Qeybətə bənzər mənasız, təsirsiz və QƏRƏZLİ MÜZAKİRƏLƏR – TƏHLİL

Qeybətə bənzər mənasız, təsirsiz və QƏRƏZLİ MÜZAKİRƏLƏR – TƏHLİL

Bundestaqdakı həmkarları ilə Ermənistan parlamentinin nümayəndə heyətinin Azərbaycana qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə etməsi ölkəmizə qarşı olan qərəzli niyyətin təzahürüdür. Absurd, yalan, qondarma fikirlərin səsləndirildiyi bu müzakirənin nə demək olduğu, nəyə hesablandığı, hansı məqsədə xidmət etdiyi əlbəttə ki, saul doğurur, çünki iddiaların heç bircəciyi də həqəqətə uyğun deyil. Haqlı olaraq belə bir sual ortaya çıxır ki, Bundestaqdakı həmkarları ilə Ermənistan parlamenti nəyi və hansı əsasla müzakirə ediblər? Üstəlik, törətdiyi cinayət əməllərinə, qanunsuzluqlara, mina terroruna görə sanksiya tətbiq edilməli olan Ermənistan olmalı halda, həmin ölkə parlamentinin nümayəndə heyətinin Bundestaqdakı həmkarları ilə müzakirələr aparması, Azərbaycana qarşı sanksiyalardan dəm vurması gülünc səslənir.

“Regional təhlükəsizliyin təmin edilməsi, Ermənistanda humanitar problemlərin həlli, Azərbaycan tərəfindən həbs edilmiş şəxslərin azad edilməsi üçün beynəlxalq ictimaiyyət təcili və mühüm addımlar atmalı və Azərbaycana qarşı sanksiyalar tətbiq etməlidir”, çağırışlı bəyanatın nə dərəcə absurd olduğu hər bir iddiasında özünü göstərir. Əvvəla, regional təhlükəsizliyin təmin edilməsinə töhfələr verən, həmin təhlükəsizliyi təmin edən Azərbaycandır, çünki Ermənistanın silahlı birləşmələrinin qalıqlarından və erməni separatçı birləşmələrinin tör-töküntülərindən başqa Qarabağ olmaqla, bütün regionu təmizləyərək təhlükəsizliyi məhz ölkəmiz təmin edib. İndi işğalçı ölkənin, terroru və separatçılığı dövlət siyasəti kimi qəbul edən, mina terroru törədən bir ölkənin, yəni Ermənistanın parlamentinin Bundestaqdakı həmkarları ilə məhz regional təhlükəsizliyin təmin edilməsi barədə müzakirələri bu baxımdan hədsiz dərəcədə gülünc görünür.

Müzakirələrdə, həmçinin, Ermənistanda humanitar problemlərin həlli ilə bağlı məsələ də olduqca ironik səslənir. Birinci növbədə ona görə ironik səslənir ki, Ermənistanda humanitar problemləri ermənilər özləri yaradıblar və bunun Bundestaqda müzakirəsi nə əsasla aparılmalıdır? Əgər Ermənistan tərəfi humanitar problem dedikdə, Azərbaycanın Qarabağ iqtisadi rayonundan köçüb orada məskunlaşan erməni əsillilərin problemlərini nəzərdə tutursa, nəzərə alınmalıdır ki, onları köç etməyə, ev-eşiklərini qoyub bu zamana qədər yaşadıqları, məskunlaşdıqları ərazini tərk etməyə təhrik edən məhz özləri olublar, Azərbaycan tərəfi yox. Əksinə, Azərbaycan onlara, yəni öz ərazilərində bu vaxta qədər məskunlaşan ermənilərə vətəndaşlığı qəbul etmək və reinteqrasi təklifi edib. Halbuki, stabil, sabit şəraitdə, təhlükəsizliklərinin təmin olunacağı qüdrətli bir dövlətdə digər vətəndaşlarımızla eyni hüquqda olmalarından ermənilər özləri onları məhrum ediblər və Ermənistanda mövcud olan humanitar problemlər Azərbaycan tərəfindən yaradılmayıb, öz yaratdıqları problemdir və bunun üçün hansı müzakirə aparırlar? Belə çıxır ki, axmaq, absurd fikirlərin müzakirəyə çıxarılması yalnız qərəzli yanaşmadan irəli gəlir.

Müzakirə dedikləri xırda bir toplantıda Azərbaycan tərəfindən həbs edilmiş şəxslərin azad edilməsi üçün beynəlxalq ictimaiyyətin təcili və mühüm addımlar atmalı olduğu barədə də fikirlər yer alır, halbuki bu, müzakirə mövzusu heç ola bilməz. Azərbaycan sıradan bir erməni vətəndaşını həbs edib hansısa məsuliyyəti boynuna yıxmayıb ki, bununla bağlı beynəlxalq ictimaiyyətin təcili və mühüm addımlar atmalı olduğu tələbi ilə çıxış edilsin. Azərbaycanın həbs etdiyi şəxslər beynəlxaql hüququ pozan, hüquqi normalara məhəl qoymadan cinayət əməllərinə əl atan və digərlərini də belə cinayətkarlığa təhrik və sövq edənlərdir. Öz ərazisində terrorçuluğu, separatmılığı dəstəkləyən, maliyyələşdirən Vardanyan kimisini həbs etməyə dövlətin haqqı, hüququ çatmır, yoxsa hansısa beynəlxalq hüquq buna izn vermir ki, bu məsələ müzakirəyə çıxarılır? Bəlkə, istifadəsi belə qadağan olunan raketlərin, məsələn, Gəncə kimi Azərbaycanın böyük bir rayonuna atılması əmrini verdiyini etiraf edən, bununla lovğalanan, hələ bundan sonra digər rayonlara da atılacağı ilə ölkəmizi hədələyən, mülki insanların həlak olmasına baiskar olan Araik Arutyunyanın həbsində qanuna zidd nə isə görürlər? Yaxud, törədilən soyqırımlarda, əsirlərin qətlə yetirilməsində, onlara işgəncələrin verilməsində iştirakı, əli olan Bako Saakyan və Arkadi Qukasyan kimi canilərin mühakimə edilməsinə, törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsinə və müvafiq cəza tədbirlərinin qanuni şəkildə tətbiq edilməsinə Bundestaq, yaxud işğalçı ölkə parlamenti qanunsuzluq kimi baxır? İndi sual oluna bilər ki, müzakirələri bu məsələlərə görə aparanlar hansı hüquqi əsasla Azərbaycanı günahkar görür və ölkəmizə qarşı hansı məntiqlə sanksiya tətbiq edilməsini müzakirəyə qoyurlar? Bu müzakirələrə qoşulanlar da, Ermənistan parlamentinin nümayəndə heyəti də, sadəcə olaraq, ikiüzlülük edir və reallıqları görməməzliyə vuraraq, qərəzli mövqedən çıxış edirlər. Keçirilən müzakirə də heç bir məna kəsb etmədiyinə görə, hansısa toplantıdan çox qərəzli və qeybət niyyətli qonaqlığa bənzəyir. Həmin qonaqlığın da hansısa təsir gücünə malik olacağını düşünmək belə axmaqlıqdır ki, bunu da ermənilər özlərinə rəva bilmiş oldular.

Sanksiyalara gəlincə, Azərbaycana qarşı hansısa bir sanksiyadan söhbət belə gedə bilməz, baxmayaraq ki, bunun üçün qətnamələr, bəyanatlar üçün erməni cəmiyyəti əldən-ayaqdan gedir. Haylar bilə-bilə ki, bunlar sadəcə quru sözdən ibarət bəyənatlardır, təsirsiz sözlərdi və yalnız kağız üzərində qalacaq ifadələrdir, hansısa mənada bu barədə müzakirələrə belə baş vurmağı özləri üçün son çarə hesab edirlər. Maraqlıdır, müxtəlif platformalarda, ələlxüsus da ermənipərəst qüvvələrin olduğu müstəvidə müzakirələrə can atan ermənilər guya bilmirlərmi ki, belə müzakirələr Ermənistana hem nə verən deyil? Avropanın Azərbaycana qarşı heç bir sanksiya tətbiq etməyəcəyi ilə bağlı bəyanatdan da xəbərsizdilər ki, özlərini bu qədər dağa-daşa çırpırlar? Hər halda ermənilər də, dünya ictimaiyyəti də tərəflərin hər birinin, ələlxüsus da Azərbaycanın müqaisəyə gəlməyəcək dərəcədə olan potensialından xəbərdardırlar və belə çıxır ki, hayların hay-küy salmaları onlar üçün yaxşı heç nə vəd edə bilməz və Ermənistan üçün də hansısa divident gətirməyəcək. Əksinə, sadalananlar tamamilə başqa proqnozlar verməyə əsas yaradır və eyni zamanda son dövrdə yaşanılanlar, təcrübə də təsdiq edir ki, bu canfəşanlıqları onlara baha başa gəlcəyini deməyə əsas verir.

Ölkəmizə qarşı sanksiyaların tətbiqi ilə bağlı müzakirələrin aparılmasını, müvafiq şəkildə qətnamələrin qəbul olunmasını, bəyanatların qəbul olunmasını xatırladıqda görürük ki, bütün bunlar heç bir təsirə malik deyil. Ermənistan tərəfi belə müzakirələrlə, hansısa qətnamələrlə, bəyanatlarla Azərbaycanın öz haqq yolundan geri çəkindiriləcəyini düşünürsə, tamamilə yanılır. Həm də əksinə olduğunun dəfələrlə şahidi olubsa, rəsmi İrəvan bu qənaətə gəlməlidir ki, atılan addımlar tamamilə mənasızdır və Bakıya qarşı hansısa sanksiya olmayıb və ola da bilməz. Digər tərəfdən də hansısa sanksiyalar olsa belə, Qarabağın ermənilərə qaytarılacağı tamamilə ağılasığan deyil ki, buna ümid edənlər az da olsa ağıl sahibi olduqlarını şübhə altında qoyurlar.

Təcrübə, yaşananlar göstərir ki, Azərbaycana nə qədər çox təzyiq edilirsə, xalqımız bir o qədər qətiyyətli olur, dövlətimiz daha kəskin mövqe sərgiləyir, geri çəkilmir və ən yaxın dövrü yada salmaqla buna tam əmin olmaq olar. Məsələn, Laçın yolundakı aksiya Qarabağdan təbii sərvətlərin ixracını dayandırmağı məqsədi ilə reallaşmışdı və buna qarşı, bu aksiyanın yığışdırılması üçün təzyiq göstərməyə çalışanlar, ardınca Azərbaycanın düz Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsini yaratdığının şahidi oldular, geri çəkildiyinin yox. Başqa bir hadisə ilə əlaqədar da eyni nəticəni görmüş oluruq, beləki, sərhəd-keçid məntəqəsini dağıtmaq istəyi ilə dünya liderlərinin ətəyindən öpənlər gördülər ki, bu istəklərinin fonunda, Azərbaycan öz ölkəsinə, vətəndaşlarına qarşı hərbi cinayətlərdə iştirak edən separatçıları həbs etməyə başladı. Bundan da nəticə çıxara bilməyənlər Azərbaycana qarşı təzyiqləri gücləndirdikləri zaman Azərbaycan dərhal, böyük sürətlə antiterror tədbirləri həyata keçirərək, ərazilərini erməni separıatçılarının tör-töküntülərindən tamamilə təmizləyərək, ərazi bütövlüyünü, suverenliyini tam şəkildə təmin etdi və bayrağını da Xankəndidə asdı. Ermənistan isə bütün bunların fonunda köç edən erməni əsillilərin problemləri ilə üz-üzə qalmış oldu. Odur ki, nəticə çıxara bilsələr görərlər ki, Ermənistan hansısa divident əldə etmək üçün nə qədər çabalayırsa, ermənilərə nə qədər dəstək barədə müzakirələr aparılırsa, həmin işğalçı ölkənin bir o qədər vəziyyəti ağırlaşır.

Dünya miqyasında tanınmış politoloqların, siyasətçilərin böyük əksəriyyəti belə hesab edirlər ki, Ermənistan tərəfi məsələnin məntiqi şəkildə həlli barədə düşünmək, razılığa gəlmək əvəzinə, beynəlxalq qurumlara şikayətlənməyi üstün tutur və bunu doğru hesab edirlər, halbuki, bundan başqa yol tapmaqda aciz olduqları bununla bir daha öz təsdiqini tapır. Məsələ burasındadır ki, rəsmi İrəvan bu şəkildə şikayətlənməklə hələ bircə məsələdə diplomatik uğur qazana bilməyib və kağız üzərində qalacaq müzakirələr də, qərarlar da, qətnamələr də həmin ölkə üçün təskinlikdən başqa bir şey deyil. Həm də heç bir təsir gücünə malik olmayan müzakirələr elə məhz təsirsiz olduğuna görə, əsassız olduğuna görə sadəcə, qeybətə bənzəyir. Dəfələrlə hansısa platformalarda müzakirələrə can atan ermənilər həmin müzakirələrdən sonra nə isə əldə edə bilmədiklərini, əksinə, Azərbaycanın geri çəkilmədiyini, daha da irəlilədiyini görmələri fonunda yenə də əsassız şəkildə qeybət xarakterli müzakirələrdən əl çəkmirlərsə, deməli, hələ də məsələyə qərəzli şəkildə yanaşırlar və qətiyyən sülh haqqında düşünmürlər. Bu, elə həmin o ermənilərə dəstək verən, onların əsassız istəklərinə, arzularına qoşulanlara, mifik xəyallarına alət olanlara da aiddir və məhz Ermənistan parlamentinin nümayəndə heyətinin Bundestaqdakı həmkarları kimi, Azərbaycana qarşı beləcə əsassız şəkildə müzakirə aparan digərlərinin də ölkəmizə qarşı qərəzli olduğu ortaya çıxır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə