Azərbaycan - İslam həmrəyliyinin əsas halqası - ŞƏRH

Azərbaycan - İslam həmrəyliyinin əsas halqası - ŞƏRH

Qloballaşan dünyamızda milli özünəməxsusluğumuzun qorunması və inkişafı üçün islami dəyərlərin gücü yenə əsas istinad mənbələrimizdəndir. İslama belə bir konteksdə yanaşdığına görə bu gün dünyanın siyasi səhnəsindəki bir çox müsəlman ölkələri arasında məhz Azərbaycan İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilməkdədir. Dövrün şərt və reallıqlarını nəzərə alsaq, o qədər də asan görünməyən bu missiyanın yerinə yetirilməsində Azərbaycanın qazandığı mühüm nailiyyətlər bir sıra tarixi, siyasi, sosial, mədəni amillərə əsaslanır. İslam həmrəyliyi amalına xidmət Azərbaycan üçün şüar, siyasi maraq elementi, yaxud iqtisadi mənfəət hədəfi deyil, tarixi taledir. Azərbaycan bu taleni XXI əsrdən də çox-çox əvvəl, xalqımızın ilk maarifçilərinin fikir tarixi səhnəsində göründükləri vaxtlardan yaşamağa başlayıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində 18 oktyabr tarixində keçirilmiş İsrail-Fələstin arasında son toqquşmalar ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər səviyyəsində növbədənkənar iclasında iştirak və çıxış etməsi ölkəmizin İslam həmrəyliyinə verdiyi önəmin bir daha göstəricisi oldu. İƏT-ə 57 üzv ölkədən tədbirdə yalnız 21 ölkənin xarici işlər naziri səviyyəsində iştirak etdiyini və bu ölkələrdən birinin Azərbaycan olması, ölkəmizin İslam ölkələrində birliyə, sabitliyə və sülhə verdiyi töhfənin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini göstərir.

C.Bayramovun İsrail-Fələstin münaqişə bölgəsindəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələrin narahatlıq doğurduğunu bildirməsi, ölkəmizin hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış etməsi tədbirdə iştirak edən digər ölkələrin xüsusi diqqət mərkəzində olub. Azərbaycan tərəfi eyni zamanda dinc insanların həyatına qarşı təhlükənin qarşısının alınmasının, mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayıb.

Tədbirdə İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləndiyinin bildirilməsi, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunun qeyd olunması münaqişənin ədalətli həllinə ölkəmizin növbəti dəfə verdiyi əhəmiyyəti sübut etdi.
Azərbaycanın 30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün vəziyyəti ilə üzləşdiyi nəzərə alınaraq, Fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyi faktı isə bir daha ölkəmizin ehtiyacda olan müsəlmanlara verdiyi dəstəyi nümayiş etdirib. Ölkəmizin son 5 il ərzində xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Fələstin probleminə verdiyi önəm, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi faktı da diqqətə alınmalıdır.

Xarici işlər nazirinin tədbirdə iştirakı və çıxışı, eləcə də ölkəmizin İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səyləri davam etdirəcəyini bildirməsi bir daha göstərir ki, islam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət və həmrəylik proseslərində də daim öndə gedir. Bunlarla yanaşı müasir Azərbaycan dövlətçiliyinin təməlində olan milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, İslam həmrəyliyi və ölkəmizin Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm və digər İslam həmrəyliyi təşəbbüsləri Azərbaycan proseslərə dəyərli töhfəsidir.

İslam həmrəyliyinin Azərbaycan nümunəsi dövlət və din münasibətlərindəki bu mükəmməlliyin, tolerantlığın və multikulturalizmin Azərbaycan modelinin məntiqi davamı və ideyaca daha da inkişafıdır. Bu gün İslam dünyasını üzləşdiyi problemlərdən xilas etməyin, islami dəyərlərə qarşı yönəlmiş təhdidlərin neytrallaşdırılmasının yolu İslam həmrəyliyindən keçir. İslami dəyərlərə qarşı hücumları pisləməklə, arxasında dünyanın çox böyük güclərinin dayandığı bu hücumlar qarşısında duruş gətirə bilməkdən ötrü zəif müqavimət göstərməklə iş bitmir. Bunlar təbii ki, lazımdır, amma müsəlman dünyasının dövrün çağırışlarına uyğun inkişafa nail olması, qüsurlarına nəzər yetirib onları aradan götürməsi, haqqında yaradılmış mənfi imici müsbət nümunələrlə dağıtması da çox vacibdir. İslamın daxili ziddiyyətlərdən qurtulması, qeyri-islami dairələrin məkrli hədəfinə çevrilməməsi, tərəqqiyə nail olması üçün dini maarifçilik əsas götürülməlidir. Cəmiyyəti motivasiya edən, dayanmadan çalışmağa, dünyaya fayda verməyə, sevgiyə, mərhəmətə, qarşılıqlı hörmətə, inkişafa səsləyən, zəmanələrinin ən böyük ziyalıları olmalıdırlar. Məhz Azərbaycan nümunəsində bu az rastlanan müsbət meyllərdir.

SİA-nın siyasət şöbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə