"Azərbaycan enerji əməkdaşlığını genişləndirir" - POLİTOLOQ DANIŞDI

"Cənab Prezidentin “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimindəki çıxışı bir çox baxımdan diqqət çəkir. Ümumiyyətlə, Azərbaycan hazırda regionun əsas enerji istehsalçısı və ixracatçısı olan ölkələr sırasında yer alır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından etibarən enerji siyasətində mühüm nailiyyətlər əldə edib. “Əsrin müqaviləsi” ilə təməli qoyulan enerji strategiyası bu gün də uğurla davam etdirilir.

Müharibə illərinə və torpaqlarımızın işğal altında olmasına baxmayaraq, Azərbaycan böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə nail olub. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu bunun bariz nümunələridir.

Bu gün Azərbaycan Avropanın bir çox ölkəsinə təbii qaz ixrac edir və Avropaya nəql olunan qazın həcmi ildən-ilə artır. Bununla yanaşı, Azərbaycan regionda mühüm enerji habı rolunu da oynayır.

Mərkəzi Asiya ölkələri, İran və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində enerji sahəsində yeni imkanlar formalaşır. Eyni zamanda Azərbaycan Suriya, İraq və İraq Kürdüstanı ilə enerji sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu isə gələcəkdə Avropaya nəql ediləcək qaz və neft həcmlərinin artırılmasına töhfə verə bilər.

Digər mühüm istiqamət yaşıl enerji siyasətidir. Azərbaycan artıq enerji sektorunda şaxələndirmə siyasətini həyata keçirir və bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Xüsusilə Qara dəniz vasitəsilə Avropaya yaşıl elektrik enerjisinin nəqli layihəsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Bütün bunlar göstərir ki, Azərbaycan enerji siyasətini uğurla davam etdirir və ölkəmiz qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Cənab Prezident də çıxışında bu məsələlərin hər birinə xüsusi diqqət ayıraraq Azərbaycanın enerji strategiyasının gələcək hədəflərini və prioritetlərini ətraflı şəkildə təqdim edib".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə