"Fransanın xarici siyasətində ciddi problem var" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Fransanın xarici siyasətində ciddi problem var" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Deməzdim ki, Fransa Cənubi Qafqazda Afrika siyasətini yeritməyə çalışır. Çünki Afrikada Fransanın müstəmləkələri olub. Cənubi Qafqazda isə müstəmləkə olmayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz siyasəti Afrikada, Şərqi Aralıq dənizində hətta ABŞ-la olan münasibətlərdə Fransanın zəiflik nümayiş etdirməsinin bir nəticəsidir: "Çünki dünyanın hər hansısa bir yerində Makron hökuməti xarici siyasətinin uğurunu nümayiş etdirmək istəyir. Bunu da çalışır ki, Cənubi Qafqazda nümayiş etdirsin. Lakin burada onun əsaslandığı ölkə olan Ermənistan həm zəifdir, eyni zamanda proqnozlaşdırılan ölkə deyil".

Fərhad Məmmədov sözlərinə belə davam edib: "Əgər Fransa öz iqtisadi və hərbi gücünü Ermənistana dəstək verməyə çalışacaqsa və bununla Cənubi Qafqazda siyasətini həyata keçirmək istəyirsə, ilk növbədə Rusiyanın təcrübəsinə baxmalıdır. Çünki Rusiyadan daha çox hərbi, siyasi və maliyyə konteksində Ermənistana dəstək verən ölkə olmadı. Rusiya ilk növbədə elə Ermənistanda uduzub. Bu təcrübəyə baxaraq Fransa belə səhv addımlar atırsa, bu o deməkdir ki, Fransanın xarici siyasətində ciddi problem var".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə