Tofiq Abbasov müxalifətə belə cavab verdi - MÜNASİBƏT BİLDİRİLDİ
“Bu qəbildən olan fikirləri şərh etmək ona görə çətindir ki, onlar demaqogiya üzərində qurulub. Burada söz yığınından manipulativ şəkildə istifadə olunur. Məsələ burasındadır ki, həmişə işi görən və nəticə alan insanlar bütün proseslərin hər birini özləri bilirlər ki, məsələlər hansı mərhələdə həllini tapmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov AXCP RH-nin üzvü Bəxtiyar İmanovun Əli Kərimli haqqında fikirlərinə münasibət bildirərkən deyib.

Tofiq Abbasov sözlərinə belə davam edib: “Biz 44 günlük Vətən müharibəsində böyük uğur əldə etdik və strateji təşəbbüs əlimizə keçdi. Bəxtiyar İmanovun qələbəmizə kölgə salmaq cəhdlərinin hamısı lazımsız söhbətlərdir. Bu haqda danışanlar unudur ki, Emmanuel Makron onu gözləyirdi ki, Azərbaycanın silahlı birləşmələri Xankəndiyə girsin və onlar BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etsinlər, ölkəmizə dair sanksiyalar tətbiq etsinlər. Amma bu alınmadı. Çünki Azərbaycan Ordusu Prezidentimizin rəhbərliyi altında çox doğru addımlar atdı. Biz ağır məqamlarda düşmənlərə boşluqdan bizə qarşı istifadə etmək üçün şans vermədik. Bunu bilərək yalan danışmaq aventurizm qəbilindən olan çıxışlardır. Bunların heç birinin reallığa söykənən əsası yoxdur. İşi görən adam harada, nəyi və necə etmək lazım olduğunu yaxşı bilir. Çünki zaman dəyişdikcə görürük ki, ümumi geosiyasi mühit də dəyişilir və Azərbaycanın dostları ilə yanaşı düşmənləri də var. Məgər Xalq Cəbhəsinin fəalları bunları bilmirlər ki, biz hansı qüvvələrlə üz-üzə qalmışıq?!
Bizim üçün təslimçilik donu hazırlanmışdı. Amma biz bununla barışmadıq. Biz əksinə bildirdik ki, öz problemimizi həll edəcəyik. Qarabağ məsələsinin artıq nöqtəsi qoyuldu. Prezident İlham Əliyev təsadüfən demir ki, “Artıq Qarabağ məsələsi həll oldu və keçmişdə qaldı”.
Yenə də görürük ki, Fransa burada Ermənistanı silahlandırmağa və müharibə ruhunu bölgəmizə gətirməyə çalışır. Xalq Cəbhəsi nümayəndələrinin dedikləri məntiqə ziddir. Bu heç onların özünə də yaraşmır. Çünki Azərbaycan dövləti cənab İlham Əliyevin səyləri nəticəsində çox ağır bir yükü üzərinə götürərək onu sonacan sınmadan, əyilmədən daşıya bildi. Ona görə də bu söhbətlərin yeri yoxdur.
Biz öz gücümüzə çox çətin problemlərin öhdəsindən gəldik. “İndi və dərhal hər şey həllini tapsın” prinsipi üzərində dayanmaq olmaz. Bu heç vaxt özünü doğruldan prinsip deyil. Müxalif mövqedə olan qüvvələr dövlətçilik keşiyində dururlarsa, onlar gərək hakimiyyətə kömək etsinlər.
Qədimdən böyüklərdən bizə qalan kəlamlar var. Məsələn, “Bacarıqlı olan hər zaman işi görüb nəticə əldə etməyə çalışır. Bacarıqsız olan da bəhanə tapmağa çalışır ki, nəyə görə bu işi görmür”. Odur ki, ictimai fikirdə cənab Prezidentin bütün fəliyyəti və əldə olunan nəticələr xalqın ürəyincədir. Bu məsələlərin öhdəsindən gələn ikinci belə bir qüvvə yox idi. Bunu yalnız cənab İlham Əliyev bacardı. Buna görə də o, xalqın gözündə böyük oğul və qəhrəmandır. Həmçinin, dünya siyasi arenasında sayılıb-seçilən simalardan biridir. Buna heç kim əmma qoyub tənqidlə yanaşa bilməz. Çünki biz görürük ki, Azərbaycanın nüfuzu dünyada nə dərəcədə artıb. Bu da cənab Prezidentin diplomatiyasının əldə etdiyi bariz bir nümunədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB