Hazırda erməni cəmiyyətinin müəmmalı vəziyyətdə olduğunu təkzib etmək mümkün deyil. Ermənistan ictimaiyyəti özü də bunu etiraf edir ki, ölkələri çox ağır durumda, həmçinin müəmmalı vəziyyətdədir. Hətta erməni mediasında da qeyd olunur ki, dirəniş göstərməyin mənası yoxdur və Azərbaycanla, Türkiyə ilə sülhə alternativ tapmaq mümkün deyil.
Maraqlıdır, niyə belə bir qənaətə gəlinməlidir və nə səbəbə həqiqətən də Türkiyə və Azərbaycanla sülhün alternativi yoxdur? Hazırkı beynəlxalq vəziyyəti qiymətləndirmək belə kifayət edir ki, bu qənaətə gəlinsin. Heç bir dünya ölkəsi, heç bir beynəlxalq təşkilat Ermənistan üçün, daha doğrusu ermənilərin uydurma iddiaları, yaratdıqları mif üçün mübarizə aparmaq, yaxud öz imicini ayaqlar altına atmaq niyyətində ola bilməz. Üstəlik, Ermənistan elə bir durumdadır ki, dilemma ilə çıxış etməsi gülünc və absurd görünür. Səfalət, ehtiyac içərisində olan, yardımlar hesabına mövcudluğunu qoruyan, rüsvayçı şəkildə məğlub bir ölkə hansı iddiada ola bilər? Rəsmi İrəvan nəyi və hansı potensialı ilə imtiyaz axtarışında ola bilər? Həmin ölkə işğalçılıq siyasətindən başqa heç bir siyasət yürütməyib, beynəlxalq iqtisadi əlaqələrə sahib deyil, dünya ölkələri üçün də xüsusi maraq dairəsində olan ölkə sayılmırsa, nədən söhbət gedə bilər və hayların nəyə isə ümidi ola bilərmi?
Azacıq ağlı olan bir erməni dürüst şəkildə davranmağın vacibliyini anlamalıdır. Anlamalıdır ki, bacarıqlı olmaq, nailiyyət əldə etmək dirəniş göstərmək, proseslərə mane olmaq demək deyil. Bilməlidir ki, erməni xalqının maraqlarını nəzərə almaq üçün, ilk növbədə, erməni cəmiyyəti üçün real imkanlar barədə düşünmək, utopiyadan uzaq olmaq, ən doğru addımlar atmaq gərəkir. Bu barədə artıq Ermənistana məxsus mətbuat səhifələri də hərdən yazırlar. Yazırlar və etiraf edirlər ki, bundan sonra ən doğru addım atmaq lazımdır və bu addım məhz Azərbaycanla, eləcə də Türkiyə ilə sülh şəraitində yaşamaqdır. Artıq reallıq ortadadır və həqiqətən də Azərbaycanla və Türkiyə ilə sülhə başqa alternativin olmadığı göz önündədir, sözsüz ki, bunu dərk edənlər, başa düşənlər üçün.
Sözsüz ki, bu gün erməni cəmiyyətində hələ də uydurma iddiaları dövriyyəyə buraxıb bundan öz məqsədləri üçün istifadə etmək niyyətində olanlar var və suyu bulandıranlar da onlardır. Şəxsi mənafeləri naminə, hakimiyyət üçün erməni xalqını çaşdıranlar yalnız özlərini düşünürlər. Absurd fikirlər səsləndirənlər, sərsəm bəyanatlar verənlər üçün erməni xalqının hazırkı durumu da, gələcəyi də maraqlı deyil. Əks halda buna rəvac verməzdilər, çünki indi hər kəs başa düşür ki, işğalçılıq siyasəti Ermənistana heç nə verməyib. Hamı fərqindədir ki, qondarma iddialar, uydurma miflər haylara yalnız zərər verib və bundan sonra belə iddialar, miflər onlara yalnız fəlakət vəd edə bilər. Qonşu dövlətlərlə sülh şəraitində yaşamaqdan başqa çıxış yolu olmadığını etiraf edənlər, bunun alternativi olmadığını bildirənlər isə doğru qənaətdədirlər.
"İrəvan ilkin şərt olmadan qonşuları ilə münasibətləri normallaşdırmağa hazırdır", deyən Ermənistan prezidenti Vaaqn Xaçaturyan Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşündə öz mövqeyini ən azından belə ifadə edib. Erməni xislətini nəzərə alsaq, onun nə düşündüyünü söyləmək çətindir, amma ən azından ifadə olaraq bu, çox düzgün ifadədir. Əslində, çox acınacaqlı məğlubiyyət acısı dadan, Azərbaycanın qarşısında diz çökərək təslimiyyət, kapitulyasiya sənədinə imza atan bir ölkənin prezidenti çoxdan bu qənaətdə olmalı idi. Çünki çıxış yollarının olmadığı, sülhə alternativin olmadığını anlaması üçün onun da kifəyət qədər zamanı olub. Ən azından 2020-ci ilin noyabr ayından bu zamana qədər öz ölkəsinin təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlubiyyətlərini izləyən bir ölkə prezidenti çoxdan belə bir şəkildə çıxış etməli, sülh yolundan başqa yolun olmadığı haqda etiraflar etməli idi. Ölkəmizin həm mükəmməl qələbəsini, həm də qüdrətli dövlətə çevrilməsini, ümumiyyətlə, Azərbaycan-Türkiyə tandeminin gücünü nəinki dövlət rəhbərləri, ən sıravi erməni də görməyə bilməzdi. İndi sülhdən başqa yollarının olmadığını etiraf edənləri, sadəcə, gördüklərini boyunlarına alanlar adlandırmaq da olar, çünki digərləri ancaq özlərini aldadanlardır.
Vaaqn Xaçaturyanın sözlərinə cavab olaraq, Ştaynmayer də öz növbəsində qeyd edib ki, rəsmi Berlin ancaq sülhə nail olmaq səylərini yüksək qiymətləndirir. O, xüsusilə vurğulayıb ki, Almaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatlara əhəmiyyət verir. Ştaynmayer Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatı münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab etdiyini də vurğulayıb. Almaniyanın, Ermənistanla Türkiyə və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını istədiyini qeyd edən Ştaynmayer dolayısı ilə bəyan etmişdir ki, sülh ən doğru seçimdir və məhz Berlin də bu yolu dəstəkləyir.
Əslində, dünyanın ən qabaqcıl ölkələri, həmin ölkə rəhbərləri də görürlər ki, çıxış yolu yalnız sülh yoludur. Bilirlər ki, Türkiyə və Azərbaycanla düşmənçiliyi daha da təbliğ edən qüvvələrin ardınca getmək nə deməkdir və bu, haylara necə ağır başa gələ bilər, necə ki, gəlib. Bəlkə də diplomatik görüşlər fonunda hər bir ölkə rəhbərinin imkanı olsaydı, yəni buna etik normalar yol versəydi, Ermənistan hakimiyyətindən soruşardı ki, Türkiyə və Azərbaycanla düşmənçiliyi daha da təbliğ edən qüvvələrin ardınca getmək onlar üçün nəyə gətirib çıxaracağını bilmirlərmi və bildikləri halda niyə hələ də sülh məsələlərinə maneələr yaradırlar? Həqiqətən də, nəyə ümid edə bilərlər axı? Hansı alternativ ola bilər? Belə bir alternativ yoxdur axı.
Hansısa manipulyator qondarma “erməni soyqırımı”ndan dəm vurur, digəri uydurduqları tarixi torpaqlardan yalandan ağız dolusu danışır və erməni cəmiyyətinin beynini zəhərləməkdə davam edir. Bunun mənası yoxdur və bu zamana qədər həmin qorxulu nağıllara görə haylar ancaq zərərlə, itgilərlə qarşılaşıblar. Olmayan bir qondarma “erməni soyqırımı” kim tərəfindən tanınar? Hansısa ermənipərəst elə məhz erməni dəyirmanına su tökmək və nəticədə də öz dividentini əldə etmək üçün belə bir sayıqlamalara inandığını deyə bilər, amma özü belə inanmaz. Yaxud Türkiyə belə bir qondarma iddianı qəbul edə, tanıya bilərmi? Buna inanmağa, bunu iddia etməyə, kimləri isə inandırmaq cəhdlərinə axmaqlıqdan başqa nə ad vermək olar? Yaxud, Türkiyənin hansısa uydurma “soyqırım” adlı yalana görə təzminat ödəyəcəyi ümidi xəstə təxəyyül deyilmi? Türk milli mənsubiyyətli insanlara qarşı soyqırım siyasətini yürüdənlərin özlərinin soyqırıma məruz qaldıqlarını iddia etmələrinə ad qoymaq olmur.
Hansı tarixi erməni torpaqlardan dəm vurduqlarını özləri də bilməyənlər hansı torpaqların qaytarılacağını iddia edə bilərlər? Haradadır o tarixi torpaqlar? Qafqaza köçürülən hayların, özü də köçəri bir tayfanın tarixi torpağı ola bilərmi? Guya haylar bunu bilmirlər? Bilmirlərmi ki, onlara məxsus olan torpaq yoxdur? Bilmirlərmi ki, hazırda məskunlaşdıqları ərazilər belə tarixi Azərbaycan torpaqlarıdır? O halda nəyin qaytarılacağı barədə iddia etdiklərini özləri də bilə bilməzlər. Həmçinin Türkiyə dövlətinə məxsus ərazilərə də haqsız olaraq iddialı olanlar nəyə ümid edirlər? Türkiyə dövlətinin öz torpaqlarını haylara pay verəcəyini düşünürlər, yoxsa elə zənn edirlər ki, buna türkləri məcbur edə bilərlər? Hansı rakursdan baxsaq, məsələnin, iddiaların absurd olduğu özünü göstərir. Türkiyə hansısa bir geridəqalmış Afrika ölkəsi deyil ki, təzyiq edib torpaqlarına sahib çıxmaq olsun. Bunu fransalı bacılarına ümid edənlər də dərk etməlidirlər. Türkiyə çox güclü, qüdrətli dövlətdir, dünyada söz sahibi olan bir neçə dövlətdən biridir, haqqını kimsə əlindən ala bilməz və bu ölkəyə hansısa təzyiqlərə bel bağlamaq belə səfehlikdir. Həmçinin Azərbaycan barədə də eyni sözləri söyləmək olar və ölkəmizin hansı gücə, potensiala sahib olduğu bəllidir. Haylar bizə mənsub olanı mənimsəyə bilməzlər, çünki buna imkan verilməz və Azərbaycan qüdrətli bir dövlət olaraq onların məkrli niyyətlərinin qarşısını almaq əzmindədir. Üstəlik, haylar da, onların bütün dünyaya səpələnən lobbiləri, diasporları da, bütövlükdə ermənipərəstlər, erməni havadarları da Azərbaycan-Türkiyə tandemi qarşısında acizdirlər. Bunu 44 günlük müharibə dönəmində hər kəs gördü və özləri daha çox buna əmin oldular. Azərbaycandan hansısa ölkənin nə isə tələb etməsi mümkünsüzdür. ABŞ və Avropa İttifaqı indi yalnız Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan erməni əsillilərin hüquqları barədə söz açırlar və hansısa imtiyazdan da söhbət gedə bilməz. Elə həmin o ABŞ da, Avropa İttifaqı da sülh barədə razılıdan danışır və bu fonda Azərbaycanın maraqlarının qorunması çərçivəsində sülhü dəstəkləyir. Rəsmi Bakı elə əvvəlcədən bəyan edib ki, Azərbaycan qanunlarını qəbul edən hər kəs ölkə vətəndaşlığı əldə edə bilər, əks halda ərazilərimizi tərk etməlidir. Bir sözlə, yalnız sülh şəraitində, qarşılıqlı anlaşma şəraitində birgəyaşayışın mümkünlüyündən söhbət gedə bilər və buna alternativi axtarmağa belə dəyməz.
Bəli, Ermənistanın baş naziri Nikol Paşinyan sadalanan bütün bu reallıqları anlayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Doğrudur, düzünü desək, bu, məcburi addım olaraq qəbul edilir, çünki çıxış yolunun olmadığını indi özü daha yaxşı bilir. Əks halda, həmin o sərxoş halda qol qaldırıb Azərbaycan torpaqlarında oynaqlayan biri yenə də axmaq, sərsəm fikirlər səsləndirər, mənasız, absurd bəyanatlar verərdi. İndi o çox yaxşı başa düşür ki, nə ölkəsi ölkəmizin qüdrəti qarşısında tab gətirə bilər, nə də Azərbaycan-Türkiyə tandemi qarşısında səsini belə çıxara bilməz. Yaxşı başa düşür ki, ölkəmizlə yeni müharibədə müqavimət göstərməyə belə gücü çatmaz. Üstəlik, dünyanın heç bir dövləti yeni müharibədə Ermənistanın tərəfində vuruşmaq niyyətində deyil. Ermənistan ABŞ və Avropanın gözündə Ukrayna kimi görünmür. Onlar üçün Ermənistan heç də vacib ölkə sayılmır və Rusiya ilə məsələlərə də aidiyyatlı görünmür deyə hayların yardım, dəstək gözləməsi dəryada balıq sevdasından başqa bir şey ola bilməz. İndi Ermənistan qlobal müstəvidə axına qarşı üzə bilməz. Məsləhətdir ki, yalnız axın boyunca üzməyi planlaşdırsın və bütün dünyanın gözlədiyi sülhə tərəf addımlasın. Çünki sülhdən başqa alternativi də yoxdur, əks halda, yəni axına qarşı üzmək niyyətinə düşsə batmaq təhlükəsi ilə üzləşə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB