"Moskvada tərəflər arasında ciddi razılıq əldə edilməzsə..." - POLİTOLOQ ŞƏRH ETDİ

"Moskvada tərəflər arasında ciddi razılıq əldə edilməzsə..." - POLİTOLOQ ŞƏRH ETDİ

"Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüş olduqca vacibdir. Xüsusilə, biz bilirik ki, bundan əvvəl ABŞ və Belçikada XİN başçıları və liderlər arasında görüş keçirilib və həmin görüşlərdə Azərbaycan və Ermənistan arasında sülh gündəliyimiz var, hansı ki, sülh gündəliyinə Rusiyada bir sıra yanaşmalar mövcuddur. Bəllidir ki, buna görə də Cənubi Qafqazda hazırda ciddi geosiyasi rəqabət gedir. Bu kontekstdə bizim üçün əslində fərqi yoxdur ki, iki tərəf arasında sülh hansı şəhərdə əldə olunacaq, əsas odur ki, bu sülh effektiv olsun və bu sülh danışıqları müqavilə ilə yekunlaşsın". Bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov SİA-ya açıqlamasında deyib.

"Azərbaycanın əsas istəyi bölgənin sabit bir regiona çevrilməsidir. Hazırda görünən odur ki, bir daha Azərbaycan-Ermənistan-Rusiya XİN başçıları ölkələrin baxış bucaqlarını bu məsələdə ortaya qoymuş olacaq. Məlumdur ki, son zamanlar Rusiyadan Laçın yolu, Qarabağın dağlıq hissələri ilə bağlı baş verənlərlə bağlı elə Xarici İşlər Nazirliyinin özü tərəfindən bəyanatlar səsləndirilib. Hansı ki, Azərbaycan XİN cavab olaraq reaksiya vermişdi ki, “orada heç bir blokadadan, humanitar təcriddən söhbət gedə bilməz”. Yəqin ki, bu görüşdə Ağdam, Ağdərə yolu vasitəsilə Azərbaycanın da lazım gəldiyi hallarda Qarabağın ermənilərinə kömək edə biləcəyi də qeyd ediləcək.

Qarabağın dağlıq hissəsində son zamanlar separatçıların açıq-aşkar bəyanatları, onların çıxışları, Ermənistanın baş naziri Nikol Paşinyanın imzalayacağı sənədi tanımayacaqlarını və onların heç zaman Azərbaycanın tərkibində olmayacaqları fikirləri birbaşa olaraq məsələnin Azərbaycan-Rusiya-Ermənistan görüşü səviyyəsində həllini tapmalı olduğunun çağırışıdır. Biz unutmayaq ki, Rusiyanın da üçtərəfli bəyanatda imzası var. Bəyanatda açıq şəkildə deyilir ki, erməni hərbi birləşmələri bölgəni tərk etməlidir. Lakin rus sülhməramlıları 2020-ci ilin noyabr ayından Qarabağda olmasına baxmayaraq, həmin vaxtdan bu yana keçən müddət ərzində biz erməni hərbi birləşmələrinin bölgədən çıxarılmadığının şahidi olmuşuq. Bu, həm də Rusiya sülhməramlılarının üzərinə düşən öhdəlikdir. Buna görə də bu məsələ Ermənistandan savayı Azərbaycan-Rusiya arasında da müzakirə predmeti olacaqdır. Azərbaycanın tələbi bundan ibarətdir ki, bölgəyə Ermənistanın sülh müqaviləsinin imzalaması ilə yanaşı, eyni zamanda, erməni hərbi birləşmələri də bölgəni təcili şəkildə tərk etməli, bölgə “V” inteqrasiya prosesinə qədəm qoymalıdır.

Amma biz görürük ki, müəyyən qüvvələr bu məsələyə maneçilik törədir, separatçılar arxayınçılıq nümayiş etdirirlər. Tərəflər və dialoqda iştirak edən vasitəçilər bilməlidir ki, Azərbaycan uzun müddət belə status-kvo ilə razılaşmayacaq. İstər rus sülhməramlılarının bölgədə qalıb-qalmayacağı ilə bağlı məsələlər, istərsə də erməni hərbi birləşmələrinin bölgəni tərk etməsi ilə bağlı, istərsə də digər məsələlərlə bağlı bizim tələblərimiz vardır. Azərbaycanın ərazi bütövlüyü isə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. Əgər bu gün Moskvada tərəflər arasında ciddi razılıq əldə edilməzsə, Azərbaycan-Rusiya arasında da fikir ayrılığı olacaqsa, bu o deməkdir ki, yaxın aylarda biz sülh müqaviləsinin imzalanması üçün əlverişli mühiti görməyəcəyik. Baxmayaraq ki, Nikol Paşinyan artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bir tək sənədi imzalamaq qalıb, görürük ki, müxtəlif tərəflərdən maneələr var. Buna görə də Bakı ciddi şəkildə Moskvadakı görüşü və buradan çıxacaq danışıqların yekun nəticələrini gözləyəcək", - politoloq qeyd edib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə