Qrantyeyənlərin "təhsil fondu” - ANALİZ

Mütəxəssislər qaranlıq niyyətli fond barədə nə düşünürlər?

Londonda İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası tərəfindən “Azərbaycan Gənclərinin Təhsil Fondu” adlı qurumu təsis edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Hər kəsi düşündürən bir sual var, bu fondun məramı və məqsədi nədir və onu niyə uzaq Britaniyada təsis ediblər? Bunun Azərbaycanla yaxından-uzaqdan nə əlaqəsi ola bilər? Və ən əsası, “təhsil fondu” adlanan qurum “alim və tələbələrin” təhsil və təcrübələri, elmi araşdırmaları üçün tələb olunan külli miqdarda vəsaiti hansı mənbələr hesabına formalaşdıracaq? Suallar çox, cavab isə yox...

Tutaq ki, vəsait, yəni para tapıldı, təhsil almaq istəyən də cəmillərin, ariflərin, qubadların “xeyirxah” əməllərindən faydalanaraq Avropanın tanınmış universitetlərində təhsil aldılar, bəs sonra? İnanmaq olarmı ki, gənclərin təhsilinə külli miqdar pul xərcləyən bu “fond” oxutdurduğu tələbələri Azərbaycan xalqına xidmət etmək üçün geri göndərəcək? Gəlin, sadəlöhv olmayaq, bu günün reallığı budur ki, məqsəd olmadan kimsə başqası üçün pul xərcləmək istəmir. Bir az da konkretləşdirsək, tələbələrin, alimlərin yetişməsi üçün pullar xərcləyənlər onların “ipini” də əllərində saxlamağa, istədikləri vaxt özlərinə xidmət etdirməyə çalışacaqları şübhəsizdir. Əslində “Fond”un təsisçiləri də bu incə üsuldan istifadə edirlər. Azərbaycanın savadlı gənclərini pulsuz təhsil vermək adı altında öz tərəflərinə çəkmək, çirkin oyunlarına şərik etmək, onların savadından, istedadından istifadə etmək layihənin əsas məqsədidir.

Qeyd edək ki, Londonda İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası tərəfindən “Azərbaycan Gənclərinin Təhsil Fondu” qeydə alınıb. Hələlik kağız üzərində olan bu qurumun təsisçiləri Milli Şuranın fəxri sədri, bu yaxınlarda ABŞ-dan qovulan tarix professoru Cəmil Həsənli, yeganə satqın diplomat statusunu daşıyan və xəyanət cəzasından yayınmaq üçün Avropa dövlətlərindən birinə qaçan Arif Məmmədov, o cümlədən iqtisadiyyatda heç bir uğur qazana bilməyən, əvəzində siyasi partiyasını da itirən Qubad İbadoğludur.

Bəs bu barədə ekspertlər nə düşünür?

Siyasi şərhçi Azər Həsrət bildirib ki, təhsil elə bir strateji məsələdir ki, burada özfəaliyyətə yer verilməməlidir: “Özəlliklə də öz dövlətinə deyil, xarici dövlətlərə bağlı adamlar Azərbaycan təhsilinə bu cür müdaxilə etməməlidir. Əlbəttə ki, kiməsə hansısa formada dəstək olmaq istəyirlərsə, bu başqa məsələdir. Lakin belə məsələlər Azərbaycan dövlətinin bilgisi çərçivəsində olmalıdır. Bildiyiniz kimi, uzun illər Azərbaycanda xüsusilə dini təhsil istiqamətində hərc-mərclik vardı. Yerindən duran hər kəs şübhəli ölkələrdə ali dini təhsil alır və yenidən qayıdaraq anti-Azərbaycan fəaliyyətlərə qurşanırdı. Belə şeylərə görə Azərbaycanın başı az ağrımayıb. Bu baxımdan düşünürəm ki, nəinki dini, ümumiyyətlə dünyəvi təhsil ilə bağlı da özfəaliyyətə yol verilməməlidir. Ona görə də Azərbaycan vətəndaşları bu cür adamların qurduğu "fond"a müraciət edərkən ciddi düşünməlidir. Eyni zamanda, dövlət də vaxtında öz xəbərdarlığını etməlidir”.

Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov: “Açığını deyim ki, cəmiyyətə gərəksiz hesab etdiyim bu adamların millətin xeyrinə, cəmiyyətin inkişafına xidmət edəcəklərinə inanmıram. Əslində, bu gün Azərbaycan cəmiyyətində gənclərin təhsil məsələsi prioritet məsələlərdəndir və bu baxımdan belə bir "fond"un yaradılması gözqamaşdırıcı hesab edilə bilər. Lakin yaradılan istənilən yeni təsisatın gələcəyi onu yaradanların kimliklərindən çox asılıdır. Bu baxımdan Cəmil Həsənli, Arif Məmmədov və Qubad İbadoğlu kimi adamların milli mənafelər naminə fəaliyyət göstərəcəklərinə inanmıram. Ola bilsin ki, belə bir "fond" yaradılması xaricdən verilən siyasi məqsədli sifarişlə bağlıdır. Yəni, Fətullah Gülənin "camaat" formalaşdırması yönündə fəaliyyət məqsədi ola bilər. Bu isə cəmiyyətin bütövlüyünü, birliyini pozmaq üçün ən səmərəli üsullardan biridir. Yəni, gəncləri bu "fond" vasitəsilə təhsilə cəlb etmək, xaricdən ayrılan vəsaitlər hesabına oxutmaq, sonra da müxtəlif dövlət strukturlarında yerləşdirərək hakimiyyətə təsir rıçaqları əldə etmək. Nəticə haqqında isə danışmağa ehtiyac görmürəm. 2016-cı ilin yayında qardaş Türkiyədə baş verən məlum “15 temmuz” hadisəsini xatırlasaq kifayətdir. Yəni, bu adamların millətin gələcək inkişafına xidmət edəcəklərinə şübhə etdiyim üçün bu qənaətdəyəm”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Bu, sadəcə, ölkədə vəziyyəti qarışdırmaq məqsədi daşıyır. Gəncləri xaricə göndərməklə guya onlara kömək etməyə çalışırlar. Özlərini qayğıkeş kimi göstərirlər. Amma Cəmil Həsənlinin yaratdığı "fond"a qoşulanlar olacaqsa, onlar bədbəxtdirlər. Mən bu addımı mənasız hesab edirəm. Həm xaricdə, həm də daxildə düşmənlərimiz çoxdur. Onlar hərtərəfli çalışırlar ki, ölkə başçısının apardığı uğurlu siyasətə maneçilik törətsinlər. Amma buna nail ola bilməyəcəklər. Nə qədər ki, bizlər varıq, imkan verməyəcəyik. Cəmil Həsənli ilk növbədə özü ağıllansın, daha sonra "təhsil fondu" yaratsın. Doğrudur, bizim təhsilimizdə bəzi nöqsanlar var. Bu sahədə müəyyən işlər aparılır. Qubad İbadoğlu, Cəmil Həsənli və digərləri qondarma "təhsil fondu" yaradaraq ölkədə ortalığı qarışdırmağa çalışırlar. Onların arxasında duran xarici qüvvələrdir, hansı ki, Azərbaycanın bugünkü gündə uğurlu siyasət aparmasına və regionda söz sahibi olmasına kölgə salmaq istəyirlər. Bu cür satqın adamların əli ilə buna nail olmaq istəyirlər”.

Deputat Tahir Kərimli isə məsələyə münasibətində qeyd edib ki, Cəmil Həsənli, Qubad İbadoğlu və Arif Məmmədovun "Azərbaycan Gənclərinin Təhsil Fondu"nu qeydiyyata saldırması qrant mənimsəmə oyunlarından başqa bir şey deyil: “Bu işləri yaxşı bilirəm. Xaricdəkilər Azərbaycanın daxili işlərinə qarışmaqdan ötrü ya insan hüquqları ilə əlaqəyə keçir, ya da ictimai işlər, QHT-lər yaradır və onları maliyyələşdirirlər. Əslində, iqtidara təsir yolları əldə edirlər. Həmin bu adamlar da gənclərin beynini yumaq, onları Qərbin istədiyi istiqamətdə yönəltmək istəyirlər. Cəmil Həsənli Azərbaycan hakimiyyətini və Prezidenti Ermənistana sərt mövqe tutmaqda ittiham edirlər. Bir vaxtlar deyirdilər ki, iqtidar deputatları xalqın xeyrinə danışmağa məcbur edir. Biz onları yaxşı tanıyırıq. Biz halal əməkhaqqımızı alırıq. Amma onlar belə qondarma fondlar yaradaraq qanunsuz maliyyələr əldə edirlər. Yaxşı bilirik ki, onlar hakimiyyətə gəlməkdən ötrü Rusiyadakı “Milyonerlər İttifaqı” ilə əlaqələr qurur. Biz neçə il işsiz olmuşuq, amma heç bir xarici dövlətə baş əyməmişik və onların oyuncağı olmamışıq. Cəmil Həsənli və digərlərinin yaratdığı fond gənclərin beynini yumaqdan, onları Qərbin mənfi siyasətinə inandırmaqdan başqa bir şey deyil".

Göründüyü kimi, “Təhsil Fondu” yaradanların “xeyirxah” əməlini kimsə təqdir etmir. Çünki, ictimaiyyətin fəal nümayəndələri, QHT və partiya sədrləri, media mütəxəssisləri adıçəkilən şəxslərin bu günə qədər keçdiyi “həyat yolu”nun xəyanətkarlıqlarla dolu olduğunu bilir, ona görə də gənclərimizi, gənc alimlərimizi avanturistlərin toruna düşməməyə çağırır.

V.SALAH

Bütün xəbərlər Facebook səhifəmizdə