Tramp İranla danışıqları qorumaq üçün İsrail və Hizbullah arasında vasitəçilik edir
ABŞ və İran arasında planlaşdırılan sülh danışıqları İsrailin Livana endirdiyi son zərbələrdən sonra yenidən qeyri-müəyyən vəziyyətə düşüb.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, “bir cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir” və bunun nəticələrinə görə ABŞ və İsraili məsul hesab edib. İran mediasında yayılan məlumatlara görə, Tehran Hörmüz boğazı ilə bağlı gərginliyin azaldılmasına yönəlmiş danışıqlarda iştirakını dayandırmaq niyyətindədir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahu və Hizbullah nümayəndələri ilə əlaqə saxlayaraq tərəflər arasında vasitəçilik aparıb. Tramp sosial media hesabında hər iki tərəfin atəşkəsə əməl etmək barədə razılığa gəldiyini bildirib.
Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, təklif olunan razılaşmaya əsasən, Hizbullah İsrailə qarşı yeni hücumlara başlamadığı təqdirdə, İsrail də Beyrutun cənub ətraflarına hava zərbələri endirməyəcək.
Bununla belə, vəziyyət gərgin olaraq qalır. İsrail ordusu bazar ertəsi Livandan ölkə ərazisinə atılan iki raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
İran danışıqları dayandırmaqla hədələyir
İran rəsmiləri İsrailin Livandakı əməliyyatları və atəşkəs rejiminin pozulması səbəbindən ABŞ-la vasitəçilər üzərindən aparılan təmasları dayandırdıqlarını bildiriblər.
Gərginlik ABŞ-ın həftəsonu İranın radar və pilotsuz uçuş aparatları ilə əlaqəli obyektlərə zərbələr endirməsindən sonra daha da artıb. Tehran isə buna cavab olaraq ABŞ-ın bölgədəki hərbi maraqlarını hədəfə aldığını açıqlayıb.
Hadisələrin inkişafı regionda təhlükəsizlik vəziyyətini yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB