"Azərbaycanla Çinin dostluğu hər iki tərəfin maraqlarına cavab verir" - DEPUTAT ŞƏRH ETDİ
"Prezident İlham Əliyevin Çinin tanınmış media resursuna müsahibəsi Azərbaycan-Çin münasibətlərini xarakterizə edən ən gözəl şərhdir". Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə SİA-ya açıqlamasında bildirib.
"Bu gün Azərbaycanla dünyanın ən nüfuzlu ölkələrindən biri olan Çin arasında çox yaxşı münasibətlər var. Tərəflər bir-birinin maraqlarına hörmətlə yanaşır, demək olar ki, bütün məsələlər üzrə ümumi fikirdədilər. Çin Azərbaycanın ərazi bütövlüyünü daima dəstəkləyib, Azərbaycanla hərtərəfli əməkdaşlığa üstünlük verib. Azərbaycan Vahid Çin konsepsiyasını ən düzgün yol hesab edir və Tayvan adasını Çinin tərkib hissəsi kimi qəbul edir. Eyni zamanda, Azərbaycan-Çin münasibətləri mümkün olan bütün sahələri əhatə edir. Cənab Prezident bunların arasında dövlət rəhbərləri, eyni zamanda, dövlət rəsmiləri, o cümlədən deputatlar arasında olan münasibətləri də ortaya qoydu. Mən özüm Çində səfərdə olanda da onların Azərbaycana olan böyük marağını görmüşəm.
Çin və Azərbaycanın inkişafında bir çox oxşar cəhətlər var. Hər iki ölkə beynəlxalq hüquq normalarına hörmət etməklə özlərinin müstəqilliyi və milli maraqlara cavab verən dövlət quruculuğunda böyük uğurlar qazanıblar. Bu gün iki ölkənin əməkdaşlığı dünyanın maraqlarına xidmət edir. Çinin Azərbaycan iqtisadiyyatına investisiyaları Azərbaycan üçün arzuolunan addımdır və bu istiqamətdə biz Çin tərəfdən bir çox maraqlı təkliflərlə rastlaşmışıq. Həmçinin, Çin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasında, BMT Baş Məclisində daima Azərbaycanı dəstəkləyən ölkələrdən biri olub. Bundan sonra da hər iki ölkənin birgə əməkdaşlıq üçün bütün variantlardan istifadə edəcəyinə şübhə yoxdur. Azərbaycanla Çinin dostluğu hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan Çinlə dostluğu, əməkdaşlığı özü üçün prioritet məqsədlərdən biri hesab edir və cənab Prezidentin müsahibəsində Azərbaycanın Çinə olan dostluq münasibətləri çox bariz şəkildə özünü göstərib", - millət vəkili qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB