Dövlət başçısının Sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinə 900 000 (doqquz yüz min) manat vəsait ayrılıb
Beynəlxalq idman arenasında özünə layiqli yer tutan Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Beynəlxalq yarışlarda iştirakı, eləcə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda yüzlərlə beynəlxalq yarışlar keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb.
Bütün bu və ya digər uğurlar və nailiyyətlərlə yanaşı, Azərbaycan idmançıları dünya ölkələrində keçirilən yarışlarda qalib olublar. Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün idmanımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə müstəqillik əldə etdikdən sonra bütün olimpiya oyunlarında bu idman növü üzrə medallar qazanılıb. Belə ki, Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Belə ki, bu yarışda idmançılarımız 16 medal qazandılar ki, onlardan 7-si qızıl medal idi. Bu da Azərbaycan güləşi tarixində rekord nəticə kimi tarixiləşdi. İdman tarixinin yaxın dövrünə nəzər salsaq görərik ki, dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm qələbələr qazanıblar. Olimpiya Oyunlarında Azərbaycan komandasının əldə etdiyi nəticələrə nəzər salsaq, çox böyük uğurların əldə edildiyinin şahidi olarıq. "Atlanta-1996"da 1, "Sidney-2000"də 3, "Afina-2004"də 5, “Pekin-2008"də 7, "London-2012"də 10 medal qazanan Azərbaycan komandası "Rio-2016" Yay Olimpiya Oyunlarında tarixi qələbəyə imza ataraq, 18 medal əldə etdi. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb.
Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin nəticəsi olaraq, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir.
Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir. Bir daha qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub. III Avropa Oyunları isə cari ilin iyun ayında Polşanın Krakov şəhərindən start görürdü. Olimpiya idman növü olan müasir beşnövçülük üçüncü Avropa Oyunlarının proqramına daxil edilib. Üçüncü Avropa Oyunlarında atletlər idmanın bu növü üzrə də medallar uğrunda mübarizə aparıblar.
İDMANÇILARIMIZA DİQQƏT VƏ QAYĞI
Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş "Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında" Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 900 000 (doqquz yüz min) manat vəsait ayrılıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq edəcəkdir.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Bu da gəncləri idmana olan marağını daha da artırır və mövcud şərait onları daha da ruhlandırır. Azərbaycan idmançıları bir daha dünyaya öz gücünü, bacarığını göstərdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB