“Ermənistan bir dövlət kimi sıradan çıxmaq istəmirsə,…” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistan bir dövlət kimi sıradan çıxmaq istəmirsə,…” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistan Silahlı Qüvvələri və Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədə hələ də mövcud olan qanunsuz erməni silahlıları tərəfindən atəşkəs tez-tez pozulur. Ordumuzun cavab tədbirləri ilə düşmən təxribatlarının qarşısı alınır. Bu günlərdə də düşmənin Füzuli və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.


Onun sözlərinə görə, lakin baş verənlər onu deməyə əsas verir ki, düşmən sanki təslim olmadığını göstərməyə, sülh danışıqlarında daha artıq imtiyaz əldə etməyə çalışır: “Ermənistan havadarlarına güvənərək təslim olduğunu təsdiq edən 1 noyabr 2020-ci il üç tərəfli bəyanatına əməl etmir, Vətən savaşına qədərki mövqelərinin bərpa olunacağına ümid edir. Rəsmi İrəvanı Azərbaycanla sülhü ləngitməyə vadar edən revanşist qüvvələr və bölgədə marağı olan güclərdir. O güclər böyük nəqliyyat dəhlizi olan Zəngəzur yolunun açılmasına qarşıdır. Bundan başqa revanşist qüvvələr, Paşinyan iqtidarına təsir gücü saxlayan diaspora Azərbaycanın Böyük Qayıdış layihəsinin gerçəkləşməsini istəmir. Mümkün qədər bölgədə sabitliyə güvənsizlik yaratmaq istəyirlər. 30 il işğalda qalmış ərazilərimiz mina ilə çirkləndirilib. Bu ərazilərin təmizlənməsi onsuz da çətin, bahalı və vaxt aparan işdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri aparması, əhali ilə məskunlaşdırması təkcə bizim ölkədə deyil, ümumilikdə bölgədə böyük inkişaf səbəb olacaq. Regionda həyat qaynayacaq. Bu, həm də böhran içərisində olan, əhalisi yoxsulluq içində yaşayan Ermənistanın xeyrinədir”.

Elman Cəfərli sözlərinə belə davam edib: “Əslində, Nikol Paşinyan hakimiyyəti ölkənin ağır durumda olduğunu anlayır. Çünki son dövrlər dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər və yaranmış mövcud durum Ermənistana ciddi ziyan vurub. Rusiyada rublun dəyərdən düşməsi Ermənistan üçün böyük fəlakət deməkdir. Üstəlik, son hesablamalara görə, Ermənistanın xarici borcu artıq 10 milyardı ötüb. Ölkə defoltun astanasındadır. Ermənistan nəhayət çox qısa zamanda dərk edəcək ki, artıq geridönüş mümkün deyil. Bölgə yeni geopolitik reallıqlar yaranıb. Bu ölkə əgər iqtisadi böhrandan çıxmaq istəyirsə, bir dövlət kimi sıradan çıxmaq istəmirsə mütləq Azərbaycanlda daimi, qalıcı sülhə imza atmalı, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə