"Türkiyə-Azərbaycan münasibətləri dünyada analoq tanımır" - SİYASİ ŞƏRHÇİ BİLDİRDİ

"Türkiyə-Azərbaycan münasibətləri dünyada analoq tanımır" - SİYASİ ŞƏRHÇİ BİLDİRDİ

“Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü durumu dünyada onun müqayisəsini aparmağı mümkün edən ikinci bir analoq tanımır. Bu münasibətlərin hüquqi qanunvericilik əsasları kifayət qədər işlənib, eyni zamanda, əməkdaşlığın dinamik artım tempi təmin olunub və dövlətlərin, xalqların həyatlarının bütün istiqamətlərini əhatə edən əməkdaşlıq mexanizmləri artıq qurulub. Siyasi, iqtisadi, diplomatik sahələrdə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səviyyəsində Azərbaycan - Türkiyə münasibətləri çox böyük yol keçib. Qarşıda da böyük perspektiv gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan dövlət başçılarının münasibətləri yüksək səviyyədə, anlaşıqlı çərçivədədir və şəxsi münasibətlərin yaxşı səviyyədə olması dövlətlər arasında həm bu gün inkişafa yönəlik istiqamətləri asanlıqla aşkar etməyə imkan verir, həm də bu münasibətlərin və əməkdaşlığın sabahına böyük təminat yaradır: “Hərbi sahədə böyük əməkdaşlıq var, investisiyaların qarşılıqlı yönəldilməsi sahəsində Türkiyə-Azərbaycan əlaqələri dünyada analoq tanımır. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi bu gün artıq 6 milyarda çatmaq üzrədir ki, onu da yaxın vaxtlarda daha böyük səviyyələrə çatdırmağa hər iki ölkənin planı var. İki ölkə arasında humanitar, mədəni əlaqələr yüksək səviyyədədir, xüsusilə də biz Vətən Müharibəsində Azərbaycan-Türkiyə əməkdaşlığının nə qədər dərin və pozulmaz olduğunun şahidi olduq”.

A.Quliyev sözlərinə davam edərək bildirib ki, dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın təmsil olunmadığı kürsülərdə Türkiyənin, Türkiyənin təmsil olunmadığı kürsülərdə isə Azəbaycanın dostcasına öz qardaşının mövqeyini müdafiə etdiyini görmüşük: “Bütün bunlar iki ölkənin münasibətlərinin təmənnasız, dost, qarşılıqlı yardım xarakeri daşıdığını bir daha nümayiş etdirib. Vətən Müharibəsindən sonra xüsusilə, hərbi əməkdaşlıq genişlənib. Bu da təsadüfi deyil. Çünki artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş bir ölkə olaraq istənilən bir ölkə ilə hərbi, siyasi, diplomatik sahədə müxtəlif istiqamətlərdə münasibətləri qurmaq və inkişaf etdirmək imkanına malikdir. Bunun üçün heç kimin qarşısında hesabatçı deyil və məsuliyyət də daşımır. Türkiyə-Azərbayan münasibətlərinin bugünkü səviyyəsi dünyada analoq tanımır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə