Xocavənddə güləş üzrə rayon birinciliyi keçirilib

Xocavənddə güləş üzrə rayon birinciliyi keçirilib

13 oktyabr 2023-cü il tarixdə “Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Prezidentlik dövrünün 20 illik siyasi fəaliyyətinə” həsr edilmiş sərbəst güləş idman növü üzrə uşaqlar və yeniyetmələr arasında Xocavənd rayonunun açıq birinciliyi keçirilmişdi.

Açıq rayon birinciliyi YAP Xocavənd rayon təşkilatı və Xocavənd rayon İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Yarış Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilərək başlamışdır.

Açıq birinciliyi giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov çıxış edərək Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dönəmində gənclərə diqqət və qayğı yüksək səviyyədə olub. Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. Gənclərimiz bütün dövrlərdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə gediblər. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən gənclər siyasəti Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf edib. Gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyənləşdirildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Məhz bu gənclik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı düşməndən azad edib. Vətən müharibəsində Azərbaycan gəncliyi öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlib. Sonda Vüsal Hüseynov qeyd edərək bildirdi ki , Sərbəst güləş respublikamızda ən geniş yayılmış və sevilən idman növüdür. Azərbaycan güləşçiləri dünya və Avropa çempionatlarından həmişə medalla qayıtmış, üçrəngli bayrağımızı zirvələrdə dalğalandırmışlar. Mən inanıram ki, bügünkü birinciliyin iştirakçılarından da gələcək çempionlar yetişəcək.

Digər çıxış edənlər yarış iştirakçılarına uğurlar arzuladı. Yarışlar gərgin idman mübarizəsi şəraitində keçdi. 10 çəki dərəcəsində I, II, III yer tutan idmançılar YAP Xocavənd rayon təşkilatı tərəfindən diplom və medallarla təltif edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə