Kanadanın ikili standartlara alət olmasının PƏRDƏARXASI - TƏHLİL

Kanadanın ikili standartlara alət olmasının PƏRDƏARXASI - TƏHLİL

Ermənistanın qondarma və dırnaqarası “demokratiyasını” dəstəklədiyini bayağı şəkildə nümayiş etdirmək istəyən Kanada diplomatiyasının rəhbəri Melani Coli, həm də erməni sevgisini, ermənipərəstliyini açıq-aşkar formada ortaya qoyub və hətta bir çoxlarına göstərmək üçün, sadiq nökər olduğuna kimlərisə inandırmaq üçün bunu, nümayişkəranə şəkildə edib. Ermənistanda olarkən ifrat dərəcədə bayağı davranan Coli özünü “öz ailəsində” olmuş kimi göstərməklə, təkcə kanadalı kimi yox, həm fransalı biri kimi davranıb, həm də ABŞ kimi bir güclü dövlətin marioneti olduğunu təsdiqləyib və sanki bunları etiraf edib.

“Kanada Ermənistan xalqının yanındadır, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, deyən Kanadanın Xarici İşlər Nazirliyinin rəhbəri işğalçı ölkəyə nəzərdə tutulan yardımın artırılacağını da bəyan edib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunu tərk etmək qərarına gələn ermənilərə, əvvəl elan edilmiş 1,3 milyon dollar yox, artıq 3,9 milyon dollar məbləğində yardım ediləcək. Nə səbəbə artırıldığı, elan edilən məbləğin nə səbəbə artdığı barədə sualı xanım Coli açıq qoyub və bu barədə bir kəlmə də deməyib, amma hər halda maraqlı və diqqət çəkən məqamdır. “Bu gün söz verdiyimiz kimi, Ermənistanda səfirlik açırıq, çünki bizim Ermənistanda olmağımız çox vacibdir”, deməklə, Coli onu nəzərə çatdırmaq istəyib ki, Kanada bundan sonra Ermənistanda daha aktiv şəkildə proseslərdə iştirak etmək, daha doğrusu, bölgəyə burnunu soxmaq niyyətindədir. Bu niyyətini də, məhz ABŞ və eləcə də Fransa başda olmaqla, bütün Avropaya eşitdirmək üçün Melani Çoli İrəvanda bu şəkildə “canfəşanlıq” edib.

“Azərbaycana qarşı sanksiyalar məsələsi müzakirə olunur. Eyni zamanda biz Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşılacağını gözləyirik, bu, bizim üçün dogmadır və biz bunu diqqətlə izləyirik”, deyən Kanadanın XİN rəhbəri kimlərə isə daha xoş gəlmək üçün, onların daha çox diqqətini cəlb etmək üçün dediklərinin, yəni müvafiq auditoriyaya hesablanan çıxışının sonunda Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı da vədlər verib. Maraqlıdır, yaltaqlanmaq və özünü göstərmək üçün bir diplomatın ağlına gələni danışması, ələlxüsus da heç bir əsas olmadan sanksiya tətbiqi barədə sayıqlaması Qərb tərəfindən, yaxud Avropa tərəfindən qəbul olunandır, yoxsa Melani Colinin timsalında yaltaqlara belə bir icazə verilib? Amma, son hadisələri, ələlxüsus ölkəmizlə təhdid dili ilə danışmağı özünə rəva bilən Ermənistanın aqibətini müşahidə edən hər biri ayrı-ayrılıqda bilməlidir ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz və bu şəkildə davranış ölkəmiz üçün ümumiyyətlə qəbul edilən deyil. Azərbaycana qarşı sanksiyaların tətbiqini istisna etməyən Kanada Xarici İşlər Nazirliyinin rəhbərini təhdid dilində danışmaqdan çəkinməyə çağıran, bunun son dərəcə yanlışlıq olduğunu və heç bir tərəfə uğur gətirməyəcəyni öz bəyanatında xatırladan rəsmi Bakı əslində, sanksiya tələbi və təhdid dili ilə danışan, yaxud danışmaq istəyənlərin hamısına kəsərli bir mesaj vermiş olub.

Sözsüz ki, həqiqətə uyğun olmayan, eləcə də milli maraqlarımıza zidd olan bu cür çıxışlara Azərbaycan tərəfi layiqincə cavab verir və bu dəfə də kanadalı yaltaq və ikiqzlü öz cavabını alıb. Rəsmi Bakı Kanadanın xarici işlər naziri Melani Colini haqlı olaraq, qərəzli mövqedə ittiham edib və onu təxribat xarakterli çıxışlardan əl çəkməyə çağırıb. Əlbəttə, bu çağırışla həm də Coliyə başa salınır ki, onun belə bir şəkildə çıxışı Ermənistan tərəfini “ruhlandırmaqla” təxribatlara rəvac verir. Bununla təkcə Coliyə yox, elə Kanadaya da, bu ölkəni təhrik edən Fransaya da, həmçinin ABŞ kimi özünü demokratiyanın beşiyi adlandıran ölkəyə də lazımi mesajlar verilir. Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında qeyd edir ki, Colinin regiondakı əsl vəziyyəti bilmədən nümayiş etdirdiyi qərəzli mövqe tamamilə əsassızdır. Yəni, əslində bu, təkcə Kanadanın yox, bütövlükdə digərlər ermənipərəstlərin də ünvanına səslənən bəyanatdır və heç şübhəsiz ki, hər biri də bundan öz payını layiqincə götürmüş olur.

Melani Colinin İrəvana səfəri və səfər çərçivəsində nümayiş etdirdiyi mövqeyi əlbəttə ki, bir sıra suallar doğurur. Maraqlıdır, dünyanın əks qütbündə yerləşən Kanada birdən-birə, amma məhz Fransanın ardınca nəyə görə açıq şəkildə ermənipərəst mövqe tutmaq qərarına gəldi və nə səbəbdən bunu da bir başqası yox, həmin ölkənin XİN rəhbəri utanmadan nümayiş etdirməli oldu? Görəsən, rəsmi Ottava üçün bu mövqe nəyə lazım idi və bundan nə kimi fayda görə bilər axı? Məsələ burasındadır ki, Ermənistanla Kanada arasında nə coğrafi baxımdan, nə də iqtisadi baxımdan yaxınlıqdan danışmaq olmaz və regiona aid olmayan bir ölkənin qəflətən burnunu regiona soxması tamamilə mənqitsizdir və diqqəti də cəlb etməyə bilməz. Bu suallar və diqqət çəkən məqamlar həqiqətin izinə düşmək imkanı verir və məlum olur ki, əvvəla, fransız əsilli kanadalı xarici işlər naziri Coli Kanadadakı erməni diasporu ilə yaxın münasibətdədir və məhz buna görə onu “qabağa salıblar”, yaxud özü “qabağa düşüb” Ermənistana gəlib.

Məlumdur ki, liberal siyasət aparan Ottava Ukraynanı dəstəkləməkdə çox israrlıdır. O da məlumdur ki, 2020-ci ildə müharibə zamanı Bayraktarlar üçün optik qurğular məsələsi ilə bağlı Kanadanın Türkiyə ilə mübahisəsi var idi. Kanadanın Harris müdafiə şirkətinin optik cihazlarından Azərbaycanın istifadə etməsindən Kanada narazı idi və açıq şəkildə də bildirilirdi ki, bu cür cihazların istifadəsi Kanadanın xarici siyasəti və Türkiyənin onları üçüncü şəxslərə verməmək zəmanəti ilə bir araya sığmır. Ancaq buna baxmayaraq indi Kanada Ukraynada eyni Bayraktarlardan istifadə etmək əleyhinə qətiyyən mövqe bildirmir və ikili standart, ikiüzlülük bu ölkə üçün də qəbulolunan hesab edilir. Deməli, Kanada və onun XİN rəhbəri hansısa ölkənin, hətta bir sıra ölkələrin marioneti rolunda çıxış etməklə, elə onların özləri kimi də ikili standartları, ikiüzlülüyü qəbul etmiş olduğunu göstərir. Amma bütün bunlar ən çox da onu göstərir ki, Kanada şəksiz-şübhəsiz ABŞ və Fransanın tapşırığı ilə ortaya atılıb və bunu təsdiq edən məqamlar kifayət qədərdir.

Qafqazda regional təhlükəsizlikdə Kanadanın özünü daha bir dominant qüvvəyə çevrməyə çalışması, ən azından bu ölkənin etdiyi cəhdlər həqiqətən də təəccüblüdür. Məhz elə təəccüblü olması da bir sıra məqamların aydınlaşdırılması üçün kifayət qədər əsas verir. Bütün bunların, cərəyan edənlərin fonunda dərhal bəlli olur ki, Paris xarici siyasət müttəfiqlərindən biri olan Ottavanı Cənubi Qafqazdakı maraq dairəsinə daxil edib və bu ölkəni məcbur edib ki, özünü İrəvanın digər müdafiəçisi kimi göstərsin. Görünür, regionda mövqe tutmaq üçün nə qədər çalışsa da, tək özü bacarmadığını dərk edən, hətta bunu qəbul edən, etiraf edən Fransa indi Kanadanı da regiona burun soxmaq üçün təhrik edir və məqsədi də aydındır. Aydın olan odur ki, Ottavanı öz təsiri altına alan Paris onu regiona təhrik etməklə, dominantlığı öz üzərinə götürmək niyyəti güdür və bu oyunda Kanada da, onun XİN rəhbəri də məmuniyyətlə alət olmağa razıdır. Ermənistan da öz növbəsində razıdır ki, Qərbin, Frankofoniya dövlətlərinin nümayəndələrini regiona “bağlasın”, onların geosiyasi missiyalarının həyata keçiriləcəyi özəyə çevrilsin. Qərbin regional təhlükəsizlik bəhanəsi ilə Cənubi Qafqaza soxulmaq niyyətinin, məhz Ermənistanın tamamlayıcı xarici siyasət kontekstilə uyğunluğu onu deməyə əsas verir ki, rəsmi İrəvan hansısa tarazlıq yaratmaq fikrindədir və buna nail olmaq üçün şeytanın özünün də regiona burun soxmasına razıdır, amma Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bunun mənasız olduğunu dərk etmir.

Kanada nə Qarabağda, nə də Cənubi Qafqazda baş verənlərdən xəbərdar olan ölkə kimi görünmür və sanki xanım Coli ona verilən hazır mətni İrəvanda üzündən oxuyur. Əks halda, bu ölkənin XİN rəhbəri Qarabağdan könüllü şəkildə çıxan ermənilərə görə Azərbaycanı dırnaqarası “etnik təmizləmədə” ittiham etməzdi. Əgər həqiqətən də Qarabağda, Cənubi Qafqazda baş verənlərdən xəbərdar olaraq belə ittihamlarla çıxış edirsə, deməli özü barədə də, ölkəsi barədə də ictimai fikirdə belə narazılığı yaratmaqdan çəkinmir. Əslində, “yer altı məzarlıq” adlandırıla biləcək bir ölkənin, yəni Kanadanın və onun diplomatının hansısa ölkəni ittiham etməsi hədsiz dərəcədə gülünc səslənir. BMT nümayəndələri belə təkzib etdikdən sonra bu ölkənin XİN rəhbəri hansı haqla ittihamla çıxış edir? “Bizim məqsədimiz Kanadada tək bir hindli qalmayana qədər davam etməkdir”, deyə bəyan edən məhz Kanadanın məşhur dövlət xadimlərindən olan Duncan Campbell Scott deyildimi və bunun fonunda həmin o “yer altı məzarlıq” adlandırılan, müstəmləkəçilik siyasəti altında həyata keçirdiyi soyqırımların 500 ildən artıq tarixi olan ölkənin diplomatı nə üzlə rəsmi Bakıya qarşı hansısa ittiham irəli sürə bilir? Keçmiş internat məktəblərinin birində yerli xalqların aclıq, zorakılıq, yanğın səbəbindən tələf olan 215 uşağının cəsəd qalıqlarının 2021-ci ildə tapılması ilə bütün dünyada ifşa olunan Kanada öz diplomatının dili ilə kimi ittiham və mühakimə etməyi özünə rəva bilib, Azərbaycanımı?

Heç bir zorakılığa, soyqırıma yol verməyən, vətəndaşlıq və reinteqrasiya təklifi edərək, öz ərazilərində bu zamana qədər məskunlaşan erməni əsillilərə təhlükəsizliklərinin təminatı vədi verən Azərbaycanı həmin o ifşa olunan ölkə diplomatının mühakimə etməsi çox böyük bir ikrah doğurur. Çünki bu ölkənin məhz ABŞ-ın aləti olaraq çıxış etməsi, Vaşinqtonun əmri qarşısında Ottavanın acizliyi, marionetliyi, eləcə də Fransanın təkidi ilə Kanadanın fransız əsilli XİN rəhbərinin sayıqlamaları olduqca iyrənc bir ikiüzlülükdən xəbər verir və bu da ikrah doğurmaya bilməz. Üstəlik, bir xalqı, özü də yerli xalqı soyqırım törədərək son nəfərinə qədər məhv edən ölkənin Azərbaycanı, özü də haqsız yerə ittiham etməsinə reallıq və tarix yol verə bilməz. Uzaq başı, ədalətsiz mövqe və ittihamlara görə Melani Coli də, onun Azərbaycana qarşı qərəzli mövqedə olan ölkəsi də özünü rüsvay etmiş olar və belə də oldu.

Digər tərəfdən də, ölkəmizə qarşı sanksiya tələbi ilə çıxış edən Melani Coli deyəsən qətiyyən bilmir ki, onun ölkəsi Kanada, urana olan ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsi ilə əldə edir və hava yolu ilə qətiyyən daşıya bilmədiyi üçün də, məhz uranı Azərbaycan üzərindən apara bilər və hələ kimin kimə qarşı sanksiya ilə çıxış etmək imkanının və şansının olduğunu XİN rəhbərinin ağlı kəsmirmiş. Ağlı kəsmirmiş ki, rəsmi Bakı bu ixracı dayandırdığı halda, Azərbaycanın Kanadaya sanksiya tətbiq etməsi real görünür, Ottavanın və yaxud xanım Coli kimi marionetin yox. Nə Ermənistanda sayıqlayan XİN rəhbəri Melani Coli, nə də onu İrəvana göndərən ölkəsi dərk etmirmiş ki, bununla ikiüzlülüklərini nümayiş etdirməkdən və ikili standartların tətbiqində alət olduqlarını ifşa etməkdən başqa heç nəyə nail ola bilməzlər və bilmədilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə