Qarabağdakı xunta separatçı əməllərini davam etdirir – DEPUTATIN ŞƏRHİ

Qarabağdakı xunta separatçı əməllərini davam etdirir – DEPUTATIN ŞƏRHİ

“Bütün cəhdlərə baxmayaraq Qarabağdakı xunta separatçı əməllərini davam etdirir. Bir neçə gün bundan əvvəl qondarma “prezident seçkiləri”nin keçirilməsi də buna misaldır. Azərbaycan bölgədə 30 ildən çox davam edən münaqişənin sona çatmasına, nəhayət ikinci Qarabağ müharibəsində ağır şəğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atan Ermənistanı sülh masasında əyləşdirməyə çalışır. Amma rəsmi İrəvan hələ də ikibaşlı oyununu oynamaqdadır. Qarabağda vəziyyət ermənilərin xeyrinə inkişaf etməyəndə Azərbaycanla şərti sərhəddə təxribatlar törədir, o da işə yaramayanda növbəti ölkə daxilində diqqət çəkən hadisələr törədilir. Beləliklə, Azərbaycanla sülh danışıqları dalana dirənir. Müharibədən keçən təxminən 3 il ərzində Ermənistanın addımları yalnız təxribat törətmək olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Qarabağdakı xuntanın davranışları İrəvandan gələn əmrlər və göstərişlərlə tənzimlənir: “30 il bundan əvvəl də, indi də Ermənistan separatçı əməllərini davam etdirir. Dünya birliyi separatçılığın əlehinə olsa da, Ermənistan havadarlarına arxalanıb hələ də işğalçı siyasətini davam etdirir. Azərbaycan tərəfi Vətən müharibəsindən əvvəl də, postmüharibə dövründə də İrəvana siyasətində dəyişiklik etməyi, regionda sülhün bərqərar olunması üçün konkret işlərlə məşğul olmağı təklif etsə də Ermənistan siyasətində dəyişiklik etmək istəmir. Rəsmi Bakı Qarabağda yaşayan ermənilərə danışıqlar və reinteqrasiya, yüklərin Azərbyacan ərazisindən daşınmalarını təklif etdi, amma xuntanın davranışı - yolların betonlanması, etiraz aksiyaları, separatçı hərəkətlər bütün xoş niyyətlərin üstündən xətt çəkdi. Üstəlik, Qarabağdakı qanunsuz hərbi birləşmələr ərazidə minalanma, səngər qazıntıları, mühəndis işləri aparmağa cəhdlər edir, yeni toqquşmalara hazırlaşırlar. Bütün bunlara rəğmən Azərbaycan öz ərazilərində suveren hüquqlarını bərpa etmək əzmindədir, buna yetəcək gücü və imkanları var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə