyyətinə xitam vermək niyyəti barədə yazılı şəkildə xəbərdarlıq etmədiyi təqdirdə, müqavilə avtomatik olaraq növbəti beş illik müddətə uzadılır. Tərəflərdən birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında bu müqavilənin müddəalarına yenidən baxıla bilər”, deyə Yuri Şvıtkin “İzvestiya” nəşrinə bildirib və bununla da kəskin şəkildə qarşı tərəfə çatdırılıb ki, Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasına nail ola bilməzlər. Daha dəqiq desək, bir sözlə, Ermənistana açıq şəkildə bəyan edilib ki, Rusiya hərbi mövcudluğundan qurtulmaq cəhdləri heç müzakirə predmeti belə deyil.

Ermənistana ünvanlanan kəskin mesajlar

Ermənistana qarşı daha bir kəskin mesajı Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski verib. O, TASS agentliyinə bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu məsələsindən sonra Ermənistanın Rusiya ilə dövlətlərarası münasibətlərdən dəm vurması, saziş imzalamaq təklifi, döyüşdən sonra əl yelləməyə bənzəyir və bu artıq faydasızdır. Daha dəqiq desək, Ermənistanın Roma statusunu ratifkasiya etməsinin ikitərəfli münasibətlər üçün mənfi nəticələrə səbəb olacağı qarşı tərəfə çatdırılıb. Yəni, qısa şəkildə bildirib ki, etdikləri xəyanətkarlıqdan sonra hansısa müttəfiqlikdən, münasibətlərdən ermənilərin dəm vurmaları, yaxud bu barədə danışıqlar belə bayağı hesab olunur və bu münasibətlərə ümid etməyə dəyməz.

Onsuz da Avropa İttifaqı missiyasının İrəvanda olması eyni kontekstdə Ermənistan-Rusiya münasibətlərinə bu vaxta qədər də təsirsiz ötüşməmişdi. Daha dəqiq desək, sözügedən missiyanın Ermənistan tərəfindən dəvət olunması və həmin ölkədə olması rusları qətiyyən qane etmirdi. Üstəlik, həmin o Avropa İttifaqı missiyası barədə ittihamlar da var. “Avropa İttifaqınin Ermənistandakı missiyası monitorinq adı altında Moskva və Tehrana qarşı kəşfiyyat məlumatları toplayır”, deyə rusiyalı diplomat Mariya Zaxarova Avropa İttifaqı missiyasını Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplamaqda da ittiham edib. Deməli, çoxdandır ki, ortada narazılıq var idi və məhz Rusiyaya qarşı kəşfiyyat məlumatları toplanılması üçün Ermənistanın şans yaratması rusları artıq özündən çıxarıbmış. Ümumiyyətlə, Avropa İttifaqının Ermənistanda öz missiyasını genişləndirmək niyyəti məlum olduqdan və bu missiyanın İrəvan tərəfindən dəvət olunduğu bəlli olduqdan sonra göründü ki, Rusiya tərəfi ermənilərin bu davranışını, bu hərəkətini qəbul edə, həzm edə bilmir. Bu da əlbəttə ki, səbəbsiz ola bilməz və təkcə Rusiya XİN nümayəndəsinin dediyi həmin o kəşfiyyat məlumatları məsələsi ilə də bağlı deyil. Deməli, diqqət cəlb edəcək hansısa məqamlar var və nəticə çıxarmaq üçün məntiqi əsaslar mövcuddur.

Təzyiq alətlərindən və təsir rıçaqlarından istifadə etmək niyyəti

Moskvanın narahatlığı ilk növbədə Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi ilə bağlı müəyyən narahatlıqlardan xəbər verir. Yəni, hansısa səbəblərdən asılı olaraq, Rusiyanın mövqeyinin Ermənistanda zəiflədiyi qənaətinin rəsmi Moskvanı narahat etməyə başladığı müşahidə edilir. Digər tərəfdən də bu, Moskvanın artıq İrəvana təzyiq alətlərindən və təsir rıçaqlarından istifadə etməyə başlamaq niyyətində olduğunu göstərir. Bunu təsdiq edən, yəni təzyiq alətlərindən və təsir rıçaqlarından istəfadəyə başlanılması niyyətini təsdiq edən faktlar artıq göz önündədir, hansıki Ermənistan tərəfindən səsləndirilən bəzi fikirlər deyilənləri isbatlayır. Məsələn, Ermənistanın “Respublika” partiyasının sədri Aram Sarkisyan öz ölkəsinin mətbuatına müsahibəsi zamanı, Hindistana məxsus avadanlıqları Rusiyanın nəqliyyat şirkətinin Ermənistana verməkdən imtina etdiyini, sonda İranın bunu reallaşdırdığını bildirib. Bundan əlavə, Paşinyan özü də belə bir ifadə işlədib ki, Rusiya 2021-ci ilin sonundan İrəvanın artıq ödədiyi silahların tədarükünü dayandırıb. Deməli, Rusiyanın Ermənistana qarşı müəyyən təzyiqlərə başlamaqda olduğu qənaətinə gəlməkdə haqlıyıq və artıq bu təsirlər görünməyə başlayır, amma ermənilər elə zənn etməsinlər ki, ruslar bundan savayı heç nə edə bilməzlər. Bu xəmirin hələ çox su aparacağı fikrində olan politoloqlar, siyasətçilər az deyil və İrəvan ümün dırnaqarası "sürprizlərin qarşıda olduğu barədə fikirlər var.

Rusların səbr kəsasını dolduran ermənilər “sürprizlə” qarşılaşmalı olacaqlar

Məsələ burasındadır ki, bir sıra təzyiqlər, təsirlər xaricində Rusiya hələ bu vaxta qədər Ermənistana qarşı demək olar, heç nə etməyib, çünki Kreml özünün daha təsirli rıcaqlarını işə saldığı zaman indi hiss etdikləri, rastlaşacaqları fəlakətlər fonunda heç ermənilərin gözünə də görünməyəcək və onlar daha dəhşətli aqibətlə, ağıllarına belə gəlməyən “sürprizlə” qarşılaşmalı olacaqlar. Ruslar ermənilərə qarşı bildiklərini, əllərindən gələnin hamısını bu vaxta qədər etsəydilər hayların vəziyyəti bundan dəfələrlə ağır və kəskin şəkildə pisləşməli idi. Məsələn, Moskva istəsəydi, bu vaxta qədər Ermənistana elə ciddi iqtisadi təzyiqlər edərdi ki, bunun altından rəsmi İrəvan qətiyyən çıxa bilməzdi. Yəni, ermənilərin ən acınacaqlı durumu üçün rusların təkcə iqtisadi təzyiqləri kifayət edir. Amma görünən odur ki, Rusiya indiyə qədər bu varianta əl atmayıb və çox güman ki, özlərinə “çəki-düzən” vermələri üçün ermənilərə bu zamana qədər sadəcə müəyyən şans verilib. Bir sözlə, ruslar hayların həyasızlığına bu zamana qədər səbr ediblər. Amma bu o demək deyil ki, sonsuza qədər səbr edəcəklər. Bu o demək deyil ki, Rusiyanın da səbr kəsası qətiyyən dolmayacaq, çünki ermənilərə istədiklərini etmək kimi bir imkan veriləcəyi qətiyyən mümkün deyil. Üstəlik, anti-Rusiya mövqeyinə müəyyən dəyişiklik etmələri üçün verilən vaxt da bitmək üzrədir və hayların zamanı da, şansları da tükənməkdədir. Amma verilən bu vaxtdan və şansdan ermənilərin nə dərəcədə istifadə edəcəyi, yaxud istifadə etmək niyyətində olub-olmadıqları bəlli deyil. Çünki Ermənistanda kütlə idarəedilməz haldadır və rəsmi İrəvan da, daxili auditoriyaya hesablanan ağılsız bəyanatları ilə başını girələyən erməni baş nazir Nikol Paşinya da nəticə çıxarmış kimi görünmür. Deməli, səbr kəsası dolan Rusiyanın ən yaxın zamanda məhz Ermənistana “öz yerini” göstərəcəyi, “qulaqburması” verəcəyi istənilən anda baş verə bilər. Yəni, sadalananların fonunda onu deyə bilərik ki, bütövlükdə Ermənistan və erməni cəmiyyətinin düz önündə “qırmısı xətt” artıq peyda olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə