“Fələstin-İsrail münaqişəsi dünyanın ən mürəkkəb məsələsidir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Fələstin-İsrail münaqişəsi dünyanın ən mürəkkəb məsələsidir. Təəssüf ki, yaxın zamanda bu problemin həlli görünmür. Əksinə, baş verənlər onu göstərir ki, Fələstin-İsrail savaşının coğrafiyası genişlənməkdədir. Yaxın Şərqdə dəhşətli müharibə olacağı haqda proqnozları bölüşməmək olmur. Eyni zamanda görünən budur ki, bəzi qlobal güclər savaşın qarşısını almağa yox, körükləməyə, daha da alovlandırmağa həvəslidirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Livan, Suriya ilə yanaşı bu kontekstdə İran da hədəfdədir və Qərbin dəstəyi ilə İsrail üzərindən bu ölkə ilə də savaş baş verə bilər. Bunu həm Qərb, həm İsrail, həm də Şərq ölkələrinin rəsmilərinin açıqlamalarından da görmək mümkündür.
Hətta ABŞ rəsmən bildirib ki, yüz minlərlə Amerika vətəndaşının Yaxın Şərqdən təxliyə edilməsinə hazırlaşır. Bu, ciddi bir siqnaldır.
Məsələnin məğzi bundan ibarətdir ki, bəlkə də Fələstin Muxtariyyəti ilə İsrail arasında danışıqlar baş tuta bilər. Ancaq məsələ ondadır ki, üzərində savaş gedən Qəzza zolağını nəzarətdə saxlayan HƏMAS qruplaşması ilə masa arxasında oturulmayacaq. Bu təşkilat dayanmaq niyyətində deyil. Göründüyü kimi, vəziyyət o qədər mürəkkəbdir ki, bunun həlli yolunu tapmaq olmur. HƏMAS İsrailə xain hücum etdikdən sonra bölgədə qarışılıqlı olaraq baş verənlər indiki məqamda Fələstin-İsrail arasında hansısa razılaşma ehtimalını sıfıra endirir.
Məsələyə nəzəri və politoloji baxımdan yanaşdıqda, düşünmək olar ki, çıxış yolu BMT Təhlükəsizlik Şurasının 1967-ci il tarixli qərarının – bölgədə iki dövlət yaradılması modelinin tətbiqidir. Bildiyimiz kimi, bu model üzrə dövlətlərdən biri – İsrail dövləti yaranıb və bu onların tam haqqıdır. Fələstin dövləti isə yaranmayana qədər bu ağır problemi çözmək mümkün olmayacaq.
Təbii, münaqişənin bu həddə çatmasında İsraili ittiham etmək də yersiz olar. Çünki ilk növbədə Fələstin özü daxilində vahid bir mövqe ortaya qoymalıdır. Bu gün Fələstin muxtariyyəti ilə HƏMAS dil tapa bilmirsə, Fələstin dövlətinin yaranması da hələlik mümkünsüz görünür.
Yaranmış situasiya isə Yaxın Şərqdə savaş arzusunda olanların marağındadır. Hər halda, yaxın həftələrdə məsələnin nə cür sonuclanacağını proqnozlaşdırmaq mümkün deyil. Yalnız onu görmək mümkündür ki, xaotik savaş, terror hücumları davam edəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB