27 sentyabr - Qələbəyə aparan 44 günlük yolun başlanğıcıdır - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Artıq, 3-cü ildir ki, xalqımız torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini uca tutaraq Anım Gününü qeyd edir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 27 sentyabrı Anım Günü kimi bəyan etməklə, xalqımızı bu günün işığında bir daha birləşdirdi. Artıq 3-cü ildir ki, xalqımın Anım gününü kədərdən, üzüntüdən daha çox qürur, mərdlik günü kimi qeyd edir.
Cənab Prezident 27 sentyabr 2020-ci il tarixdə xalqa müraciətində bildirirdi ki, "Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
Çünki 27 sentyabrdan qələbəyə gedən yol cəmi 44 gün davam etdi. Və 44 gün davam edən İkinci Qarabağ müharibəsində siyasi, hərbi, diplomatik uğurları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, başqasının torpaqlarına göz dikən, saxta tarix yazaraq əsassız təbliğatları ilə özünü haqlı tərəf kimi göstərməyə çalışan təcavüzkar dövlətin aqibəti "Dəmir yumruğ"un başlarına dəyərək əzilməsi, əyilməsi, diz çökərək kapitulyasiya olmasıdır. Azərbaycan 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç zaman haqlı mübarizəsindən geri dönmədi. Ali Baş Komandanımız ən yüksək tribunalardan erməni yalanlarını ifşa etdi, dünyaya sözün əsl mənasında tarix, hüquq və milli qürur dərsi keçdi. Təəssüflər olsun ki, əksər dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar bu realllıqları dərk etmək istəmədilər. Və Ermənistan bu dəstəyə o qədər arxalandı ki, yeni ərazilər uğrunda müharibə planları hazırladı və 2020-ci ildə mütəmadi olaraq hərbi təxribatlar törətməklə bu planını açıq-aşkar büruzə verdi. İkinci Qarabağ müharibəsi başlamadan əvvəl, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu tribunadan dünyaya Ermənistanın müharibə planı hazırladığını çatdırdı. Dünya gücləri bunu eşitsə də susmağa üstünlük verdilər. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. Və başlanan İkinci Qarabağ müharibəsində igid oğullarımız Ali Baş Komandanın "Dəmir yumruq" siyasəti ilə canları, qanları ilə Zəfər tarixini yazdılar. Və bir daha sübut etdilər ki, torpağımızın 30 il bu murdar işğalçılardan xilas etmək üçün, haqqımızın, ərazi bütövlüyümüzün bərqərar olması üçün Zəfər uolunda şəhid olaraq, yenilməz, məğrur xalq olduqlarını dünyaya nümayiş etdirdilər. Qazanılan Zəfər təkcə silahın gücü deyil, Prezidentin, millətin liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi. Və bir daha Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 sentyabr Anım Günündə xalqa etdiyi müraciət bizi hər an Qalib xalq olaraq bir daha duyğulandırır, qürurlandırır! Bu müraciəti dinlədikcə bir daha Ali Baş Komandanımızla, şəhidlərimizlə, qazilərimizlə, Ordumuzla, bütövlükdə xalqımızla qürur duyuruq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müraciətində ilk növbədə şəhidlərimizi – canı, qanı bahasına bu qələbənin qazanılmasında iştirak etmiş əsgər və zabitlərimizi hörmət və ehtiramla andı. Əsgər və zabitlərimizin qəhrəmanlığını, igidliklərini yüksək dəyərləndirdi.
Prezident İlham Əliyev geniş və əhatəli müraciətində olduqca mühüm məqamlara toxundu, önəmli mesajlar verdi: "Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın", "44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik", "44 gündən sonra – artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub. Bu dərs əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!", "Mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib", "Bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!".
Beləliklə, Ali Baş Komandanın Anım Günü ilə bağlı etdiyi müraciətdə səsləndirdiyi cəsarətli fikirlər həm də dünya güclərinə bir çağırış oldu. Ölkə başçısı hər bir dövlətin ərazi bütövlüyünə, daxili siyasətinə hörmətlə yanaşırıq, daxili işlərinə qarışmırıq, sizlər də bizim kimi davranın mesajını vermiş oldu. Və bundan sonra biz qalib ölkə, qalib xalq olaraq daim Müzəffər Ali Baş Komandanın ətrafında "Dəmir yumruq" kimi birləşəcək, çiçəklənən ölkəmizi birlikdə qoruyacağıq. Dövlət başçımızın söylədiyi kimi: "Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!".
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə