PREZİDENT İLHAM ƏLİYEV: “Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq”
Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış Türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən Türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türkdilli dövlətlər xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”ni imzalanıb.
Nəzərə çatdıraq ki, Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Zirvə görüşləri keçirilib və bu da əlaqələrin daha sıx olmasına imkan verir.Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın üzv, Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri Təşkilatının noyabrın 2-də “Türk əsri!” şüarı altında keçirilən 10-cu Zirvə görüşdə türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlr müzakirə olunub. Zirvə görüşündə türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunaraq və birgə layihələr təsdiq edilib. Dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Dünyada və regionda baş verən siyasi və iqtisadi hadisələr fonunda türk birliyi üçün gərəkli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktı qəbul olunaraq, Astana Sammiti Bəyannaməsi imzalanıb. Zirvə görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu görüşdə iştirak edərək çıxış edib. Həmçinin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
“TÜRK ƏSRİ!” YUBİLEY – 10-CU ZİRVƏ GÖRÜŞÜ
Qazaxıstanın paytaxtı Astana şəhərində noyabrın 2-də Türk Dövlətləri Təşkilatının “Türk əsri!” şüarı altında keçirilən 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlham Əliyev deyib ki, son iki ildə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirib.«Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir»,-deyən dövlətimizin başçısı çıxışında onu da vurğulayıb ki, etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil edir: «2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.Azərbaycan Prezidenti Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinə verilən dəstəyə görə minnətdarlığını bildirib.
AZƏRBAYCAN TÜRK DÖVLƏTLƏRİNİN İQTİSADİYYATINA 20 MİLYARD ABŞ DOLLARINDAN ÇOX SƏRMAYƏ QOYUB
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub: "Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir".Ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başlandığını vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub. “2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü zamanı Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub.
TÜRK DÖVLƏTLƏRİ İLƏ MÜNASİBƏTLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİ AZƏRBAYCAN XARİCİ SİYASƏTİNİN ƏSAS PRİORİTETLƏRİNDƏN BİRİDİR
Bu gün ölkəmizin günü-gündən dünya dövlətləri arasında prestijinin artması ilə bir çox ölkələr,o cümlədən, Mərkəzi Asiya dövlətləri Azərbaycanla münasibətlərə isti yanaşır.Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gləcək üçün yaxşı perspektivlər vəd edib. Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həm ölkə daxilində, həm də ölkə xaricində balanslaşdırılmış siyasət yürüdür. Məhz buna görə də son illərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq arenada dostluq etdiyi ölkələrin sayı durmadan artır. Ölkəmizin tərəfdaşlarının artması isə dövlətimiz adına yalnız uğur gətirə bilər. Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan özünə xeyli dost və qardaş ölkə qazana bilib. Son dövrlər Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir.
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir.Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.Son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı qardaş dövlətlərin rəhbərlərinin də həmin dövrdə Azərbaycana çoxsaylı səfərlər etdiklərini vurğulayıb.
"AZƏRBAYCAN ETİBARLI TRANZİT ÖLKƏ KİMİ ÖZÜNÜ TƏSDİQLƏYİB"
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında vurğulayıb ki, münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib: “Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir”.Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir.Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur. Aprelin 20-də ölkəmizə səfər edən Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum bu baxımdan xüsusi əhəmiyyətə malikdirlər. Bu o deməkdir ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Bundan əlavə, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır. Azərbaycanın apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti regionda ölkənin tranzit mövqeyinin möhkəmləndirməsi və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Bu da öz növbəsində dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşması, ticarət əlaqələrinin genişlənməsi, yük daşımaları ilə əlaqəli infrastruktur sahələrin daha da inkişafına fayda qatacaqdır. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcəkdir. Çox sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra qısa bir zamanda Şərq-Qərb dəhlizinə müsbət töhfəsini verməkdə davam edir.Sonda onu da qeyd etmək yerinə düşər ki, Vətən müharibəsindəki Qələbədən sonra Zəngəzur nəqliyyat dəhlizi layihəsi də aktuallaşmış oldu. Zəngəzur nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək.Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.Bir sözlə, Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATINA ÜZV ÖLKƏLƏR ARASINDA TƏHLÜKƏSİZLİK, MÜDAFİƏ, MÜDAFİƏ SƏNAYESİ KİMİ SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ DAHA DA ARTMALIDIR
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında bildirib ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur: «Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur».Müharibələrin, qanlı münaqişələrin alovlandığını qeyd edən Prezident İlham Əliyev bildirib: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.
“Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur”.Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.Azərbaycan Prezidenti Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və inşa edilən yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirərək deyib: “Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.Bu gün real mənzərə onu deməyə əsas verir ki, türk birliyi qlobal gücə çevrilib və Zirvə görüşü türkdilli dövlətlərin mövcud sıx əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsinə müsbət təsirini göstərəcəkdir.Bir sözlə, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əməkdaşlığın geniş perspektivləri var və gələcək illərdə mövcud potensialdan tam istifadə üçün daha böyük addımlar atılacaq. Bu gün real mənzərə onu deməyə əsas verir ki, türk birliyi qlobal gücə çevrilib və Zirvə görüşü türkdilli dövlətlərin mövcud sıx əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsinə müsbət təsirini göstərəcəkdir. Dövlət başçımızın söylədiyi kimi: «Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB