Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlara Paşinyandan etiraf dolu cavab
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən söylədiyi fikirlər dünya mediasında, o cümlədən Ermənistan ictimaiyyətində geniş müzakirə olunmaqdadır. İlham Əliyevin Ermənistan və Qarabağdakı ermənilərin gələcək taleyi ilə bağlı dedikləri ermənilər arasında gərginliyə, çaxnaşmaya səbəb olub. Azərbaycan Prezidenti milli maraqlardan çıxış edərək ölkəmizin bu və ya digər məsələlər üzrə mövqeyini lazımi ünvanlara bir daha çatdırıb. Nəzərə alsaq ki, Media Forumunda nüfuzlu agentlik, qəzet və televiziyaların əməkdaşları təmsil olunurdu, burada deyilən fikirlər bir andaca bütün dünyaya yayıldı. Təbii ki, reaksiyalar da gözlənilən idi.

Prezidentin Şuşadakı çıxışına reaksiya Ermənistandan da gəlib. Bu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda əsasən erməni jurnalistləri bir araya toplayıb və fikirlərini də Azərbaycan Prezidenti İlham Əliyevin tezisləri üzərində qurub.
Qeyd edək ki, bu gün Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü keçirilib. Rusiya XİN görüş zamanı Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların aparıldığını bildirib. Məlumata əsasən, həmçinin regionda kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və başqa mövzular müzakirə edilib. XİN başçıları arasında üçtərəfli görüşlə yanaşı, Sergey Lavrovun Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrıca iki tərəfli görüşü olub. İkitərəfli görüşlərdə Rusiya-Azərbaycan, Rusiya-Ermənistan arasında iqtisadi, ticari və siyasi mövzular, o cümlədən gündəlikdə olan aktual məsələlərin müzakirə edilib.
Nikoldan Ağdam “dəhliz”i açıqlaması
Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Le Monde” qəzetinə müsahibəsində səsləndirdiyi fikri şərh edən zaman Azərbaycan XİN bildirib. Qeyd edilib ki, bu həmçinin Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək olduğunu nümayiş etdirir. Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür.
İrəvanda keçirilən brifinqdə isə Paşinyan bildirib ki, Qarabağ ermənilərinin ehtiyaclarının Ağdamdan qarşılanması məsələsini müzakirə etməmişəm, çünki bunun üçün səlahiyyətim yoxdur: “Ermənistan Qarabağ ermənilərinin taleyini həll edə bilməz, bunun üçün səlahiyyətimiz yoxdur. Xankəndidəki ermənilər özləri Bakı ilə dialoqa getməlidirlər”.
Paşinyan jurnalistlərin israrla verdiyi “Qarabağ Azərbaycan-Ermənistan arasındakı sülh prosesində danışıqlara salına bilərmi” sualından yayınaraq, Qarabağ ermənilərinin özlərinin Bakı ilə danışmasının daha doğru olduğunu deyib. Baş nazir əlavə edib ki, Bakı ilə Xankəndidəki ermənilər arasında dialoq səmərəli nəticə verdikdə, Qarabağda heç bir təhlükə qalmadıqda, Rusiya sülhməramlıları bölgədən çıxarılacaq: “Sülhməramlılar üçtərəfli bəyanata əsasən Rusiya Federasiyasının Federal Məclisinin müvafiq qərarı ilə Qarabağa yerləşdiriliblər. Onların regiondakı mövcudluğunun əsas məqsədi Qarabağdakı erməniləri qorumaqdır. Onlar regiondan çıxarılanda, artıq təhlükə yoxdur deməkdir”. Paşinyanın dediklərindən belə anlaşılır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda “5 illik müddət” məsələsi ya sənəddə qeyd olunmayıb, ya da onun başqa mənası var. Halbuki həmin sənəddə açıq şəkildə qeyd olunub ki, sülhməramlılar 5 il müddətində bölgədə, daha doğrusu Qarabağda qalacaqlar. 5 ilin tamam olmasına 6 ay qalanda tərəflərdən biri etiraz etməsə müqavilənin müddəti növbəti 5 il üçün də keçərli olacaq. Paşinyan isə Bəyanatın maddəsini ermənisayağı təhrif edərək sülhməramlıların Qarabağdakı ermənilər üçün təhlükə sovuşduqdan sonra ərazini tərk edəcəklərini bildirir. Bu isə yanlış yanaşmadır, öz vətəndaşlarını aldatmaqdır. Belə çıxır ki, Qarabağdakı ermənilər 50 il bundan sonra da desələr ki, Azərbaycan hələ də bizə təhlükə yaradır, rus ordusu burada qalmaqda davam edəcək. Təbii ki, bütün bunlar yalnış yanaşma, ictimaiyyəti aldatmaqdır.
Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında həmçinin bir etirafda da bulunub. Deyib ki, mən heç vaxt Azərbaycanın Qarabağdakı ermənilərin hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təminatı ilə bağlı müzakirələrdən qaçdığını görməmişəm. O, XİN başçıları arasında keçiriləcək üçtərəfli görüşdən də söz açıb: “Qarabağdakı insanların Bakı ilə dialoqdan niyə yayınmağa çalışdığını anlamıram. Oradakı ermənilər arasında bu fikri dəstəkləyən kifayət qədər insan var. Bu gün Moskvada XİN başçıları arasında keçirilən görüşdən də müəyyən gözləntilərim var. Ümid edirəm ki, onlar sülh müqaviləsinin daha bir neçə maddəsi üzrə razılıq əldə edə biləcəklər”.
Paşinyan ölkəsinin gələcəyindən hələ də narahat olduğunu gizlətməyib. Bildirib ki, hazırkı şəraitdə Ermənistanın taleyinin necə olacağı qeyri-müəyyəndir: “Regionda sabitliyin əsas amillərindən hesab edilən dünya nizamı artıq yoxdur, yeni nizamın necə olacağı isə bilinmir. Ukrayna müharibəsinə görə regionumuza geosiyasi təsirlər azalıb, Şərq-Qərb çərçivələri bizim üçün kifayət qədər işləmir. Hazırda Ermənistan üçün qarşıdurmanın yaşanmayacağı bir siyasət həyata keçirilməlidir. Biz qonşu ölkələrlə ən ciddi məsələlərin belə əməkdaşlıq səviyyəsində həllinə çalışırıq. Bu baxımdan Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin tənzimlənməsi, İran və Gürcüstanla əlaqələrin inkişafı zəruridir”.
Bu arada…
Prezident İlham Əliyevin xarici işlər nazirinin müavini Xələf Xələfovu özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etməsi ermənilərdə qorxuya səbəb olub. Xəbər verilir ki, Ermənistan mediası Azərbaycan Prezidentinin bu təyinatının Qarabağ siyasəti ilə bağlı olduğunu yazır. “Hraparak” nəşri iddia edir ki, Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasından sonra Xələf Xələfov Prezident İlham Əliyevin xüsusi nümayəndəsi kimi Xankəndiyə rəhbərlik edəcək: “Xələfov Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesini incəliklərinə qədər bilir. İlham Əliyev Qarabağdakı erməni əhalisinin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiyasını elan edib. İstisna deyil ki, Xələfovun əsas fəaliyyət arenası da Qarabağ olacaq”.
Ermənistan mediasının bu cür iddialarla çıxış etməsi Azərbaycanın Qarabağ siyasətindən qorxuya düşməsindən qaynaqlanır. Çünki rəsmi Bakı ermənilərin yaşadığı ərazilərimizdə mərkəzi hakimiyyətin bərpasına doğru addım-addım yaxınlaşır. Bunu ermənilər də anlayırlar və Azərbaycanda istənilən hadisəni, yaxud təyinatı bu siyasətin tərkib hissəsi olaraq görürlər.
Xələf Xələfovun Prezidentin xüsusi tapşırıqlar üzrı nümayəndəsi kimi Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində iştirak edəcəyi isə sirr deyil. Xələfovun təcrübəsindən xüsusilə sərhədin delimitasiyası prosesində istifadə edilə bilər.
Separatçıların “sabiq deputatı” Vahram Atanesyan Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışına diqqət çəkərək bildirib ki, bu çıxışından Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının beynəlxalq aktorlarla razılaşdırıldığı açıq şəkildə anlaşılır. O, bu gedişlə Azərbaycanla Naxçıvan arasındakı dəhlizin də açılacağını deyib.
Münaqişədən sonrakı bir dövrdə Laçın yolu ilə Zəngəzur dəhlizi arasında bərabərlik qoyulan bəyanatların şahidi olurduq, amma zaman göstərdi ki, Azərbaycanın bu addımı situativ gedişdir və perspektivdə ümumilikdə Laçın yolunda dəhliz məntiqinin aradan qaldırılmasına hesablanıb. Artıq “Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur” tezisi işləmir, onun əvəzinə, Azərbaycan “Laçın dəhlizi deyilən şey yoxdur, ora sadəcə yoldur, amma Zəngəzur dəhlizi də mütləq açılacaq” şəklində diktəedici bəyanatları gündəmdə saxlayır. Laçın yolunun Ermənistanla sıfır nöqtəsində sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasından sonra erməni hərbi-siyasi elitasının olan-qalan ümidləri də puça çıxdı və artıq onlar Azərbaycanın Zəngəzur dəhlizi istiqamətində hansı şəkildə irəlilədiyini həyəcanla izləyirlər. Laçındakı nəzarət-buraxılış məntəqəsi quraşdırılarkən Azərbaycanın kimdənsə razılıq almayıb, sadəcə olaraq Bakı bu addımı atdıqdan sonra aktorlara nəticələri qəbul etdirmək üçün prosesi başladıb.
Azərbaycanın bundan sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı həmlələri diqqət mərkəzində olacaq, lakin buna qarşılıq olaraq İran regionda təhdid meyllərini yeni fazaya keçirə bilər. Dəhlizin kimin nəzarətində olması da maraqla izlənilir. Rusiya və Qərbin adı çəkilir, Çinin ambisiyaları da nəzərə çarpmaqdadır.
Bəli, vaxt keçdikcə özlərini regionda söz sahibi kimi təqdim edənlərin sırası da sıxlaşır. Amma zaman fərqli reallıqlar da yaradır. Bu gün regionda əsas söz sahibi Azərbaycandır. Şərti olaraq 6-lıq” adlandırılan region ölkələrinin məsələyə yalnız nizamlayıcı, sülhyaratma statusunda qoşula bilmək imkanları var. Dominantlıq isə Azərbaycana məxsusdur, çünki qalib ölkədir, dünyanın 3 nəhəng ölkəsinin 30 ilə etmədiyini, BMT TŞ-nin 4 qətnaməsini yerinə yetirən məhz Azərbaycandır.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB