"Təxribatların başında Rusiyanın hazırkı proseslərdən narazı olması dayanır" - SƏDR DANIŞDI

"Təxribatların başında Rusiyanın hazırkı proseslərdən narazı olması dayanır" - SƏDR DANIŞDI

"Həm Azərbaycan-Ermənistan şərti sərhədində, həm də Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı qüvvələri tərəfindən zaman-zaman atəşkəsin pozulması, Azərbaycanın mövqelərinin intensiz atəşə tutulması baş verir. Amma son günlərdə bu halların xarakteri bir qədər fərqlidir. Şuşadakı mövqelərimiz və Naxçıvandakı Azərbaycan mövqeləri iriçaplı silahlardan, pulemyotlardan atəşə tutulur. Bununla bağlı yalnız Ermənistan rəhbərliyinin qərar verdiyini düşünmürəm". Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, burada maraqlı olan bir sıra qüvvələr var ki, onlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsinə nail olunmasını istəmirlər: "Məqsəd ondan ibarətdir ki, onlar Cənubi Qafqazda varlığını konfliktlə saxlamağa çalışırlar. Həmin qüvvələrin başında Rusiya dayanır. Hazırda Azərbaycan və Ermənistan arasında gedən danışıqlar, əldə edilən razılaşmalar sözsüz ki Rusiyanın ürəyincə deyil. Ümumiyyətlə, Rusiya istəyir ki, bundan sonrakı münasibətlər dondurulmuş vəziyyətdə davam etsin. Bu baxımdan bugünkü gündə baş vermiş təxribatları həm də Rusiyanın bu istəklərinin nümunəsi kimi qəbul edə bilərik. Təbii ki, Ermənistan ordusunda da Rusiyanın təsir imkanları çox böyükdür".

Sədr sözlərinə davam edərək bildirib ki, Qarabağda mövcud olan qanunsuz erməni silahlı dəstələri isə birbaşa Rusiyanın göstəricilərini yerinə yetirir: "Qarabağda daxili mövqelərə yüklərin, silahların daşınması rus hərbçilərinin müşayiəti ilə baş verir. Ona görə müşayiət edirlər ki, Azərbaycan hərbçilərinin hədəfinə çevrilməsinlər. Hesab edirəm ki, bütün bu təxribatların başında Rusiyanın hazırkı proseslərdən narazı olması dayanır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə