Qısqanclıq sevginin göstəricisidir, yoxsa problem? - PSİXOLOQ DANIŞDI

"Müəyyən bir emosional gərginlik mərhələsindən keçirik. Bu mərhələdə insan qısqanır, itirmək qorxusu yaşayır. Münasibətini qorumaq üçün qısqanır, bəzən nəzarət etmək məqsədilə qısqanır, bəzən isə digər insanlara və hətta öz partnyoruna güvənmədiyi üçün bu itirmə qorxusu daha da güclənir. Beləliklə, insanlar arasında formalaşmış bir qorxu yaranır və qısqanclıq çox vaxt xəyanət anlayışı ilə paralel qəbul edilir. Məsələn, bir dostun və ya yaxının xəyanətə uğraması belə insanın beynində qısqanclıq hissini daha da artırır. Bu isə münasibətdə həm qoruma istəyi, həm də itirmə qorxusu ilə eyni anda inkişaf edir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, yəni münasibət ya təhlükə altına düşür, ya da nəzarət mərhələsindən çıxaraq güvən mərhələsinə keçir: "Statistik baxımdan qısqanclığın şəxsiyyət tipləri ilə bağlı olduğu müşahidə olunur. Özünə güvəni zəif olan, güvən problemi yaşayan və ya sosial münasibətlərdə çətinlik çəkən insanlar daha çox qısqanmağa meyilli olurlar. Bu cür şəxslərdə nevrotik əlamətlər, qorxu və narahatlıq daha güclü olur.

Eyni zamanda, qısqanclıq bağlanma tipləri ilə də birbaşa əlaqəlidir. İnsanlar bəzən sağlam, yəni güvənli bağlanma ilə deyil, güvənsiz və ya qaçınan bağlanma forması ilə münasibət qururlar. Yəni bir insana tam güvənməsələr də ona bağlanırlar və ya ondan uzaqlaşsalar belə emosional olaraq bağlı qalırlar. Bəzən isə qarşı tərəfi idealizə edərək xəyalda münasibəti davam etdirirlər.

Psixologiyada qısqanclıq səviyyələri klinik olaraq da ölçülə bilir. Müxtəlif testlər vasitəsilə insanın sağlam və ya qeyri-sağlam bağlanma modelinə sahib olub-olmadığını müəyyən etmək mümkündür.

İnsanlar ən çox partnyorunun başqasına göstərdiyi diqqəti, sevgini, enerjini, vaxtı və hətta maddi resursları qısqanırlar. Əslində insanlar partnyorun başqasına etdiyi davranışları qısqanırlar və “niyə mənə yox, ona” düşüncəsi burada əsas rol oynayır.

Qısqanclığın sevginin göstəricisi olub-olmaması və ya problem kimi dəyərləndirilməsi onun həddindən asılıdır. Müəyyən səviyyədə bu hiss bağlılıq və dəyər vermə ilə əlaqəlidir və insan heç qısqanmırsa, bu bəzən onun emosional bağlılığının zəif olmasına işarə edə bilər.

Amma qısqanclıq həddindən artıq olduqda artıq problemə çevrilir. Sağlam olmayan hallarda partnyorun telefonunu yoxlamaq, qadağalar qoymaq, daim “haradasan, kiminləsən” sualları vermək, sosial çevrədən uzaqlaşdırmaq, nəzarət və izləmə tətbiqlərindən istifadə etmək kimi davranışlar ortaya çıxır. Bu isə sevgi deyil, nəzarət və güvənsizlik mərhələsidir.

Sağlam qısqanclıqda insan sadəcə diqqətini artırır, münasibəti qorumağa çalışır, narahatlıq hiss etsə də qarşı tərəfə hörmət edir.

Patoloji, yəni qeyri-sağlam qısqanclıqda isə insan beynində ssenarilər qurur, əsassız şübhələr yaradır, qarşı tərəfə nəzarət etməyə çalışır, aqressiya və güvənsizlik artır.

Bəzi hallarda insanlar partnyorlarını izləmək üçün proqramlardan istifadə edirlər və bu, münasibətdə daha çox konflikt, aqressiya və güvən probleminə səbəb olur. Bu vəziyyət kişilərdə də eyni şəkildə müşahidə olunur. Elmi yanaşmaya görə qısqanclıq həm müəyyən qədər sevginin, həm də müəyyən qədər psixoloji problemin göstəricisi kimi çıxış edir və buna görə onu yalnız sağlam və patoloji formalarına görə qiymətləndirmək mümkündür.

Bəzi insanlar qısqanclığı sevgi ilə birbaşa əlaqələndirir və bunu “mən qısqanıram, çünki sevirəm”, “əgər sən də məni qısqanırsansa, deməli biz bir-birimizi sevirik”, “mən səni qısqanıram, amma bu sevgimə baxmayaraq baş verir” kimi ifadələrlə izah edirlər.

Bu yanaşmalar göstərir ki, qısqanclıq bəzən sevgi ilə əlaqələndirilsə də, hər zaman yalnız sevginin göstəricisi deyil və bu məsələni anlamaq üçün onun mahiyyətinə daha dərindən yanaşmaq lazımdır.

Əslində qısqanclıq bioloji baxımdan özünü qoruma instinkti, psixoloji baxımdan isə travmaya qarşı müdafiə mexanizmi kimi çıxış edə bilər.

Qısqanclığın dozası və forması onun sağlam və ya qeyri-sağlam olduğunu müəyyən edir və bu hiss insanın öz dəyər hissi ilə də sıx bağlıdır. İnsan dəyər verdiyi bir münasibəti itirməkdən qorxduqda bu təhlükə qarşısında yaranan emosiyalar qısqanclıq şəklində üzə çıxır.

Bu prosesdə əvvəlcə itirmək qorxusu yaranır, daha sonra “onu itirə bilərəm” düşüncəsi formalaşır, bunun ardınca müxtəlif şübhələr meydana gəlir və nəticədə nəzarət, yoxlama, narahatlıq və qoruma istəyi kimi davranışlar ortaya çıxır.

Beləliklə, qısqanclıq təkcə hiss deyil, duyğu, düşüncə və davranışın birlikdə formalaşdırdığı kompleks bir reaksiyadır.

Müəyyən həddə qısqanclıq normal və insani hiss olaraq qəbul olunsa da, həddi keçdikdə münasibətdə nəzarət, güvənsizlik və problemlər yaradır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə