Şuşa Bəyannaməsinin mahiyyəti nədən ibarətdir? - RƏYLƏR

Şuşa Bəyannaməsinin mahiyyəti nədən ibarətdir? - RƏYLƏR

"Şuşa Bəyannaməsinin mahiyyəti çox böyükdür. Hesab edirəm ki, təkcə Azərbaycan-Türkiyə üçün deyil, bu addım Türk dünyasına gedən yolun möhkəmləndirilməsi üçün böyük bir addım oldu". Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Elçin Abdullayev bildirib.

Onun sözlərinə görə, bu bəyannamə de-yure imzalansa da, de-fakto Azərbaycanla Türkiyənin gələcək hədəflərə çatması baxımından konfederasiya xarakterlidir: "Bəlkə də de-fakto olaraq bağlanmış bu bəyannaməni saziş kimi də qəbul etmək olar. Çünki iki qardaş ölkənin öz hədəfləri var. Bu hədəflər əsasən Böyük Türk Dünyasına gedən yolun üzərində qurulub. Ümumiyyətlə Şuşa bəyannaməsini mühüm, əhəmiyyətli hesab edirəm".

Məsələdən daha yaxından hali olmaq üçün politoloq Elxan Şahinoğludan da açıqlama aldıq: "Şuşa bəyannaməsinin ikinci ildönümü qeyd olunur. Bu Azərbaycan-Türkiyə ittifaqı üçün çox vacib bir bəyanatdır. Bu bəyanat Türkiyənin Azərbaycana dəstəyini, onun hərbi varlığını təsdiq edir. Şuşa Bəyannaməsi müttəfiqliyin bariz nümunəsidir. İqtisadi, hərbi-sənaye əməkdaşlıq sürətlə möhkəmləndirilir, inkişaf etdirilir. Bundan əlavə Şuşada baş konsulluq açılacaq. Bu da bəyannamənin əsas şərtlərindən biridir. Artıq Azərbaycana qarşı heç bir dövlət açıq-aşkar təxribat törətməyə risk etmir. Çünki qarşısında Türkiyəni görür. Şuşa Bəyannaməsinin əsas mahiyyəti məhz bundan ibarətdir".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə