Ermənistanın mövqeyində qeyri-adekvatlıq – TƏHLİL

Ermənistanın mövqeyində qeyri-adekvatlıq – TƏHLİL

Son zamanlar dünyanın diqqətindən yayınmayan danışıqlar, daha dəqiq desək, Azərbaycanla Ermənistan arasında sülh məsələləri ilə bağlı müxtəlif platformalarda keçirilən görüşlər sülh müqaviləsinin imzalanmasına hesablansa da, rəsmi İrəvanın sülhə zidd mövqeyi ciddi nəticələrin əldə olunmasına maneə olaraq qiymətləndirilir. Hər dəfə keçirilən görüşlərdə Ermənistan tərəfi əsas məqsəddən yayınmağa şalışır və bu mövqeyi həmin ölkə hakimiyyətinin sülh danışıqları ilə bağlı verdi bəyanatları ilə qeyri-adekvat hesab olunur.

Sözsüz ki, gah Qərbə, gah da Rusiyaya əl açan Ermənistan əvvəlcə birinə, sonra da digərinə mənasız yerə ümid etməklə ilk öncə özünü aldadır. Çünki bununla prosesləri ləngidir və düşdüyü vəziyyəti daha da qəlizləşdirir. Etiraf etmək lazımdır ki, 2020-ci ilin 10 Noyabr Bəyanatından sonra sülhə doğru xeyli irəliləyiş müşahidə olunub, hərçənd bu, kifayət qədər deyil. Məhz elə kifayət qədər olmayan irəliləyiş rəsmi İrəvan üçün arzuolunan nəticələr vəd etmir, hansıki biz bunu onsuz da müşahidə etməkdəyik. Paşinyan hakimiyyəti hər dəfə fərqli ritorika ilə çıxış etdikcə, Ermənistan sülhə zidd addımlar atdıqca, Azərbaycan beynəlxalq hüququn norma və prinsplərinə zidd olmayan şəkildə, haqq və hüquqlarından istifadə edərək strateji mövqelərini irəli çəkib, hansıki sonda ermənilər buna görə yuxularını da qarışdırıblar. Çünki bilirlər ki, Azərbaycanın gücü, qüdrəti, potensialı qarşısında acizdirlər və onlar deyinməkdən başqa çarələrinin olmadığını da artıq çoxdandır anlayırlar.
Maraqlıdır, Ermənistan tərəfi məhz mövqeyini köklü şəkildə dəyişməklə, prosesə mane olmamaqla sülh üçün düzgün imkanlar aramalı olduğu halda, hələ də qeyri-adekvat addımlar arayır. Məsələn, revanşizm kimi axmaq ideyaları ortaya atan haylar sadəcə suyu bulandırır, prosesi ləngidir, maneçilik yaradırlar. Halbuki, sülh sazişi onların özlərinə daha çox, hətta hava-su kimi lazım olandır. Çünki, onsuz da Azərbaycan istədiklərinə lazım olacağı təqdirdə hərbi yolla da nail ola bilər və bilir də, amma Ermənistan haqqında bunu demək mümkün deyil. Nəinki mümkün deyil, təcrübə göstərir ki, dəfələrlə buna cəhd edən Ermənistan layiqli cavabını alaraq yerində oturdulub. Danışıqlar masasında az da olsa mövqe qazanmaq üçün danışıqlardan öncə törətdikləri təxribatlar zamanı lazımınca susdurulduqları sirr deyil. Özü də 44 günlük müharibədən və hayların rüsvayçı məğlubiyyətindən sonra hansısa revanşizm istəyinə düşmək həm axmaqlıqdır, həm də milləti məhvə sürükləmək. Çünki heç bir resursu, arsenalı, hərbi potensialı, gücü, büdcəsi belə qalmayan səfil bir ölkənin belə bir xülyaya düşməsi özü-özünü məhv etmək strategiyasından başqa bir şeyə bənzəmir.

Sülh sazişi bağlamaq istəyən tərəf heç zaman hansısa dövlətin, özü də İran kimi, Fransa kimi bir dövlətin pozucu fəaliyyətinə müraciət etməzdi. Amma biz illər boyu bunun əksini müşahidə etdik. Müşahidə etdik ki, Ermənistan bir tərəfdən guya sülh sazişinin bağlanmasına tərəfdar olduğunu bəyan edir, digər tərəfdən sülhə mane olmağı ən ümdə vəzifə hesab etdiyini gizlətməyən molla rejiminin dəstəyinə, eləcə də separatçılıqda özlərindən geri qalmayan fransız bacılarının köməyinə bel bağlayır. Biz sözlə, sülh sazişi ilə bağlı rəsmi İrəvan bu zamana qədər qeyri-adekvat addımları ilə diqqəti çəlb edib və indi də belə olduğu hamıya bəllidir. Əks halda, haylar sülh sazişinə gedən yolu müvəqqəti proses kimi qəbul etməz, müxtəlif manipulyasiyalara əl atmazdılar. Bunu görmək üçün xüsusi bacarığa sahib olmaq tələb olunmur və hayların gah birinin, gah da ona əks tərəfin əlinə oynamaları müvafiq qənaətə gəlmək üçün kifayət edir.

Rəsmi İrəvan hələ də dərk etməkdə çətinlik çəkir ki, Azərbaycanın sülhə dair şərtləri qətiyyən dəyişən deyil və Bakının buna siyasi iradəsi çatır. Sərhədlərin delimitasiyasından tutmuş, Zəngəzur dəhlizi layihəsinə qədər Azərbaycanın mövqeyi, şərtləri dəyişməz olaraq qalır və haylar artıq dəfələrlə şahidi olurlar ki, bunun dəyişdirilməsi mümkün deyil. Əslində, haylar bilməlidirlər ki, ən yaxın zamanda hətta Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri dönüşünə qədər kəskin şərtlər Ermənistan qarşısında qoyula bilər. Ümumiyyətlə, Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri dönüşünü rəsmi Bakı vahid sülh paketində cəmləşdirməyi belə hədəfləyə bilər. Əslində, belə də olacaq. Çünki Qərbi azərbaycanlıların qayıdışı məhz Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyasından sonrakı mərhələ olaraq görülür, hansıki bunu məntiqi nəticə olaraq proqnozlaşdıranlar da az deyil. Onların fikrincə, köç prosesi sülhün elementi olaraq qəbul ediləcək və əgər Ermənistan Azərbaycanın delimitasiya şərtləri, Zəngəzur dəhlizinin açılması tələbləri ilə razılaşmasa, onda hərbi ssenarilərlə məqsəd reallaşdırılacaq və İrəvan yekunda nəticələrlə zorla razılaşmaq məcburiyyətində qalacaq. Məsələ burasındadır ki, Ermənistan tərəfi bunları sanki dərk etmək istəmir, ya da dərk etmir. Əks halda, vəziyyətini daha da qəlizləşdirmək üçün təhlükəli oyunlara baş vurmazdı. Elə bütün bunlar məhz rəsmi İrəvanın qeyri-adekvat addımlar atdığı qənaətinə gəlməyə əsas verir.

Təzad və qeyri-adekvatlıq ondan ibarətdir ki, bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında danışıqlar intensivləşir, erməni baş nazir sülhdən dəm vurur, digər tərəfdən mövcud hərbi vəziyyət olduğu kimi qalır. Xüsusilə, Kişinyovda keçirilən danışıqlardan sonra sərhədin bir neçə istiqamətində Ermənistan tərəfinin atəş açması deyilənləti təsdiq edir. Sülh danışıqları aparmaq ilə gərginik yaratmaq qətiyyən bir araya sığmır, amma görünür Ermənistan tərəfi üçün bu uyğunsuzluq adi hal hesab olunur. Əks halda, ən azından danışıqlar prosesi fonunda bunu dünya müşahidə etməzdi. Eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki separatçıların təxribatlara ara verməmələri də sülh danışıqları prosesi ilə bağlı rəsmi İrəvanın göstərmək istədikləri ilə qətiyyən üst-üstə düşmür. Belə bir vəziyyətin Ermənistan tərəfindən yaradılması sülh modeli üçün əlbəttə ki, qeyri-adekvatdır. Həm də axı belə bir vəziyyət gələcək hərbi eskalasiya risklərinin artması deməkdir və bu da sülh danışıqları ilə bağlı situasiya üçün təzad olaraq görülür. Çünki bu vəziyyət danışıqlar üçün diplomatik proseslərin canlandırılması baxımından tamamilə əks və mənfi təsirə malikdir.

Sözsüz ki, Azərbaycanın istər hərbi-siyasi, istər diplomatik, istərsə də strateji üstünlükləri açıq-aşkar bəllidir və hamı tərəfindən etiraf olunur. Bunu heç təkzib etmək də mümkün deyil və Fransa kimi ermənipərəst dövlət belə buna cəhd etməyib. Çünki hər kəs üçün sirr deyil ki, ölkəmizin hər mənada üstünlükləri ona həm sülh danışıqlarında, həm də mümkün eskalasiya variantlarında nailiyyətlər vəd edir və dəfələrlə bunun şahidi də olmuşuq. Xatırladaq ki, 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş toqquşmalardan sonra formalaşan mənzərə belə qənaətə gəlmək üçün kifayət edir. Ermənistan gah Fransanın, gah İranın, gah da hansısa ölkənin gündəminə arxayın olub, sülhə zidd olan mövqelərindən çəkinmədikcə, Rusiyanın, Qərbin regional gündəmlərinə həm bel bağlayıb, həm də ona arxa çevirmək prinsipindən əl çəkmədikcə regionda mütləq sülhdən danışmaq inandırıcı səslənmir. İyulun 21-i tarixi üçün planlaşdırılan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkil edəcəyi Brüssel görüşünə hazırlaşıldığı bir vaxtda regionda cərəyan edən hadisələr, sərhəddəki insidentlər heç də adekvat deyil və bu qeyri-adekvatlıq məhz Ermənistana məxsusdur, çünki insidentləri də təxribatları da törədən tərəfdir. Buna baxmayaraq, Ermənistan onsuz da sülhə məcbur ediləcək və çox aciz bir şəkildə, eyni ilə kapitulyasiya sənədini imzaladığı kimi, Nikol Paşinyan həmin sənədi də imzalayacaq. Çünki Qarabağdakı erməni separatçılarının silah təminatı yolu qapalı olduğu halda, Azərbaycan sərhədçilərinin Laçın yolunun Ermənistanla birləşən nöqtəsində keşik çəkərək Qarabağa giriş-çıxış üzərində hüquqi nəzarət həyata keçirdikləri təqdirdə hayları tam çarəsiz vəziyyətdə qalmış sayılırlar, hərçənd törətdikləri təxribatlar bu vəziyyətlə də üst-üstə düşmür, qeyri-adekvatlıq təşkil edir. Amma bilmələri gərəkir ki, bununla öz vəziyyətlərini daha da mürəkkəbləşdirmiş olurlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə