"Hər bir vətəndaşımız İlham Əliyevin simasında ölkəni daha güclü edən lider görür" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Prezidenti İlham Əliyevin liderlik etdiyi 20 il dövlət tariximizin inkişaf və tərəqqi dövrüdür. Azərbaycan cəmiyyətində yetişən, dövlətin üstünlüklərini və qarşısında duran əsas məsələləri kifayət qədər yaxşı bilən İlham Əliyev fəaliyyətə başladığı gündən bütün sahələr üzrə inkişafında ciddi layihələr həyata keçirib. Ulu Öndər Heydər Əliyevin siyasi irsinə söykənərək hər sahədə böyük uğurlar qazanıb. İlk növbədə hüquqi demokratik dövlət daha da möhkəmləndirilib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, vaxtaşırı islahatlar aparmaqla Azərbaycan xalqının maraqlarına cavab verən, insan hüquq və azadlıqlarını təmin edən, açıq cəmiyyətin bütün formalarını özündə ehtiva edən milli dövlət formatı qurulub: "İqtisadi sahədə inkişaf üçün həm beynəlxalq təcrübə, həm də Azərbaycanın qazandığı müsbət təcrübəyə böyük önəm verilib. Bunun nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi, gəlirlərimiz artdı. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması Prezidentin qarşısında duran ən ciddi məsələlərdən idi. Bu 20 il ərzində həm minimum əməkhaqqı, həm də orta yaşayış səviyyəsi kifayət qədər yüksəlib, iş yerlərinin sayı artıb. Regionların sosial-iqtisadi inkişafının dövlət qarşısında duran çox önəmli məsələlər kimi həllinə başlandı və böyük uğurlar qazanıldı. Xarici investisiyaların Azərbaycana cəlb edilməsi üçün əlverişli şərait yaradıldı. Bunun nəticəsində Azərbaycana həm milli resurslar, həm də xarici investisiyaların həcmi ildən-ilə artmağa başladı".
Deputat sözlərinə davam edərək bildirib ki, ordu quruculuğuna ciddi diqqət və qayğı göstərildi: "İlk dövrlərdən Azərbaycan hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsinə bərabər olacağı mesajını verən ölkə başçısı qısa zamanda buna nail oldu. Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları siyahısına daxil oldu.
Beynəlxalq aləmdə Azərbaycan yüksək nüfuza sahib olub. Azərbaycan həqiqətləri müxtəlif tribunalardan daha gur səslənməyə başlanıb. Azərbaycançılıq hər bir vətəndaşımızın şəxsi ideologiyasına çevrilib. Lider və xalq birliyi hər zaman yüksək səviyyədə olub.
Azərbaycan Prezidentinin apardığı çoxşaxəli fəaliyyət 2020-ci ildə 44 günlük hərbi əməliyyatlarla torpaqlarımızın işğaldan azad edilməsinə və 2023-cü il sentyabrın 19-da bir günlük antiterror tədbirləri sayəsində separatçı rejimin məhv edilməsinə gətirib çıxarıb.
Azərbaycan öz ərazisinə tam sahib oldu və suveren hüquqlarını bir daha təsdiq etdi. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan dövlətçiliyi bu gün özünün çiçəklənmə dövrünü yaşayır. Bu gün hər bir vətəndaş cənab Prezidentin simasında Azərbaycanı daha güclü edən bir lider görür".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB